Cəmiyyət

Rəsul Quliyev ölkəyə gəlsə, məsuliyyətə cəlb ediləcəkmi? - Açıqlama

9 Dekabr 2021 10:12
0 Şərh     Baxış: 2 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikada mühacir həyatı yaşayan Milli Məclisin sabiq spikeri Rəsul Quliyev son günlərdə yenidən gündəmə gəlib. O deyib ki, istədiyi vaxt Azərbaycana gələ bilər.

Yeni Müsavat qəzeti yazır ki, eks-spiker bu barədə fikirlər səsləndirib.

Sitat: "Hesab edirəm ki, nə vaxt istəsəm, Azərbaycana gələ bilərəm... Hələ fikirləşirəm. Tutaq ki, Azərbaycana gəlmişəm, nə işlə məşğul olacağam?! Elə adam deyiləm ki, boş-boş danışam, yalançı şüarlar səsləndirəm... Belə adamlardan da zəhləm gedir. Nə vaxt mənə ehtiyac olarsa, gələcəyəm. Ola bilər, 15 günlük gəlim... Vətəni sevməyin vətəndə olmaqla heç bir əlaqəsi yoxdur. Mən burada ola-ola vətəni vətəndə olanların 90 faizindən daha çox sevirəm".

Sabiq spikerin qayıdışı ilə bağlı bu açıqlamaları hər zaman olduğu kimi yenə də ciddi müzakirələrə səbəb olub. Bu da səbəbsiz deyil. Çünki onun barəsində parlamentin spikerliyindən istefa verib ABŞ-a getdikdən sonra Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. 1998-ci ildən İnterpolun axtarışındadır.

Bu da haqlı olaraq suallar yaradır:

R.Quliyev barəsində qaldırılmış cinayət işinə xitam verilib? Verilibsə, bu, niyə ictimaiyyətdən gizlədilib? Yox, xitam verilməyibsə, o zaman Azərbaycana necə gələcək?

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli: "Onun barəsində məsuliyyətə cəlb etmə qərarının müddəti keçib"

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Rəsul Quliyevin Azərbaycana gəlişi təmin olunmalıdır: "Hər bir şəxsin ölkəsində normal yaşamaq hüquqi var. Onun barəsində cinayət işinə xitam verilib-verilmədiyi barədə məlumatsızam. Rəsul Quliyev barəsindəki axtarış qərarı ləğv oluna da, saxlanıla da bilər. Hökumətlə istər şifahi, istərsə də yazılı formada razılıq əldə edib, ölkəyə qayıtması mümkündür. Onu da qeyd edim ki, Rəsul Quliyev barəsində məsuliyyətə cəlb etmə qərarının müddəti keçib. Onun işinə xitam verilə və o ölkəsinə qayıda bilər. Düşünürəm ki, indiki vaxtda sabiq spikerin Azərbaycana qayıdışına icazə verilməlidir".

Əsabəli Mustafayev: "Ermənistana və Paşinyana qarşı beynəlxalq sanksiyalar  tətbiq edilə bilər"

Əsabəli Mustafayev: "Quliyevin barəsindəki cinayət işinin icraatı dayandırılıb, yəni xitam verilməyib"

Tanınmış vəkil Əsabəli Mustafayev R.Quliyevin ölkəsinə qayıdacağı təqdirdə Gürcüstanın sabiq prezidenti, hazırda məhkəməsi gedən Mixail Saakaşvilinin taleyini yaşaya biləcəyini zənn edir: "Məndə olan məlumata görə, Rəsul Quliyev barəsindəki cinayət işinin icraatı dayandırılıb, yəni xitam verilməyib. Bəlkə də sonradan gizlikcə cinayət işinə xitam verilib və ona görə də, o, israrla Azərbaycana qayıdacağını deyir. Ancaq mən bilən hələ xitam verilməyib. Əgər xitam verilməyibsə, Azərbaycana gələn kimi həbs olunacaq və cinayət işinin icraatı bərpa ediləcək. Nəticədə Rəsul Quliyev həbs olunacaq, cinayət işinin istintaqı davam etdiriləcək. Əks təqdirdə, xitam verilibsə, ölkəsinə gələcək, Azərbaycanda yaşayacaq, istədiyi peşə ilə məşğul olacaq, hər bir ölkə vətəndaşı kimi. Bu məsələ şəffaf deyil. Açıqlanmayan çox məqamlar var. Rəsul Quliyevin israrla qayıdışı barədə açıqlamalar verməsi adamda belə təəssürat yaradır ki, o işə xitam verilib. Lakin burada Mixail Saakaşvili nümunəsi də ola bilər. Yəni mən qayıdım, bir az imicimi qaldırım, beynəlxalq aləm müdafiəmə qalxsın. Bu istəyin də olması mümkündür. Lakin bu istəyin olduğuna açığı inanmıram. Çünki Rəsul Quliyev gördü ki, beynəlxalq aləmdə çox böyük nüfuzu olan Mixail Saakaşvili hələ də həbsdədir. Heç bir dövlət onun dərhal azad olunmasına nail ola bilmədi. Bu da Rəsul Quliyev üçün çəkindirici faktor ola bilər. Xüsusilə nəzərə onu da alaq ki, onun ölkə daxilində və xaricində Mixail Saakaşvili kimi imici yoxdur".

R.Quliyev barəsindəki cinayət işinə xitam verilib-verilmədiyi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu göndərmişik. Cavab gələcəyi təqdirdə onu dərc edəcəyik.

Xatırladaq ki, Rəsul Quliyev bir zamanlar hakimiyyətin mühüm simalardan sayılıb. Ancaq 1996-cı ildə təmsil olunduğu hakim komandası ilə ixtilaf yaşaması səbəbindən o vaxt Konstitusiyayla hakimiyyətdə ikinci önəmli vəzifə sayılan postundan, yəni qanunverici orqanın rəhbəri postundan istefa verərək, "müalicə olunmaq" adı ilə ABŞ-a gedib.

Daha sonra ona cinayət işi qaldırılıb və barəsində axtarış qərarı çıxarılıb.

1998-ci ilin prezident seçkilərini boykot qərarı verən 5 əsas iddiaçıdan olub.

2005-ci ilin parlament seçkiləri ərəfəsində - 17 oktyabrda Rəsul Quliyevin xüsusi reyslə Bakıya qayıdacağı gözlənsə də, o, son anda bundan imtina edib və yanacaq üçün Ukraynaya enən təyyarəsində yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Ancaq bir neçə saat sonra sərbəst buraxılıb və təkrar ABŞ-a dönüb.

Son 15 il ərzində dəfələrlə Rəsul Quliyevin hakimiyyətlə barışdığı və ölkəyə qayıdacağı xəbərləri yayılsa da, bunlar şayiədən o tərəfə keçməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.