Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Milli.Az qafqazinfo-ya istinadən ötən ay icra başçısı təyin edilən Elxan İbrahimovun dosyesini təqdim edir:
43 yaşlı sabiq icra başçısı 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə bakalavr, 2005-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini başa vurub, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.
2025-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2006-cı ildə Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar "Holiday Inn Baku Airport" hoteldə, "Baker Tilly" audit şirkətində, "Embawood" şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.
2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Evlidir, 3 övladı var.
Milli.Az





