Cəmiyyət

Paytaxtın taksi xidmətində biabırçı hallar - sürücü-sərnişin konfliktləri bitmir

7 Mart 2023 08:42
Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eldəniz Cəfərov: "Bu problemin həlli üçün qaydalar da, ona nəzarət edən qurumlar da var, sadəcə... "

Bakı şəhər sakini Nəcibə Muradlı sifariş etdiyi taksidən qovulub. Bu barədə "Xəzər Xəbər"ə onun özü məlumat verib.

Xanım iddia edir ki, ünvana gələn sürücü onu taksi çağırmağına peşman edib. Buna səbəb ödənişin kartla edilməsi olub. N.Muradlı taksi şirkətinin müştəri xidmətlərinə yazaraq, olanlar barədə məlumat verib və kartından çıxarılan pulu geri istəyib. Xanımın bu addımı tərəfləri yenidən bir araya gətirib.

Taksi sürücüsü isə iddia edib ki, həmin an əsəbi olub və əməlindən peşmandır.

Qeyd edək ki, paytaxt sakinləri ilə sorğu zamanı məlum oldu ki, bu kimi hallarla sərnişinlər tez-tez üzləşirlər. Hətta xanım sərnişinlərə qarşı ədəbsiz davranan sürücülər də vaxtaşırı üzə çıxır. Niyə? Ekspertlərə görə, bu qəbildən narazılıqların yaşanmaması üçün taksilərlə bağlı vahid qaydalar müəyyənləşdirilməlidir. Müəyyənləşəcəkmi?

Xatırladaq ki, bir müddət bundan əvvəl rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov jurnalistlərə açıqlamasında Azərbaycanda vahid taksi xidmətinin yaradılmasının nəzərdə tutulmadığını, hazırda bu məsələnin gündəmdə olmadığını demişdi. O qeyd etmişdi ki, yalnız vahid standartlar əsasında taksi xidmətinin olması planlaşdırılır:

"Ümumiyyətlə, vahid taksi xidməti ilə bağlı indiyədək xidmət olmayıb. Ancaq vahid tələblər əsasında taksi şirkətləri fəaliyyət göstərməli, tələblərə əməl etməlidirlər.

Bu gün taksi şirkətlərindən şikayətlərə rast gəlinir. Lakin bununla bağlı taksi şirkətləri heç bir tədbir görmürlər".

Hümmətov Bakıda və rayonlarda qanunsuz sərnişindaşıma ilə bağlı məsələyə də münasibət bildirmişdi. O qeyd etmişdi ki, qanunsuz sərnişindaşıma şəhərdaxili və regionlarda da var:

"Bunun kökündə icazə, tənzimlənmə sisteminin olmaması dayanır. Ən əsas məsələ taksi sürücülərinin fərqlənmə nişanını əldə etməmələridir. Təəssüf ki, onların cüzi bir hissəsi bu nişanı alıb. Bakıda sərnişindaşıma ilə məşğul olan taksilərin təxminən 20 faizi xüsusi lisenziyaya malikdir".

Milli.Az bildirir ki, iqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Ekspert qeyd edib ki, taksi sürücülərinin kartdan ödənişdən imtina etməsi və yaxud sifarişə gəldikdən sonra taksi özü müştəridən nağd ödəniş xahiş etməsi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində geniş yayılmış praktikadır:

"Məsələn, qonşu Gürcüstanda, bir çox Avropa ölkələrində də qismən də olsa bu prosesi müşahidə edirik. Bunun da tək səbəbi odur ki, kartla ödəniş zamanı dövriyyəni gizlətmək mümkün deyil, nə  vergilər, nə də ana şirkət üçün. Yəni sürücü kartla ödənişi qəbul edərkən burada hansısa bir formada "çaypulu"  deyilən bir anlayış qalmır. Amma məsələn, nağd qəbul edəndə ödəniş iki manat 80 qəpik yazırsa, insanlar çox zaman 3 manat  ödəyir. Yəni bu məsələ də var. İstənilən halda bu məsələyə hansısa sərt nəzarət mexanizmlərinin tətbiq edilməsi taksi  xidmətinin bahalaşmasına səbəb olacaq. Məncə, buna başqa  cür yanaşmaq lazımdır. İndi yeni başqa yeni  şirkətlər də açılır ki, kartla ödənişə daha loyal yanaşırlar. Bu yaxınlarda daha bir onlayın taksi sifarişi ilə bağlı şirkət açıldı. Hesab edirəm ki, bu rəqabətlə tənzimlənən məsələdir. Yəni taksi şirkətləri nə qədər çox olarsa, kartla ödəniş vətəndaşlara daha  rahat olarsa, taksi xidməti verən şirkətlər də məcburən  kartla ödənişə daha tolerant yanaşmağa başlayacaqlar.  Bir daha qeyd edirəm ki, əgər bu məsələni sərt nəzarətə çevirsək, bu qiymətləri artıracaq və hansı qurumların əlinə  əlavə səlahiyyət verəcək ki, taksi bazarını daha çox sıxsınlar".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə qeyd etdi: "Mütləq qaydada həm vətəndaşların, həm də taksi sürücülərinin nəzərinə çatdırmaq lazımdır ki,  taksi operator şirkətləri ilə işləməyə başlayan sürücülər taksi operator şirkətlərinin onların  qarşısına qoyduğu müəyyən şərtlərlə razılaşırlar və ondan sonra artıq taksi operator şirkətləri həmin sürücülərlə işləməyə başlayır. Burada müəyyən şərtlərdən biri də odur ki, sürücü öhdəlik götürür ki, sərnişinləri qeyri-nağd formada daşımasına da şərait yaradacaq. Yəni kartla ödənişi də həyata keçirəcək. Bu bir şərt olaraq sürücülər qarşısına qoyulur, sürücü qarşısına qoyulan bu şərtlə razılaşır, amma nədənsə sonrakı hallarda kartla ödəniş etmək istəyən sərnişinləri acılayır, bəzən təhqir edirlər, təzyiq edir, müəyyən nalayiq sözlər işlədir, hərəkətlər edirlər ki, bu da əlbəttə ki, taksidə olan sərnişini çox pis, çıxılmaz vəziyyətə salır və həmin sərnişin məcbur olur ki, üzərində nağd pulu yoxdursa, haradasa ensin, bankomat axtarıb, pul çıxartsın, evə zəng etsin ki, kimsə ona pul gətirsin və sairə. Lakin bu məsələnin də çıxış yolları var. Taksi sürücülərinin bu əməlləri, sadəcə, qayda deyil, həm də qanun pozuntusudur. Belə ki, sərnişinlərin hüquqları Azərbaycan Respublikasında İstehlakçıların Müdafiəsi Haqqında Qanuna əsasən qorunur. Bu qanuna istinad edərək, bildirmək istəyirik ki, əgər sövdələşmədən əvvəl qeyri-nağd ediləcəyi  şifahi və yaxud qeyri-şifahi formada razılaşdırılıbsa, taksi gəldikdə və yaxud mənzil başına çatdırıldıqda pul tələb edirsə, bu zaman həmin qanuna istinadən edərək, sərnişin pul ödəmədən çıxıb gedə bilər. Yəni bu sərnişinin hüququdur. Sərnişinlərin  digər hüquqları da qorunur. Məsələn, həmin sərnişinə qarşı nalayiq ifadələr işlədilibsə, təzyiq olunubsa, bu zaman da qanun sərnişini qoruyur. Həm də bu zaman sərnişinin bir vətəndaş olaraq da hüquqları qorunur. Buna görə sərnişin DİN-in 102 Qaynar xəttinə zəng edir, daha sonra qeydiyyatda olduğu və yaxud yaşadığı ərazidə polis bölməsinə gedərək, orada yazılı ərizə ilə müraciət edir. Sərnişin həm də İqtisadiyyat Nazirliyi yanında  İstehlak Bazarına Nəzarət və Antiinhisar Agentliyinə də yazılı və yaxud elektron formada şikayət göndərə bilər.

Beləliklə, biz hər dəfə taksi sürücüləri ilə sərnişinlər arasında kartla ödənişlə bağlı neqativ hallar olmasını müşahidə edirik. Bəs niyə bu problem həll olunmur? Bu sualın çox asan cavabı var. Cavab ondan ibarətdir ki, Azərbaycanda, xüsusən də Bakı şəhərində taksi fəaliyyətini tənzimləməli olan qurumlar bu sahədə işi keyfiyyətlə, lazımi qaydada həyata keçirmirlər. Bu səbəbdən də bu gün taksi fəaliyyətində özbaşınalıq davam edir.

Azərbaycanda taksi xidməti vacib sahələrdən biridir ki, sırf bazar iqtisadiyyatı əsasında tələb və təklif formalaşır, liberal xidmətdir. Lakin bu o demək deyil ki, biz bu sahəni özbaşına buraxmalıyıq, hərc-mərclik olmalıdır, kim nə istəyir onu etməlidir".

Ekspert qeyd edib ki, hələ 2019-cu ildən taksilərlə bağlı vahid qaydalar müəyyənləşdirilməlidir: "Həmin ilin fevral ayında Nazirlər Kabineti Azərbaycanda Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı reqlament mövcuddur. Bu reqlament ümumilikdə həm taksi fəaliyyəti, həm taksi sürücülərinə olan tələblər, həm də taksi kimi istifadə olunan minik avtomobillərinə dair tələblər mövcuddur. Bu tələblərin  3 sadə şərti var:

Taksi fəaliyyəti ilə məşğul olan sürücünün yaşı 20-dən az olmamalıdır.

Həmin sürücünün sürücülük təcrübəsi 2 ildən az olmamalıdır.

Taksi fəaliyyətində istifadə olunan minik avtomobilinin üzərində sarı rəngli taksi işarəsi olmalıdır.

Ən azı bu 3 sadə qaydaya əməl etməklə müəyyən irəliləyişlərə nail olmaq olar.

Yəni artıq belə qaydalar var, sadəcə, bu qaydaların əməl olunmasına nəzarət etməli olan qurumlar bu nəzarəti keyfiyyətlə həyata keçirmirlər.

Həmçinin ölkədə vahid taksi xidməti var. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi bunu tənzimləyir, ümumi Azərbaycan üzrə isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir. Yəni bu qurumlar, reqlament də var, sadəcə, istək lazımdır. Əgər istək olsa, bu problemi də çözmüş olarıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.