Siyasət

Prezident İlham Əliyev: Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb

21 May 2021 12:58
Baxış: 1 175

Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Əminəm ki, komissiyanın gündəliyi çox genişdir, çünki siz birlikdə çoxlu işlər görməlisiniz. Əminəm ki, sizin səfəriniz planlarımızın icrasında və yeni tədbirlərin planlaşdırılmasında çox önəmli bir addım olacaqdır. Əlbəttə ki, səfər uğurla inkişaf edən ikitərəfli əlaqələrimizi hətta daha da gücləndirəcəkdir. Sizin bildiyiniz kimi, mən dəfələrlə Birləşmiş Krallıqda olmuşam. Sonuncu səfərim üç il bundan əvvələ təsadüf edib. Onda o vaxtkı Baş nazir xanım Mey ilə görüşmüşdüm və çox yaxşı müzakirəmiz olmuşdur. Bundan sonra pandemiyaya baxmayaraq münasibətlər çox fəal fazada idi. Beləliklə, bu ilin fevral ayında biz nazir xanım Mortonu qəbul etdik. Onunla da yaxşı söhbətimiz oldu. İndi siz səfər edirsiniz. Bütün bunlar çox fəal siyasi dialoqu və iqtisadi sahədə böyük perspektivləri nümayiş etdirir.

Sizin Azərbaycana gəlişinizdən əvvəl məlumatlara nəzər saldım və gördüm ki, Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb. Bu, həqiqətən də çoxdur. Bu, bizim inkişafımıza kömək edib. Bu, bizə nəinki təkcə neft və qaz sənayesini inkişaf etdirməyə kömək edir, eyni zamanda, ümumi inkişafımıza kömək edir. Çünki, bu investisiya bizim büdcəmizə daxil olan və qeyri-neft sahələrinə təkrar investisiya kimi yatırdığımız gəlirlərə gətirib çıxarmışdır. Bu gün əməkdaşlıq çox fəal şəkildə davam edir. BP 30 il ərzində və ən azından bundan sonra da 30 il ərzində bizim strateji tərəfdaşımızdır, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.