Şou-biznes

"Məgər hamının nəsli-kökü təmizdir?!" - MÜSAHİBƏ

15 May 2019 17:29
0 Şərh     Baxış: 4 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadənin oxu.az-a müsahibəsini təqdim edir:

- Xeyli müddətdir səsiniz-sorağınız gəlmir. Şou-biznes və mədəniyyət aləmində nə var, nə yox? Nədən narazısınız, nədən narahatsınız?

- Üzərimdə yük çoxdur, işlərim çox olur. Fiziki cəhətdən çətin olsa da, gücümü məsuliyyətdən alıram. Şou-biznes və mədəniyyət aləminə gəldikdə, hər ikisində məni yalnız bir şey narahat edir, qeyri-peşəkarlıq. Məsuliyyətsizlik, qeyri-ciddilik və ağılsızlıq da bu siyahıdadır. 

Əgər biz kiminsə sənətdə normal yetişməsini, mütəxəssis olmasını istəyiriksə, onu düz istiqamətləndirməliyik. Bir insana sən mütaliə etmirsənsə, deməli, keyfiyyətsizsən, deyə bilmərik. 

Pafoslar, böyük-böyük danışmaqlar, gurultulu sözlər, cümlələr, çox ciddi görünüş almaq - bunlar şouya aiddir. Şou elə budur. 

- Siz də şou göstərirsiniz?

- Məni ciddi bir insan kimi tanıyırlar. Deyirlər ki, Gövhər çox sərt danışır. Mən sərt danışmıram, qarşı tərəfə sözümü deyirəm. Heç kimdən heç nə tələb etmirəm. Deyirəm, gəlin, bunu edək. Çünki heç kimdən heç nə tələb edə bilmərik. Tələblə heç bir şey olmur. Sadəcə, insan hər hansısa bir işi görəndə onu sevərək etməlidir.

- Cilddən-cildə girməkdən danışdınız, yeri gəldi, soruşum. Şou-biznesdə ikiüzlülər çoxdur, yoxsa minsifətlilər?

- İkiüzlülər! Onlar hər zaman olub. Bəzi insanlar iradəli, güclü deyil, zəif tərəfləri var. Bəzən qorxaraq, çəkinərək hamının üzünə gülmək məcburiyyətində qalırlar. Bunları görüb, çaş-baş qalırsan ki, görəsən, hansı odur? 

Minsifətli olmaq isə özü bir bacarıqdır. O cür insanlar hələ özlərini cəmiyyətdə tapmayanlardır. Bəzən özü o sifətlərin içində itir, özünə sual verir ki, hansı mənəm?! Bütün ortamlarda özünü yaxşı hiss edir. Amma birdən ayılır ki, heç yerdə yoxdur, heç kimdir. Həyatda elə ən qorxulu şey odur. Hamının sevimlisi ola bilməzsən. Hamının xoşuna gələ bilməzsən. Ya sənə nifrət bəsləyəcəklər, ya da səni sevəcəklər. Bu, ən gözəl tərəfindir. Kimin üçünsə, ümumiyyətlə, mövcud olmamaq da var ki, bu, ən dəhşətlisidir.

- Müğənni Rüfət Axundov və əməkdar artist Rəşad İlyasovun canlı efirlərin birində mahnı ifa edərkən söyüş söyməsi gündəmi alt-üst etdi. Bu hadisə cəmiyyətdə birmənalı qarşılanmadı. Xoşagəlməz olayla bağlı siz nə düşünürsünüz?

- Videoya baxanda, öncə başa düşmədim. Düşündüm ki, montajdır. Sonradan izah etdilər, həmçinin, özüm də diqqətlə dinlədim. Rəşad illərin sənətkarıdır. Bəs necə oldu, bu hadisə baş verdi? Özüm üçün qısa olaraq belə yozmağa çalışıram: kişi məclisində, adətən, bu kimi zarafatlar olur.

Kişilər üçün normal sayılan bu cür nalayiq ifadələr həmin məclislərdə səslənir. Bir-biri ilə danışanda belə, zarafatları çox kobud olur. Amma əfsuslar olsun ki, bu dəfə hər şey canlı efirdə olub. Allah mərdimazara lənət eləsin. 

Məni qıcıqlandıran və sevmədiyin elə insanlar var ki, heç onların başına bu cür hadisələr gəlmir. Hər iki sənətçinin "adamlığı" ola-ola adları xoş olmayan hadisədə hallandı. İnanın ki, eşidəndə şok yaşadım. Bəlkə də, bundan sonra daha ciddi yanaşarlar. Müğənnilər nitqlərinin üzərində çalışmalıdırlar. "Necə istəyirəm, elə də danışıram, zarafat edirəm" məsələsi efirdə yolverilməzdir. 

- Yaşanan xoşagəlməz hadisələr fonunda AzTV ilə yanaşı, digər özəl kanallarda da Bədii Şuranın yaradılması gündəmə gəldi. Nəticədə ATV-də Bədii Şura yaradıldı. Sizi isə şuranın üzvlərindən biri seçdilər. İlk iclasda hansı problemləri müzakirə etdiniz? ATV-də yaxın zamanda hansı dəyişikliklər olacaq?

- Üzərimə qoyulan məsuliyyəti çox gözəl dərk edirəm. Bu, o demək deyil ki, şura yaradıldısa, sabahdan etibarən bütün əyri-əskiklər düzələcək. Buna da zaman lazımdır. Efirdə olan lazımsız məsələlər təmzimlənərək öz həlli yolunu tapacaq. 

Birinci iclas dörd saat çəkdi. O insanların yanında mənim çıxışım yalnız beş dəqiqə ola bilərdi (gülür). Çalışdım, mən də öz fikirlərimi tez-tez izah edim. 

Musiqimizdə, ifaçılıq sənətində o qədər eybəcərliklər var ki, bu səbəbdən Bədii Şuranın yaradılmasına ehtiyac duyuldu. Şuranın müzakirə obyekti isə Azərbaycan dili oldu. Azərbaycan dilinə, sənətinə, musiqisinə və dövlətçiliyinə qulluq etmək üçün nə lazımdırsa, onları mükəmməl şəkildə, efir vasitəsi ilə təqdim etmək şuranın əsas prioritetidir. Televiziya məkanında uşaqlar üçün proqramlar olsa da, yeniyetmələr üçün verilişlər yoxdur. Çalışacağıq ki, onların maraq dairəsində keyfiyyətli və baxımlı verilişlər yayımlansın. 

- Belə çıxır ki, bundan sonra bəzi müğənnilər pul verib, öz bayağı mahnılarını TV-lərdə təqdim edə bilməyəcəklər?

- İstər kommersiya proqramı olsun, istər olmasın. Ödənişli proqramlarda da yaxşı musiqi səslənməlidir. Pul verirsə, o demək deyil ki, nə istəsə, oxuya bilər. Bütün bunların yoluna qoyulması isə bir az zaman alacaq. 

- Deputatlar da tez-tez şou-biznes nümayəndələrini geyimlərinə, danışıq tərzlərinə və oxuduğu mahnılara görə tənqid edirlər...

- Onlar millət vəkilidir - yəni millətin vəkili. İnanın mənə, onlar öz fikirlərini söyləmirlər. Onlar millətin sözünü deyirlər.

Şəxsən mən millət vəkili olmasam da, getdiyim hər hansısa yerdə, girdiyim dükanda, kassada belə insanlar öz iradını mənə bildirir. Söyləyirlər ki, ötən gün verilişə baxdıq, ayıb deyil, müğənni o cür geyimdə efirdə çıxır? Yaxud o mahnını niyə pis günə salıblar? Bunu söyləyən millətdir. Bəs bu millət öz sözünü kimə desin? Əlbəttə ki, millət vəkilinə.

Onlar bütün bölgələrə gedirlər, hər bir sahə ilə maraqlanırlar. Əhali deyir ki, siz oturmusunuz Milli Məclisdə, efirdəki neqativləri görürsünüz, niyə icazə verirsiniz ki, uşaqlarımız onlara baxsın, tərbiyəsi pozulsun? Millət vəkili də o mikrofondan bu iradları səsləndirir ki, aidiyyəti qurumlar bundan nəticə çıxartsınlar. 

Əlbəttə ki, millət vəkilləri müğənnilərin geyiminə, danışığına, mədəniyyətinə qarışa bilməz. Gedib onları cəzalandıra da bilməz. Amma kaş ki, bir cəza növü olaydı. Olsun və onlara cərimələr yazılsın. Bu kimi neqativ halların yaşanmaması üçün tənzimləmə proqramı hazırlanmalıdır ki, müğənnilər də özlərinə çəki-düzən versinlər. 

- Televiziyalarımızın əksəriyyətində sosial yönümlü verilişlərə kifayət qədər zaman ayrılır. Son günlər isə müğənnilərin ailə-məişət problemləri bu proqramlarda müzakirə olunur. Kimsə kiminsə ərini əlindən aldı, hansısa müğənni evli kişidən uşaq dünyaya gətirdi və s. Bu kimi söhbətlərin TV-də işıqlandırılması nə dərəcədə düzgündür?

- Əvvəllər qınaq daha güclü idi. Bu kimi məsəsələlər müzakirə olunurdu, qınanılırdı, amma şoulaşdırılmırdı. Niyə efirdə seçmə adamların şəxsi həyatı ortalığa çıxarılır? Elədirsə, o zaman hamının şəxsi məsələlərini efirə çıxaraq. Guya şəxsi həyatı açıb-ağardanda nə olur? Üstündən 3-5 ay keçəndən sonra dalaşanlar yenidən barışırlar. Camaatı niyə əsəbiləşdirirsiniz? 

Populyar insanın həyatı hər zaman maraqlı olur. Onların böyük eyiblərini sosiallaşdırmağa çalışırlar. Amma başa düşmürlər ki, onun eybini efirə çıxarıb müzakirə edəndə, onun tamaşaçısını incidirlər. 

Məgər hamının nəsli-kökü təmizdir? Ailə qurduğumuz şəxslərin ailələrində, dost-tanışımızda nankor, nanəcib yoxdur? Təbii ki, var və bu, bizim eyibimizdir. Hamıda var. Bunu o zaman sosiallaşdıra bilərik ki, bizim ona yardımımız, köməyimiz dəyəcək. 

- Bu yaxınlarda balaca qız uşağına, ümumiyyətlə, uşaqlara qarşı bullinqin ölümlə nəticələnəcəyinin şahid olduq. Sizin də qızınız var. Qızınızı ətrafdakı təzyiqlərdən, küçə-bacadakı manyaklardan necə qoruyursunuz? 

- Mənim üçün bu çox həssas və ağır mövzudur. Mən o uşağın başına gələn hadisədən sonra üç gün yataqda olmuşam. Psixoloji travma almışdım. Əsəbdən tutmalarım yaranmışdı, özümdən gedirdim. Üç gün həkimlərin nəzarətində müalicə almışam. 

Bəli, mənim də qız övladım var. Qızımı səmimiyyətimlə qoruyuram. O, səhv danışırsa belə, səhvini düzəltmədən, diqqətlə qulaq asıram. Baş verən bu qorxunc hadisədən sonra çox qorxmuşam. Özümü bu məsələdə günahkar bilirəm. Bəli, mənim də günahım böyükdür.

Boynuma alıram. Kaş ki mən orada olaydım.  Elina Hacıyevanın ölümündə hamını günahkar görürəm və hamıdan narazıyam. 

Mən öz övladımı sıravi bir məktəbə qoymuşam. Çünki istədim ki, o, sıradan bir uşaq kimi böyüsün. Baxmayaraq ki, o, tək övladdır. Mənim övladım ilk dəfə dil açanda "ana", "ata" yox, "olmaz" deyib. Çünki ona o qədər "olmaz, olmaz" demişəm ki, ilk bu kəlməni söyləyib. 

Qızıma ürəyi nə istəyirsə, almışam, it də, pişik də. Heç kimin xətrinə dəyməsin, amma it də, pişik də biz valideynlərik. Biz onlara yetməyəndə, it və pişik istəyirlər. Danışırlar, ünsiyyətə məhz heyvanlarla girirlər. Uşaq ünsiyyət istəyir, qayğı istəyir. Bunu uşaqlarınıza çox görməyin.  

- "Avroviziya" müsabiqəsi artıq başladı. Necə düşünürsüz, Çingiz Mustafayev ölkəmizi beynəlxalq yarışmada layiqincə təmsil edə biləcək? Mahnısını bir bəstəkar olaraq necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, Çingiz bundan öncəki təmsilçilərimizdən daha peşəkar və daha ürəklidir. O səhnə bilirsiniz necə səhnədir? Oraya çıxan insandan yalnız 10 faizi qalır. 90 faizi emosiyalarla uçub gedir. Bir də o səhnədən düşəndə düşünürsən ki, harada idim. O möhtəşəm səhnədə, əlbəttə ki, təcrübəli insan lazımdır. 

Düşünürəm ki, Çingiz o emosiyaların qarşısında özünü təqdim edə biləcək. İstəyirəm, arzulayıram ki, finala keçək. Finala keçəndən sonra isə başqa şeyləri arzu edəcəyik. Çingiz neçənci yeri tutacağını fikirləşməsin. 

Yer tutmaq SMS-ə bağlı məsələlərdir. Sən elə çıxış et, 100 faiz özünü təqdim et ki, Azərbaycanı yaddaşlara həkk et. 

O ki qaldı mahnıya, Avropa tamaşaçısı bəyənəcək. Daha çox efir mahnısıdır. Səhnədə eşitməmişəm, düşünürəm ki, səhnədə texniki baxımından o səslənməni təmin edə biləcəklər mi? Çünki orada studiya səslənməsi var. Çingiz nəsə edəcək. Çingiz o çətin vəziyyətdən çıxacaq. Onda o məharət və istedad var. Səhnədə bir şeylər yaradacaq. Ümid edirəm ki, onun çıxışı maraqlı olacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.