Şou-biznes

Məşhur qazax rejissor: ““Azərbaycanfilm”in indiki durumu məni məyus etdi”

10 Dekabr 2023 04:45
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində Bakının qonağı olan nüfuzlu festivalların qalibi qazaxıstanlı kinorejissor, ssenarist, prodüser Fərhad Şəripov Teleqraf.com-un suallarını cavablandırıb.

Rejissor "Çəhrayı dovşanın nağılı" debüt tammetrajlı bədii filminin Qazaxıstan prokatında böyük uğur qazanmasıyla şöhrət tapıb. Qazaxıstan Milli İncəsənət Akademiyası və Nyu-York Film Akademiyasında təhsil alan rejissorun növbəti filmləri isə onu dünyada tanıdıb. Busan Film Festivalında dünya premyerası baş tutan "Liderin sirri" sosial dramı Moskva Beynəlxalq Kinofestivalında, "Avrasiya" Film Festivalında Qran Priyə layiq görülüb. "18 Kiloherts" filmi Varşava Film Festivalında Qran Pri alıb, Kottbus Beynəlxalq Film Festivalında "Ən yaxşı gənclik filmi" kimi fərqlənib. 2022-ci ildə lentə aldığı "Sxem" filmi isə Berlinalinin "Generation 14+" bölümündə Qran Pri ilə təltif edilib.

- Bakı Beynəlxalq Qısa Filmlər Festivalının beynəlxalq tərkibli münsiflər heyətində yer alırdınız. 42 filmə baxdınız və qalibləri seçdiniz. Münsif olaraq filmləri dəyərləndirəndə nəyə daha çox önəm verirsiniz?

- Kino müstəqil incəsənət növüdür. Onun sehri, gözəlliyi də bundadır. Ona görə bu audiovizual məhsula hansısa tələb irəli sürmək çox çətindir. Film mənə təsir etməli, məni duyğulandırmalıdır. Məni heyrətləndirən filmləri çox sevirəm, gözlənilməz filmlər daha cəlbedicidir.Filmlərdə yeni kəşflər, yeni dil görəndə sevinirəm. Aktual mövzuların ekranda canlanması isə xüsusi maraq doğurur.

Həyatın ekranda mümkün qədər real şəkildə göstərilməsi mənim xoşuma gəlir. Filmə bütünlüklə qərq olanda həzz alıram, ekranda baş verən hər şeyə inanmağa başlayıram.

- Filmlərin keyfiyyəti necə idi?

- Çox müxtəlif. Burada artıq dünya arenasında uğurlu kino karyerası olan rejissorların filmləri də var idi. Onlar Kann, Venesiya və eləcə də o səpkili A kateqoriyalı festivalları fəth etmiş peşəkar rejissorlardır. Bununla yanaşı debut filmlər də yarışırdı. Amma bütün hallarda hamısı təəccübləndirməyi bacarırdı və o filmlərə baxmağa sərf etdiyim vaxt olduqca keyfli keçdi.

Ümumiyyətlə, festival özü də çox xoşuma gəldi. Həm təşkilati işlər, həm də filmlər yüksək səviyyədə idi.

- Qalibləri müəyyənləşdirəndə çətinlik çəkdinizmi? Bəzən münsiflər də fikir ayrılığı yaşayır...

- Digər münsiflərlə birgə festivalın ilk üç nominasiya üzrə filmlər barədə yekdil fikirdə idik. O biri nominasiyalar üzrə qalibləri müzakirə edərək seçdik.

- Fərhad bəy, bu dəfə qalibləri siz seçdiniz, amma siz də bir çox festivallardan mükafatla qayıdan rejissorsunuz. Bu, həyatınızda, yaradıcılığınızda nəyisə dəyişirmi?

- Əlbəttə, yaratdığın filmə görə qiymətləndirilmək gözəl hisdir və bu növbəti yaradıcı iş üçün imkanlar yaradır. Seçilirsən, tanınırsan....Əslində istər festivalda olsun, istər tamaşaçı tərəfindən tanınmaq olsun, bu, sizə növbəti layihəni həyata keçirməyə və mövzu seçməyə imkanı verir. Bu baxımdan, əlbəttə ki, işə yarayır.

- Bakını gəzə bildinizmi?

- Azərbaycana ilk gəlişimdir. Buranı kəşf etdiyimə sevindim. "Atəşgah"ı gəzdik, "Azərbaycanfilm" kinostudiyasında olduq. İlk növbədə diqqətimi çəkən memarlıq, şəhərin arxitekturasıdır. Bunu görəndə tarixi özündə hiss etməyə başlayırsan. Mənə elə gəlir ki, bu, vacib nüansdır.

- "Azərbaycanfilm" kinostudiyasında olduğunuzu dediniz. Təəssüratınız maraqlıdır.

- Bəli, sevinirəm ki, "Azərbaycanfilm"i gördüm, amma açığı oradakı mənzərə məni məyus etdi. Düzünü deyim ki, Azərbaycan filmləri barədə çox az məlumatım var, amma orada gördüklərim - məsələn rekvizit, geyim bölməsində olduq, divarlarda keçmiş filmlərin posterləri, rejissorların şəkillərini gördüm - mənə kinonuzun çox şərəfli tarixi olduğu barədə xeyli informasiya verdi. Üstəlik, festival təşkilatçıları və burada tanış olduğum kino adamlarından aldığım informasiyaya görə Azərbaycan kinosunun böyük tarixi yol keçdiyi aşkardır, amma belə bir möhtəşəm kinostudiyanın indiki durumu heç yaxşı hal deyil. Orada filmlər çəkilməlidi, iş prosesi artmalıdır, insanlar işləməli və beləcə, ənənə davam etməlidir. Bunu yaşatmaq vacibdir.

- Yaradıcılığa musiqiçi kimi başlamısınız. Sonra niyə film çəkmək ehtiyacı hiss etdiniz?

- Mən səs rejissorluğunu oxumalı idim, amma instituta daxil olanda bu ixtisasa qeydiyyat yox idi. 14 yaşımdan musiqi ilə məşğul olmuşam. "Utopiya" adlı qrupumuz vardı və mən orda vokalçı idim, mahnıların sözlərini də yazırdım. Zirzəmidə albom yazdırıb, stadionlarda çıxış edirdik. Ona görə gələcək həyatımı da musiqi ilə bağlamaq istəyirdim, amma institutda istədiyim ixtisasa keçə bilmədiyimə görə kinorejissorluqda oxumaq qərarına gəldim. Kino mənim üçün bilmədiyim bir sahə idi. Bir il sonra kinorejissorluğu buraxıb səs rejissorluğuna keçid etdim, amma institutu bitirməzdən öncə qəti qərarımı verdim və həyatımı sərf edəcəyim yolu tapdım. Başa düşdüm ki, kino məni musiqidən daha çox maraqlandırır.

- Kino prosesinin sizin üçün ən çətin mərhələsi hansıdır?

- Mövzunu tapmaq və onu yaxşıca araşdırmaq. Araşdırmaq çox vaxt aparır. Yazdığınız və sonda göstərmək istədiyiniz dünyanın nüanslarını tapmaq ssenarist işinin çox vacib hissəsidir.

Və yaradıcılıqda ilham pərisini gözləmək lazım deyil, əksinə materialı araşdırın - oxuyun, axtarın.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.