Siyasət

Vaşinqton Bakı gözləntilərini açıqladı: Qarabağ, Zəngəzur, geosiyasət - TƏFƏRRÜAT

9 İyun 2021 12:58
Baxış: 2 316

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Rikerin Bakıya səfəri gözlənilməz olduğu qədər təəccüblü də olmadı. Çünki regionda baş verən son proseslərə, verilən bəyanatlara nəzər saldıqda ABŞ-ın Cənubi Qafqazdakı proseslərə təmas edəcəyi görünürdü. Təxminən bir ay öncə Azərbaycan Xarici İşlər Naziri ilə Filip Riker arasında Azərbaycan və Ermənistan sərhədində baş verən "gərginlik" ilə bağlı fikir mübadiləsi aparılmışdı. 

Son olaraq isə günlər öncə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti olaraq icra edən Nikol Paşinyanın etdiyi açıqlamalar, Paris və Brüssel səfərləri də Qərbi, xüsusən də Vaşinqtonu təcili olaraq vəziyyətə müdaxilə etmək üçün atılan addım idi. 

Paşinyanın Ermənistan-Azərbaycan sərhədində yaranmış böhranın həlli üçün iki ölkə sərhədində beynəlxalq qüvvələri yerləşdirmək barədə məlum təklifi ilə nəyi hədəflədiyi və niyə Rusiyanın rəhbəri olduğu KTMT yox, məhz Qərb (NATO) qüvvələrini bölgəyə gətirməyə can atdığı gün kimi aydındır. Soros fondu Ermənistanda təkcə "medianın inkişafı" adı altında 5 milyon dollardan çox pul xərcləyib ki, bu media orqanları da Paşinyanın hakimiyyətə gəlməsində və Azərbaycan qarşısında aldığı ağır məğlubiyyətə baxmayaraq, hakimiyyətdə qalmasında müstəsna rol oynayır. Ona görə də bu gün Paşinyan hakimiyyəti bütün mənalarda Soros Fonduna bağlıdır. Soros isə Qərbin "inqilab" layihəsidir.

ABŞ dövlət katibinin köməkçisi səlahiyyətlərini icra edən Filip Riker ötən gün Azərbaycana səfərinin yekunlarına və Prezident İlham Əliyevlə danışıqlara dair Bakıda mətbuat konfransı zamanı söylədiyi "ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasında texniki kömək göstərməyə hazırdır. Bu, hər kəsə fayda gətirəcək" fikirlərinin Paşinyanın günlər öncəki tezisini tamamlaması təsadüfi sayıla bilməz. 

Bir neçə gün qabaq Paşinyan hədələyici tonda bildirmişdi ki, əgər sərhəd böhranının yoluna qoyulmasında bir nəticə əldə edilməzsə, "Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməsə" o zaman Ermənistan BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət edəcək. Paşinyan sərhəddəki son insidentlər zamanı Ermənistanı bu məsələdə saymayan KTMT və Rusiyaya faktiki olaraq meydan oxuyaraq, əgər Rusiya məni dəstəkləməsə, mən Qərb dövlətləri ilə əməkdaşlığı dərinləşdirə bilərəm mesajını verməklə qarşıdakı planları açıqlamış oldu. Yəni öncədən də aşkar görünürdü ki, Paşinyan sərhəd məsələsini böyütmək, beynəlminəlləşdirmək və Minsk Qrupunun digər iki həmsədr üzvü ABŞ və Fransanı regiona gətirməklə "bulanıq suda iri bir balıq tutmaq" istəyindədir. Nəzərə alsaq ki, Bayden hakimiyyəti erməni diasporasına yaxınlığı ilə seçilir, o zaman vəziyyət daha aydın olur. 

Hələ təxminən bir ay öncə (6 may) dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland və onun Avropa və Avrasiya işləri üzrə köməkçisi Filip Rikerin Kiyev səfəri, ardınca yaxın zamanlarda Vaşinqtonda Cozef Bayden və Vladimir Zelenskinin nəzərdə tutulan görüşü bir daha Rusiyanın rəqiblərinin gücləndirilməsi və regionda istəyini təmin etmək məqsədilə zəmin yaratmaq ehtimallarını ortaya çıxarır. ABŞ-ın son zamanlar Rusiya ətrafındakı bu fəallığı heç şübhəsiz ki, rəsmi Moskvanın əlini zəiflətmək məqsədi daşıyır. ABŞ yaxşı anlayır ki, bunun üçün ilk növbədə Rusiyanın keçmiş və hazırkı müttəfiqləri ilə bağları qoparmaq da bu yolda atılan ən əlverişli üsuldur.

 

F.Rikerin açıqlamalarında Ermənistanla Azərbaycan sərhədində baş vermiş son hadisələrdən narahatlığı təəssüratı yaratması başa düşüləndir. Onun "Biz tərəfləri məsələni tez bir zamanda dinc yolla həll etməyə çağırırıq. Tərəflər ATƏT-in Minsk qrupunun sədrliyi ilə substantiv danışıqları bərpa etməlidir" açıqlaması demək olar ki, bu səfərin əsas məqsəd və məramını bir daha bütün çılpaqlığı ilə ortaya qoymuş olur. 30 il ərzində münaqişənin həlli istiqamətində hər hansı bir əməli addımları ilə yadda qalmayan, prosesin həllində maraqlı görünməyən Minsk Qrupu həmsədrləri Ermənistanın işğalçılıq siyasətinin daha da uzanmasına zəmin yaratmaqla yanaşı, Azərbaycan torpaqlarında düşmənin ağır cinayətlər törətməkdə davam etməsi üçün münbit imkanlar yaratdı. Elə bunun nəticəsidir ki, 44 günlük müharibədən sonra beynəlxalq humanitar hüququn tələbi olsa da Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməməsi səbəbindən bu günə kimi 120-dən çox mülki və hərbi qulluqçu həlak olub, yaralanıb. Misal olaraq iyunun 4-də Kəlbəcərdə ikisi jurnalist olmaqla 3 Azərbaycan vətəndaşının mina partlayışı nəticəsində həyatını itirməsi faktını göstərə bilərik. Lakin buna rəğmən beynəlxalq humanitar hüququn bütün normalarını pozan Ermənistana o gün-bugün gözün üstə qaşın var deyən tapılmadı. ATƏT-in Minsk qrupu və həmsədrlər, eləcə də Avropa İttifaqı Ermənistanı həmin xəritələri təhvil verməsi ilə bağlı hələ də hər hansı bir çağırış etməyib. 

Filip Rikerin dünənki mətbuat konfransında Bakıdan Azərbaycan və Ermənistanı substansiv danışıqların bərpasına çağırması onun reallıqlardan, konfliktinin tarixi və təbiətindən xəbərsiz olmasını göstərsə də, reallıq tamam fərqlidir. Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyətdən, gərginliyin artmasından və erməni hərbçilərin əsir düşməsindən narahatlığını dilə gətirən F.Riker yəqin ki, rəsmi Bakının Azərbaycanın ələ keçirdiyi erməni diversantlarla bağlı mövqeyindən xəbərdardır: Onlar "hərbi əsir" sayıla bilməz. Çünki həmin silahlılar məhz 10 noyabr tarixindən sonra müxtəlif vaxtlarda saxlanılıblar və bu cəhdlərin cinayəttərkibli olduğu təsdiqini tapıb. Bunu təsdiq edəcək fakt kimi ötən gün Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyanın Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmadığı müəyyənləşdiyi üçün qarşı tərəfə təhvil verdiyi məsələsini göstərmək olar. Bununla Azərbaycan bir daha Ermənistandan fərqli olaraq nə qədər humanist olduğunu sübut etdi.

Vaşinqton bilməlidir ki, Balkanlarladakı təcrübə Cənubi Qafqazda keçərsizdir. Çünki bu gün Rusiyanın da 10 noyabr bəyanatı ilə artıq regionda mövcudluğunu qəbul etdiyi güclü bir Türkiyə dövləti var. Rəsmi Ankarının razılığı olmadan isə hər hansı bir başqa qüvvənin Cənubi Qafqazda mövcudluğu mümkünsüz görünür. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.