Ölkə

Bakıda qadın işdə 1 milyon mənimsəyib? - "Şirkət 54 milyon manatı gizlədir"

24 Oktyabr 2025 13:16
Baxış: 757
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Rifah Qrup" MMC-nin baş mühasibi vəzifəsində çalışmış Samirə Zeynalova təxminən bir milyon manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur.

Milli.Az xəbər verir ki, o, şirkətdə cəmi bir il fəaliyyət göstərib. İstintaq materiallarında qeyd olunur ki, bu müddət ərzində Zeynalova yaxın qohumlarının adına bank kartları açdıraraq həmin hesablar vasitəsilə şirkətə məxsus pulları köçürüb. Bundan başqa, rəsmi sənədlərə saxta məlumat daxil etməklə ümumilikdə 803 min 429 manat məbləğində vəsaiti mənimsədiyi bildirilir.

Bu əməllərlə bağlı Samirə Zeynalovaya xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və səlahiyyət hədlərini aşma maddələri ilə ittiham irəli sürülüb. İttihamların ağırlığı səbəbilə o, barəsində həbs qətimkan tədbiri seçilib və hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Prokuror onun təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

Lakin müttəhim irəli sürülən ittihamları qəbul etmir. O bildirir ki, şirkətdə baş verən qanunsuzluqları üzə çıxardığı üçün təzyiqə məruz qalıb. Birinci qrup əlil və dörd uşaq anası olan Zeynalova iddia edir ki, "Rifah Qrup" faktiki olaraq Elnur Təvəkkül oğlu Əliyevin nəzarətindədir. Onun sözlərinə görə, şirkətin ümumi maliyyə dövriyyəsi 287 milyon manat təşkil etsə də, 54 milyon manat sosial ödənişlərdən yayınma halları mövcuddur.

Zeynalova qeyd edib ki, 2021-ci ildə 1500 manat maaş vədi ilə işə götürülüb, amma rəsmi şəkildə kartına yalnız 350 manat köçürülüb. O həmçinin şirkətdə 1700 nəfərin əmək müqaviləsiz işlədildiyini, bu səbəbdən də vergidən və sosial ödənişlərdən yayınmaların geniş miqyas aldığını deyib. Müttəhim bildirir ki, şirkət işçilərinin bəziləri çirkli pulların yuyulması prosesində də istifadə olunub.

Zeynalovanın sözlərinə görə, o, bu məlumatları şirkətin uçot sisteminə təsadüfən daxil olaraq əldə edib və rəhbərliyə çatdırdıqdan sonra təqib olunmağa başlayıb.

Hazırda o, məhkəmədən işin hərtərəfli araşdırılmasını və əsl məsul şəxslərin cinayətə cəlb edilməsini tələb edir. Növbəti iclasda müdafiə tərəfinin yekun çıxışı gözlənilir. /Qafqazinfo

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.