Cəmiyyət

Azərbaycanda ət bahalaşacaq

14 İyul 2023 07:30
Baxış: 2 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda ötən ilin ikinci rübündən qoyun-keçi sayında müşahidə edilən azalma hələ də davam edir.

Milli.Az bildirir ki, ötən ilin aprelində qoyun-keçi sayı 8,169 milyon başa yüksəldikdən sonra azalma mərhələsinə keçib.

Bu heyvanların sayında azalma dinamikası hələ də davam edir. Belə ki, cari ilin əvvəlində qoyun-keçi sayı 7,752 milyon başa, apreldə 7,361 milyon başa, iyulda isə 7,32 milyon başa düşüb.

Müqayisə göstərir ki, ötən ilin aprelindən bəri qoyun-keçi sayı 849 min baş, yəni 10,4 faiz, ilin əvvəlindən isə 432 min baş, yaxud 5,6 faiz azalıb.

Qoyun-keçi sayında azalma bazarlarda yem qiymətlərinin artması, heyvan bəslənməsinin gəlirli olmaması ilə izah edilir. Bu səbəbdən fərdi təsərrüfat sahiblərinin kəsimə yönəltdikləri qoyun-keçi sayını artırdığı və bununla da ümumi heyvan sayında azalmanın baş verdiyi ehtimal edilir.

Yaranmış vəziyyətdə 2023-cü ildə quzu ətinin qiymətinin yenidən artacağı gözlənilir. Hazırda quzu ətinin bir kiloqramının pərakəndə satış qiyməti 17-18 manatdır. Mövcud vəziyyətdə ilin sonuna kimi quzu ətinin qiymətinin 19-20 manata qədər artması ehtimalı var.

Son bir ildə quzu əti ilə yanaşı qoç ətinin qiymətində də artım baş verir. Bu hal ümumən qoyun əti qiymətlərinin yüksəlməsinə səbəb olur.

Bir il əvvəl heyvan bazarlarında qoyun ətinin kiloqramının qiyməti orta hesabla 13 manat olduğu halda hazırda qiymət 15 manata çatıb. Son bir ildə qoyun əti 15 faizdən çox bahalaşıb. Bahalaşmanın bir qədər də davam etmək imkanları var. (sfera.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.