Xəbər verdiyimiz kimi, bu gündən qohum evliliyi ilə bağlı qadağa qüvvəyə minir.
Bəs buna əməl etməyənləri hansı cəza gözləyir?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı AQUPDK-nın hüquq şöbəsinin əməkdaşı Rahil Süleymanzadə bildirib ki, yaxın qohumlar arasında nikahların ləğvi baş verə biləcək fəsadların aradan qaldırılması və yeni doğulacaq körpələrin sağlamlığının qorunması məqsədi daşıyır:
"Bu şəxslərlə nikaha girən şəxslərdə sonradan dünyaya gələn körpələrdə müəyyən problemlər, qan xəstəliklərinin olması kimi hallar baş verir. Buna görə də qanunvericilikdə bir sıra dəyişiklər edildi. Əvvəldən nişanlı olan şəxslər belə bu qanun qüvvəyə minəndən sonra evlənə bilməzlər. Gələcəkdə elə ailələrdə doğulan uşaqların təhsillə bağlı bir sıra problemləri olacaq. O cür uşaqlar doğularkən qadın müəyyən imtiyazlardan məğlub olduğu üçün biz tövsiyə edərdik ki, vətəndaşlar rəsmi nikaha girmədən öncə birgə yaşamaq barəsində düşünməsinlər. Bələdiyyələr, sahə müvəkkilləri bu məsələ ilə bağlı daimi nəzarətini saxlayır".
Qeyd edək ki, yaxın qohumlar arasında nikah faktı aşkarlanarsa, istər qız evi, istərsə də oğlan evi bütün hallarda məsuliyyət daşıyır. Həmin şəxslər barəsində isə cinayət işi başladılır. Nikaha girən şəxslərin qohum olub-olmaması isə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi, konsulluq idarə və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri tərəfindən yoxlanılacaq.
Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər.
Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq.
Aysel Əkbər
Milli.Az