Şou-biznes

"AzTV-dən başqa bütün telekanallar mənim üçün “köhnə hamam, köhnə tas”dır..."

14 Sentyabr 2021 19:54
4 Şərh     Baxış: 1 632

Yeni mövsümün ilk həftələrini yaşayırıq. Bu mövsümdə pandemiya şərtlərinə uyğun olaraq sənət adamları yeni yaradıcılıq planları ilə çıxış etməyə hazırlaşırlar.

Milli.Az xəbər verir ki, "Planet Parni iz Baku" teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov bununla bağlı, həmçinin gündəmdə olan digər məsələlər haqda moderator.az-a danışıb:

- Yeni mövsümdə hansısa yeni layihələr, konsert proqramlarınız olacaqmı?    

- Təəssüflər olsun ki, bununla bağlı bir neçə telekanala müraciət etsək də, heç bir cavab ala bilməmişik. Bizim konsert fəaliyyətimizə gəldikdə isə Operativ Qərargah deməlidir ki, konsert salonlarımız nə zaman açılacaq. Açıldığı anda biz işləməyə hazırıq. Hazırda isə fəaliyyətsizik. 

- Bəs nə üçün "Xəzər TV" ilə birgə layihə etmirsiniz? Siz ki, "Xəzər TV"-nin rəhbəri Murad Dadaşovla qədim dostsunuz?

-  Bu sualı Murad Dadaşova versəniz daha məntiqli olar. Yəqin ki, orada yayımlanan yumoristik verilişlər bizdən daha maraqlı və gülməlidir.

- Yəqin ki, həmin yumor layihələri. Onları necə  dəyərləndirirsiniz?

- Çox istedadlı uşaqlardır. Amma onların yumoru bizə yaxın deyil. Mən ona heç yumor da deyə bilmərəm. Əlbəttə ki, onları qınamıram. Televziya onları elə çərçivəyə salır ki... Nə etsinlər? Eyni mövzuda nə qədər zarafat etmək olar? Bu qeyri-mümkün olan bir şeydir. Müəyyən çərçivələr və mövzular var ki, televiziya rəhbərləri onu etməyə qadağa qoyur. Deyir ki, "bu mövzuya toxunma, onu tənqid etmə, bunu demə" və sairə. Bu baxımdan onları qınamıram. Nəticədə onlarda alınan yumor bizə yaxın deyil. Biz başqa yumorla çalışır, başqa satiradan qaynaqlanırıq. Bunu tamaşaçı kimi  deyirəm. 

- Bəs son vaxtlar televiziyalarda baş verən dəyişiklikləri necə dəyərləndirirsiniz?

- Mənim üçün sürpriz oldu ki, dövlət televiziyamız AzTV tam dəyişdi. Yaxşılığa doğru çox maraqlı layihələr yaranıb, uğurlara imza atıblar. Bir tamaşaçı kimi buna çox sevinirəm. Başqa kanallara gəldikdə isə, mənim üçün "köhnə hamam, köhnə tas"dır. Elə bir irəliləyiş görmürəm.

- Son bir həftədə nüfuzlu şəxslərin şantaj formatında yayılan videolarına münasibətiniz necədir?  

- Mən siyasətçi deyiləm. Lakin bir sənətkar kimi konsertlərimizin birində bu mövzuya yumor prizmasından baxa bilərik. Amma bu mövzuda məndən ciddi bir cavab gözləməyin. Qoy bununla bağlı videoları yayılanların həmkarları,  dostları cavab versin. Mənə qalsa, bu məsələni şişitməzdim. İnsanıq, hamımızın səhvi var. Məlum olduğu kimi, o insanlar işdən azad olundular, öz cəzalarını aldılar. Bəs biz niyə hələ də onları mühakimə və müzakirə edirik, bunu başa düşə bilmirəm. Məgər biz səhv etməmişik? Əlbəttə ki, biz də səhv etmişik, amma onu heç kim bilməyib. Təəssüflər olsun ki, onlar bütün ölkədə belə tanındılar. Amma mən buna nə sevinərdim, nə də onları mühakimə edərdim. Özüm də digər insanlar kimi səhvlər, günah içindəyəm. 

- İşğaldan azad olunduqdan sonra Şuşaya ilk səfər edənlərdən biri də siz oldunuz. Baba yurdunuza getdiniz, oradan xeyli kövrək notlarla foto və videolar paylaşdınız. Sonradan yenidən Şuşanı ziyarətə getdinizmi? Hansı yeniliklər, dəyişikliklər müşahidə etdiniz?

- Təəssüf ki, həmin səfərdən sonra hələ ki, Şuşanı yenidən ziyarətə getməmişəm. Lakin ürəyimin yarısı buradadırsa, yarısı oradadır. Daha dəqiq desəm, ürəyimin ən böyk hissəsi Şuşadadır. 

- Yəqin ki, gələcək konsertlərinizin birini məhz o müqəddəs torpaqda keçirməyi düşünürsünüz.

- Konsert bir kənara, mənim planım həmişəlik Şuşada yaşamaqdır.    

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 14 Sentyabr 20:0141

    Bu indi AzTv ni terifledi?,hemise söz atmaca atib laqa qoyurdu ki Özüde o vaxtdan yadda qalib bunun bir sözü diller ezberi olmusdu deyirdi kim kime yandirici qarqiş etmek isteyir bele desin-Seni görüm ömrü boyu Az Tv yə baxasan

    Cavab yaz
    • Anonim
      Boncuk · 14 Sentyabr 21:5530

      Yaltaglanir ki, Murad, kimi buda. azt nin muduru,olsun yegin.))

      Cavab yaz
  • Anonim
    !!! · 15 Sentyabr 00:3820

    Tahir muəllim,suallara səmimi və dogru cavablariniz üçün təsəkkurlər.Cox istəyərdik yeni layihələriniz,yeni isləriniz olsun.

    Cavab yaz
  • Anonim
    Lalə · 15 Sentyabr 10:2200

    Guya özundə yenilik var. Özüdə köhnə hamam köhnə tasdir. Hər konsertində şit, məzmunsuz yumorlar. Gücü ancaq Reqsaneyə sataşmağa çatıb. Yaxşı ki Heç bir kanal dəvət etmir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.