ABŞ-də siyasi gərginlik fonunda Venesuela ilə bağlı ciddi iddialar səsləndirilib.
Milli.Az bildirir ki, tanınmış siyasi şərhçi Taker Karlsonın sözlərinə görə, Prezident Donald Tramp bu gecə "Birliyin vəziyyəti" adlı çıxışında Venesuelaya qarşı müharibə elan edə bilər.
Karlson podkastında bildirib ki, Trampın çıxışı zamanı bu qərarı açıqlaması ehtimalı yüksəkdir. O, bu addımın Venesuelada narkotik kartellərinə qarşı mübarizə çərçivəsində atıla biləcəyini vurğulayıb.
Digər tərəfdən, Tramp son günlərdə verdiyi açıqlamalarda Venesuelada narkotik ticarəti ilə əlaqəli hədəflərə qarşı yerüstü əməliyyatların mümkünlüyünü istisna etməyib. O, "Biz artıq dənizə nəzarət edirik, indi isə qurudan hədəfləri vurmağı nəzərdən keçiririk" deyə qeyd edib.
Ağ Evdə keçirilən mətbuat konfransında Tramp Venesueladan ABŞ-yə narkotik gətirənlərə qarşı sərt tədbirlər görüləcəyini bildirib. O, bu əməliyyatların Konqresin icazəsi olmadan da həyata keçirilə biləcəyini istisna etməyib.
Hazırda Rusiya da vəziyyətə reaksiya verərək, Venesueladakı vətəndaşlarını təxliyə etməyə başlayıb. Bu isə bölgədə gərginliyin artdığını göstərir.
Milli.Az





