Cəmiyyət

İton, Siratullox, Caniyat, Ciyərxan, Gilə... - Övladına gülünc ad qoyan valideynlərlə bağlı hansı tədbirlər görülür? - AÇIQLAMA

15 Fevral 2024 19:09
Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Azərbaycanda körpələrə qoyulan nadir və qəribə adlar hələ də müzakirə obyekti olaraq qalır. Siyahıda Gilə, Tovuz, Duanur, Kurtkaya, Qəribə, Dominik, Alay, Aya, Ayə, İton, Zeytunə, Əskinaz, Ərəbzəngi, Siratullox, Caniyat, Ciyərxan və bu qəbildən olan bir sıra adlar diqqət çəkib.

Maraqlıdır ki, rəsmi qurumlar tərəfindən valideynlərə dəfələrlə xəbərdarlıq olunsa da, hələ də uşaqlara gülünc, qeyri-adi adların qoyulması hallarına rast gəlinir.

Psixoloqlar da hər zaman valideynləri uşaqlarına ad qoyarkən diqqətli olmağa çağırırlar. Mütəxəssislərin fikrincə, adlar uşaqlarda kompleks yaratmamalı, məktəbdə, cəmiyyət içində yaşıdları tərəfindən ikrahla qarşılanmamalıdır. Eşidilən anda gülüş səbəbi olan adlar isə xüsusilə uşaqların psixologiyasına ciddi təsir göstərir. Cəmiyyətdə onlarla zarafatlaşır, məzəmmət edirlər.

Psixoloqlar bildirir ki, bu cür adların sahibləri şəxsiyyət kimi formalaşmağa başlayanda, özlərini təqdim edəndə, artıq adlarını deməkdən çəkinirlər. Həmçinin onlarda utanma, stress, kompleks kimi hisslər müşahidə olunur.

Qeyd edək ki, Azərbaycanda Terminologiya Komissiyasının nəzdində "Adlar və soyadlar" komissiyası fəaliyyət göstərir. Həmin komissiya tərəfindən Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti hazırlanıb. Kitabda qadın və kişi adları ayrı-ayrı qruplaşdırılıb.

Maraqlıdır, ölkəmizdə adların qoyulması ilə bağlı müəyyən qadağalar varmı? Övladlarına gülünc ad qoymaq istəyən valideynlərlə bağlı hansı tədbirlər görülə bilər?

Milli.Az bildirir ki, bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.2-ci maddəsinə istinad edib.

O qeyd edib ki, sözügedən maddəyə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.

"Lakin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi" qaydalarının 1.4-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Şəxs adlarının tənzimlənməsi məsələsinə isə Nazirlər Kabineti yanında Terminologiya Komissiyası baxır. Komissiyanın işi də Nazirlər Kabinetinin qərarına əsasən aparılır. Azərbaycanda uşaqlara verilməsi qadağan olunan və qadağan olunmasa belə tövsiyə olunmayan adlar var: Həmin adlar təhqir məzmunlu, kiçildici məna bildirən adlardır. Məsələn, Hitler adının qoyulması da qadağandır. Atatürk adının uşaqlara verilməsi ilə bağlı konkret qadağa olmasa da, qoyulması məsləhət görülmür. Atlıtürk, Ulutürk adları da həmin sıradadır".

Müsahibimiz bildirib ki, adların qeydiyyatını Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat Şöbələri aparır:

"Qeydiyyat şöbəsinin əməkdaşları hər hansı bir uyğunsuz ad gördükdə, həmin adın qoyulmasından bir qayda olaraq imtina edirlər. Adların qoyulması ilə bağlı hər hansı tərəddüd olduğu təqdirdə isə həmin şöbələr Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına sorğu verərək komissiyanın rəyini alır. Yəni Sovet dövründəki kimi uşağa Buket, Kombayn, Traktor və sair bunun kimi adların qoyulması artıq mümkün deyil. Çünki şəxslərə adların qoyulmasına nəzarət edilir. Valideyn uşağına ürəyi istədiyi adı yalnız qanun çərçivəsində verə bilər".

T.Abdullazadə qeyd edib ki, Azərbaycan dilində şəxs adları lüğətinə Ədliyyə Nazirliyində saxlanılan, indiyə qədər şəxs adları ilə bağlı çap olunan lüğətlərdəki seçmə, daha yaxşı adlar daxil edilib:

"Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən adların qoyulması mümkün deyil. Məsələn, Ansambl, Əbabil, Faiz, Fakir, Fatı, Hambal, Quşdan, Limonad, Talış, Tanıq, Volodya, Yaraşıq və sair bu kimi adların qoyulması qadağandır. Çünki bu adlar gələcəkdə uşağın mənafeyinə xələl gətirə və onu utandıra bilər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.