Cəmiyyət

Qazanclı, lakin əziyyətli peşə

11 İyun 2013 18:27
0 Şərh     Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xalçaçılıq çox qədim tarixə malikdir. Hələ bizim eradan əvvəl IV-III yüzillikdə Azərbaycan ərazisində Gültəpə qazıntıları zamanı xalçaçılıqda işlədilən alətlər, boyaq maddələrinin izləri aşkar edilib. Sovet dövründə Azərbaycan xalçaları dünya muzeylərində "Qafqaz", "İran" və bəzən də "Ermənistan" xalçaları adı ilə nümayiş etdirilib.

Bu gün Azərbaycan xalçaları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı sarayı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan Xalçaları Muzeyini və Azərbaycan Tarixi Muzeyini bəzəyir. Bu gün ölkənin bir çox bölgələrində, eləcə də Bakının kəndlərində evlərdə müxtəlif xalçalar toxunur. Professional xalça toxuculuğu ilə isə "Azər-İlmə" MMC məşğul olur. "Azər-İlmə"öz fəaliyyəti ilə dünya sivilizasiyasının maddi və mədəni sərvətlərinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalça sənəti ənənələrini yaşadır, inkişaf etdirir və bütün dünyada satışı vasitəsi ilə təbliğinə çalışır. Xalçaçılığın ocağına çevrilmiş "Azər-İlmə" 1996-cı ildə fəaliyyətə başlayıb. Hazırda burada 500-dən çox işçi çalışır.

"Azər-İlmə" MMC-nin direktoru Vidadi Muradovun sözlərinə görə, burada unudulmaqda olan çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının bədii ənənələrini gələcək nəsillərə çatdırılması, Azərbaycan xalçasının dünya miqyasında ticarətini təşkil etməklə layiqli təbliğinə nail olunması üçün işlər görülür. "Azər-İlmə" Qazax, Borçalı, Göyçə, Zəngəzur, Ağbaba, Dərəçiçək, Paşalı, Cəlaloğlu, Hamamlı, Şərur-Dərələyəz, Dərbənd, Təbriz, Ərdəbil, Sərab və başqa tarixi ərazilərində xalq sənətkarları tərəfindən toxunulmuş xalçaların bədii və texniki xüsusiyyətlərini yaşadır. Eyni zamanda burada istehsal edilən xalçalar müasir üslublu və texnoloji göstəriciləri baxımından beynəlxalq standartlara da cavab verir.

Xalça ustası Nuriyyə Sadıqova deyir ki, 6 yaşından xalçaçılıqla məşğuldur. İşindən zövq aldığını bildirən həmsöhbətimiz bir dəfə də olsun işindən yorulmadığını deyir. Onun sözlərinə görə, xalçaçılıq həm xeyirli, həm də qazanclı sənətdir. "Bəzən deyirlər ki, xalça toxumaq gözlərə zərər verir. Xalça toxumağın gözə heç bir ziyanı yoxdur. Əksinə xalçalarda istifadə olunan rənglər təbii olduğu üçün gözü dincəldir, gözə xeyirdir. Xalça toxumaq adamı əsəbi etsə də mən bu sənəti sevirəm".

3 ildir "Azər-İlmə"də çalışdığını deyən N.Sadıqova artıq bütün naxışları əzbər bilir. Deyir, elə vaxtlar olur ki, bir güldən iki üç dəfə vururlar. Belədə onlara naxış lazım olmur. İndiyədək toxuduğu xalçaların sayını itirdiyini deyən müsahibimizin sözlərinə görə, insanı fiziki və zehni yoran bir iş olsa da, xalçalılıqdan əl çəkmək fikrində deyil. "Anam da xalçaçı olub, toxuyurdu, biz də baxıb öyrənirdik. Mənim qızım da toxuyur" deyən Sadıqova nədənsə gənclərin bu sənətə elə də maraq göstərməmələrini bildirir. "Qadın üçün ən gözəl işdir. Kimdənsə minnət, söz götürmürsən. İmkanım, şəraitim olsa, qızlarım üçün cehizlik xalça toxuyaram".

Xalça illər keçdikcə qiymətlənir. N.Sadıqovanın sözlərinə görə, onun ən kiçik parçası belə vaxt keçəndə çox qiymətli, dəyərli olur. "Əl xalçası, əl işi başqa bir şeydir. Əl işi həddən artıq əmək istəyir və daha gözəl, daha incə olur".

"Azər-İlmə"də 16 ildir işlədiyini deyən xalçaçı rəssam Neva Ağaəliyevanın sözlərinə görə, xalça rəsaamlığı xırda iş olsa da, işini sevir. "Xalçaçı rəssam dedikdə mən tək çeşniləri çəkmirəm, eyni zamanda toxunuşlarına da nəzarət edirəm. İşimiz belədir ki, əvvəlcə bizə kataloqdan xalça verilir. Hansısa tanınmış kolleksionerin, yaxud dövlət muzeyindəki xalçalardan bir forma verilir. Rəssama xalçanın ölçüsü, yatımı, sıxlığı təqdim olunur. Həmin xalçanı biz damada işləyirik. Kompozisiyaya uyğun çəkilməyə başlayır. Hər iş həm çətin, həm maraqlıdır. Mən buraxdığım səhv mütləq xalçada üzə çıxacaq. Diqqət və dəqiqlik tələb edən bir sahədir. Çalarları müəyyənləşdirir, elementləri dəqiqləşdiririk".

Xalça təmizləyən Nəzeykə xanımın işi isə çox xırda və çətindir. Deyir ki, xalçalar toxunandan sonra yuyulmağa gedir. Daha sonra yuyulmuş xalçalar onlara təhvil verilir. "Biz onun üzünü kəsirik. Daha sonra yenidən yuyulmağa gedir. Gələndən sonra saçaqlarını işləyirik. Daha sonra dartıma veririk ki, xalça dartılsın, daha düz görünsün. Dartımdan gələndən sonra yenidən baxırıq və təhvil veririk. Bu işin xırdalığı çoxdur" deyən həmsöhbətimiz söhbətini tamamlayaraq Qazax xalçasının təmizliyi ilə məşğul olur.

Boyaqçı Pəri xanım rəngləri xalçaçılıqda önəmli sayır. "Bir rəngin müxtəlif çalarlarını edirik. Bunun üçün də müxtəlif maddələrdən istifadə edirik. Qoz qabığından qəhvəyi rəng almaq olur. Duz vurduqda rəng həm parıltılı, həm şəffaf olur. Yaşıl rəngi qoz qabığı, zəfəran, çay otu, badamdan alırıq. Bir rəng üçün müxtəlif elementlərdən istifadə olunur. Açıq rəngli sapları daha da tündləşdirmək üçün qoz qabığı və indiqo adlanan maddədən istifadə edirik".

"Azər-İlmə" MMC-nin nəzdində xalçaçılıq məktəbi də fəaliyyət göstərir. Burada hər yaşdan olan insanlar pulsuz xalçaçılıq dərsi ala bilirlər. Məktəbdə toxuculuqla məşğul olan Şəmsiyyə Sadıqova 15 yaşından xalçaçılıqla məşğul olur. "Uşaqlıqdan nənəm, anam xalça toxuyub, mən də baxıb həvəslənmişəm. Axıra kimi də xalça toxumağı düşünürəm".

Qeyd edək ki, burada köhnə xalçaların bərpası da həyata keçirilir. Müəssisənin rəhbəri Vidadi Muradovun dediyinə görə, "Azər-ilmə" Azərbaycan xalçalarının tanıdılması və bərpası və xalçaçılıq sənətinin yaşaması məqsədilə fəaliyyət göstərir.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.