Cəmiyyət

Azərbaycan Parlamentinin üzvü Rəhim bəy Vəkilov

24 İyul 2012 13:55
0 Şərh     Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gözəl rəssam ola bilərdi, böyük siyasətçi oldu

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında xüsusi rolu olanlardan biri də tanınmış siyasi xadim Rəhim bəy Vəkilovdur. Rəhim bəy Alı ağa oğlu 1898-ci ildə Qazax qəzasının Salahlı kəndində mülkədar ailəsində anadan olmuşdur. Əvvəlcə Salahlı kənd məktəbində oxumuş, daha sonra isə Bakıda texniki təmayüllü Realnı Məktəbi bitirmişdir. Rəhim bəy Vəkilov  məktəbin əlaçı şagirdlərindən biri idi. Bundan başqa, onun rəssamlığa həvəsi vardı, gözəl rəsm əsərləri çəkərdi. Hətta çoxları onu gələcəyin böyük bir rəssamı kimi görürdü.

Rəhim bəy Bakı Real məktəbinin tam kursunu 1916-cı ildə bitirsə də, siyasət aləminə daha erkən atılmışdı. Hələ 1914-cü ildə Realnı məktəbin 5-ci sinfində oxuyarkən şagird təşkilatının işində yaxından iştirak etmiş, onun liderlərindən biri olmuşdur. Bu təşkilatın fəalları arasında Kəbirlinski qardaşları, Məmməd Məmmədov, Mirzə Davud Hüseynov, Məmmədhəsən bəy Vəlili-Baharlı da vardı. Təşkilatın işi əsasən ictimai xarakter daşıyırdı: onlar kasıb tələbələrə kömək, qarşılıqlı yardım kassası işi, xalq nağılları, mahnıları və atalar sözlərinin toplanması ilə məşğul olurdular. R.Vəkilov Realnı məktəbi bitirdikdən sonra 1916-17-ci illlərdə 9 saylı rus-tatar məktəbində xalq müəllimi işləyib.

Rəhim bəy Vəkilov şagird olduğu vaxtda üzv olduğu təşkilatla əlaqə saxlamaqda davam edirdi, həmin təşkilat artıq "Ümumqafqaz tələbə təşkilatı" adlanmağa başlamışdı. Elə həmin il Rəhim Vəkilov bu təşkilatın rəsmi üzvü olmuşdu. Bu tələbə təşkilatının işində çalışarkən artıq Rəhim bəyin milli-demokrat yönümlü milliyyətçi baxışları formalaşmışdı.

Bu həmin vaxtlar idi ki, artıq Gəncədə Nəsib bəy Yusifbəylinin Türk Ədəmi Mərkəziyyə Partiyası yaradılmışdı. 1917-ci ildə Müsavat və Türk Ədəmi Mərkəziyyə partiyaları vahid təşkilatda birləşirlər. 1917-ci il sentyabrın 21-31-də keçirilən qurultayda birgə yaradılan Mərkəzi Komitəyə  M.Ə.Rəsulzadə, M.H.Hacınski, R.Vəkilov, X.Rəfibəyli, N.Yusifbəyli, Ş.Rüstəmbəyli, M.Vəkilov, A.Ağazadə və M.Axundov daxil olurlar. Gənc Rəhim bəyin bu tanınmış siyasi xadimlərlə birlikdə MK-da təmsil olunması onun milli-demokratik hərəkatdakı xidmətlərinin məntiqi nəticəsi idi. Rəhim bəy 1918-ci ilin əvvəlində qəti olaraq Müsavat Partiyasına daxil olur və bu partiyadan Zaqafqaziya Seyminə seçilir. Rəhim bəy Seymdə Azərbaycan fraksiyasının başında duran divanın üzvü idi.

M.Ə.Rəsulzadə, müavinlər - Nəsib bəy Yusifbəyli və Məmməd Yusif Cəfərov, katiblər - Mustafa Mahmudov və Rəhim bəy Vəkilov divanın üzvləri idi. Maraqlıdır ki, Rəhim bəy Seymdə hazırladığı sənədlərdə soyadını daha çox "Kosalı" kimi qeyd etməyə başlayır. Azərbaycanın istiqlalı elan ediləndə məşhur Istiqlal Bəyannaməsinin mətni katib Rəhim bəyin əli ilə və onun qələmi ilə yazılmışdı, bəyannamənin altına imza atanlardan biri də Rəhim bəy idi.

Azərbaycan parlamentinin deputatı

Nuru Paşanın gəlişindən sonra Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə çıxan, onun Osmanlıya birləşdirilməsini təbliğ edən ittihadçılar və sair bu kimi ünsürlərlə Azərbaycanın istiqlalının tərəfdarı olan müsavatçılar arasında mübarizə qızışanda, gənc Rəhim bəy bu kəskin məsələnin müzakirə edildiyi Milli Şuranın tarixi 17 iyun 1918-ci il iclasında alovlu nitqlə çıxış etmişdi. Gənc Rəhim bəyin bu çıxışını sonralar Mirzə Bala Məmmədzadə özünün "Azərbaycan istiqlalı və Müsavat" kitabında misal gətirmişdir.

Fəal siyasi xadim kimi özünü təsdiq etməyi bacardığından, Rəhim bəy Vəkilov Azərbaycan parlamentinə deputat seçilmişdir. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı zamanı parlamentarizm ənənəsinə uyğun olaraq ən gənc deputat kimi Rəhim bəy Vəkilov parlamentin katibi seçilmişdi. Gözəl natiqlik qabiliyyəti olan Rəhim bəy parlamentin çalışqan deputatlarından sayılmışdır. Bu vaxtlar arabir qəzalara da gedirdi. O, parlamentdəki fəaliyyəti ilə eyni zamanda hökumətin orqanı olan "Azərbaycan" qəzetinin redaksiya heyətinə daxil idi, qəzetin səhifələrində vaxtaşırı olaraq yazılarla çıxış edirdi. Onun "Azərbaycan " qəzetinin 28 may 1919-cu il sayında dərc edilmiş "Azərbaycan Cumhuriyyətinin yaranma tarixi" adlı irihəcmli məqaləsi istiqlal hərəkatı tarixinin öyrənilməsi məsələsinə həsr olunmuşdu.

R.Vəkilov parlamentin tribunasından etdiyi çıxışlarından birində deyirdi: "Bizim firqəmiz fəhlələrdə sinif hissindən başqa bir də milli hiss oyadacaqdır. Onlar artıq qoymayacaqlar beynəlmiləliyyat adı ilə kəndlilərini aldatsınlar". O, Əliheydər Qarayevlə birlikdə Əli Bayramovun qətli barədə sorğu ilə hökumətə müraciət edən deputatlardan biridir. Bu arada onun partiya ilə münaqişəsi baş verir, nəticədə Rəhim bəy deputat səlahiyyətlərini yerə qoyur və parlamentdən gedir. Lakin bununla bərabər partiyada işini davam etdirir, partiya rəhbərliyinin "kəndli-torpaq məsələsinə" dair ayrı-ayrı tapşırıqlarını yerinə yetirir. Sovetləşmədən 20-25 gün əvvəl Rəhim bəy Məmmədhəsən Hacınskinin sovet hakimiyyətinə oriyentasiya götürən qrupuna qoşulur. Azərbaycan sovetləşdikdən sonra Rəhim Vəkilov siyasi fəaliyyətini dayandırmayaraq gizli işə keçən müsavatçıların sırasında idi. Bəzi məlumatlara görə, Məmməd Əmin Rəsulzadənin Bakıdan qaçışını təşkil edənlərdən biri Rəhim bəy olmuşdur. Rəhim bəy ali təhsil almaq qərarına gələrək 1922-ci ilin sentyabrında ADU-nun şərq fakültəsinə daxil olur. Rəhim bəy universitetə qəbul olunduqdan sonra eyni zamanda Bakı-Culfa dəmir yolu idarəsində məmur vəzifəsinə düzəlir. Rəhim bəy gizli Müsavatda 1921-ci ilin  sonlarından işləməyə başlamışdır. Onu bu işə Mirzə Bala Məmmədzadə qoşur.

Sürgündə keçən illər və faciəli son

1921-ci ilin sonları 1922-ci ilin əvvəllərində Mirzə Balanın tapşırığı ilə siyasi kampaniyada yaxından iştirak edir və türk ziyalıları arasında iş aparır. Onun təşəbbüsü ilə bu kampaniyaya keçmiş müsavatçılardan Seyid Hüseyn, Nəriman bəy Nərimanbəyli və Kərbəlayı Vəli Mikayılov cəlb olunurlar. 1920-ci ilin iyulunda Müsavat MK yanında siyasi işlər komissiyasının rəhbəri təyin edilir. Bu komissiyaya Kərbəlayı Vəli Mikayılov, Seyid Hüseyn Sadıqzadə, Əlövsət  Nəcəfov daxil idilər. Bu illərdə Mirzə Bala Rəhim bəyi hərbi təşkilata cəlb etmək istəmişdirsə də, o, razı olmamışdır. 

AzFk Məxfi Şöbəsinin 1923-cü il aprelin 5-dən başlayaraq və 1924-cü il fevralın 18-dək olan dövrü əhatə edən "qayət məxfi" qrifli memorandumunda Rəhim Vəkilovun sovetləşmənin ilk illərində ciddi müşahidə altında saxlandığı görünür.

Rəhim bəy 1923-24-cü illəri sürgündə keçirib. Azad edildikdən sonra onun partiyada fəaliyyətini bərpa etməsi barədə məlumat azdır. Hər halda 1926-cı il noyabrın 13-də "Dadaş Həsənov və başqalarının işi" üzrə təkrarən həbs edildikdən sonra aparılan istintaqda bu illər siyasi fəaliyyətlə məşğul olmadığını, 1923-24-cü il həbsindən əvvəl də üzvlük haqqı vermədiyini, 1925-ci ilin sonlarınadək heç bir iclasda iştirak etmədiyini bildirib. 1927-ci il fevralın 28-də çıxarılan hökmə əsasən Rəhim bəy Vəkilov bu dəfə uzaq Şimala - müsavatçılarla birlikdə Solovki adasına 8 illik sürgünə göndərilir. 1934-cü ildə Vətənə qayıdanda sürgündə dostlaşdığı gürcü millətçisi, yazıçı Konstantin Qamsaxurdianın (Gürcüstanın eks-prezidenti Zviad Qamsaxurdianın atası) yanına - Tbilisiyə gedir. Oradan Borjomiyə yollanır, zəifləmiş sağlamlığını bərpa etməyə çalışır. Burada Konstantin Qamsaxurdianın köməyilə işə düzəlir. Bir neçə ay bu şəhərdə yaşayır. 1934-cü ildə əmisi qızı Mədinə xanım Qiyasbəyliyə vida məktubu yazaraq özünü Kürün körpüsündə vurur. Meyidinin tapılıb-tapılmadığı bəlli deyil. Rəhim bəyin intiharının səbəbləri müəmmalıdır. Bu müəmmalı ölümün üstündə bu gün də qalın sirr pərdəsi var.

Onun intihar xəbəri Bakıya gəldikdə Zəkəriyyə bəy Vəkilov Tiflisə yollanmışdı. Rəhim bəy Vəkilov aradan 70 il keçəndən sonra - 1992-ci il martın 7-də, Azərbaycan istiqlalını bərpa etdikdən sonra rəsmən bəraət alıb.

"Azadlıq"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.