Siyasət

Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülh və əmin-amanlıq yaratmağa xidmət edir - Deputat

18 İyun 2021 21:10
Baxış: 427

Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı regionda barış, sülh, əmin-amanlıq və rifah yaratmaq məqsədi əsasında inkişaf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin imzalanma mərasimindən sonra mətbuata bəyanatında, bundan bir gün sonra isə Milli Məclisdəki çıxışında səsləndirdiyi fikirlər iki qardaş ölkənin tarixi köklərə, möhkəm təmələ əsaslandığının daha bir təcəssümünə çevrildi və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz olduğunu göstərdi.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Deputat daha sonra tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksəksəviyyəli əməkdaşlıq əsasında getdikcə möhkəmlənən Azərbaycan-Türkiyə birliyinin, vəhdətinin bu gün özünün yeni inkişaf mərhələsini yaşadığını vurğulayıb. O, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Milli Məclisində etdiyi çıxışın bunun bariz ifadəsi olduğunu bildirib: "Qardaş ölkənin rəhbəri həmin nitqində Azərbaycanın Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq tarixi torpaqlarını düşməndən təmizlədiyini, bu qələbə ilə bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yarandığını qeyd etdi. Möhtərəm Prezident dedi - Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişafı, rifahın yüksəlməsi, sabitliyin möhkəmlənməsi üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq".

R.Mahmudov açıqlamasında, eyni zamanda, İkinci Qarabağ müharibəsi başlanan ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən xalqımıza birmənalı, açıq dəstək ifadə edildiyini, Azərbaycanın tək, arxasız-köməksiz olmadığının beynəlxalq aləmə, dünya güclərinə çatdırıldığını xatırladıb: "Dövlətimizin başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, bu, bizi ruhlandırdı, bizə əlavə güc verdi, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, həmrəylik ifadələri bir daha bütün dünyaya Azərbaycan-Türkiyə birliyini, vəhdətini, ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi qardaş dövlətlər arasındakı münasibətlərin dərinliyini, səmimiliyini göstərdi, sübuta yetirdi".

R.Mahmudov əlavə edib ki, müharibənin həyəcanlı günlərdə Türkiyə mediası sözün əsl mənasında fədakarlıq göstərdi: "Qardaş ölkənin jurnalistləri həyatlarını risk altına ataraq, savaşın ən qaynar, təhlükəli nöqtələrindən bütün dünyaya operativ, dəqiq məlumatlar yaydılar. Bax, bu məqamla bağlı Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında deyib: "Mən özüm şəxsən müharibə dövründə bir çox hallarda Türkiyə televiziya kanallarında gedən reportajları izləmişdim və bir daha görürdüm ki, burada təkcə peşəkarlıq məsələləri deyil, burada həmrəylik, sevgi ilə dolu reportajlar verilir. Azərbaycanın haqq səsi, Azərbaycanın haqlı olması dünyaya çatdırılır və ən təhlükəli yerlərdən, bombalar düşdüyü yerlərdən Türkiyənin mətbuat nümayəndələri dərhal oraya gəlmişlər, reportajlar hazırlamışlar".

İkinci Qarabağ müharibəsində qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə Prezidenti savaş bitəndən sonra da daim Azərbaycanın yanındadır, yenə də ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərir. Möhtərəm Cümhurbaşqanının Bakıda keçirilən möhtəşəm Zəfər paradında sevincini, fərəhini xalqımızla bölüşdüyü də hamımızın yadındadır.

Bu fikrin təsdiqi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisində etdiyi çıxışından bir fikri diqqətə çatdırmaq istərdim - Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları - Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir".

Deputat vurğulayıb ki, indiki qardaşlığın kökü çox dərindir: "Çətin, ağır sınaqlardan çıxan bu qardaşlıq Vətən müharibəsindən sonra isə özünün yeni mərhələsinə daxil olub. Bu dönəmdə işğaldan azad olunmuş ərazilərimizin dirçəlməsində Türkiyə də öz töhfəsini verir. İnfrastruktur obyektlərinin tikilməsində, şəhər və kəndlərimizin, maddi-mədəni abidələrimizin bərpasında yaxından iştirak edir.

Azərbaycan-Türkiyə əməkdaşlığı, eyni zamanda, regionda yeni geosiyasi reallığı diqtə edir. Bu, barış, sülh, əmin-amanlıq və rifaha hədəflənən məqsəddir. Bu, bölgənin yeni inkişafını şərtləndirən, Naxçıvan ilə Bakını birləşdirən Zəngəzur dəhlizinin gerçəkləşdirilməsidir. İki qardaş ölkənin - Azərbaycan və Türkiyənin bu tarixi missiyanın öhdəsindən layiqincə gələcəyi isə artıq heç kəsdə şübhə doğurmur".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.