Siyasət

Hücumumuz davam edəcək - Ermənistan sülh müqaviləsi bağlamasa...

16 Aprel 2021 11:25
Baxış: 2 551

"Zəngəzurun, İrəvanın qədim Azərbaycan torpağı olması faktı ilk dəfə deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilir".

Bunu Milli.Az-a açıqlamasında siyasi ekspert Fərid Əkbərov deyib.

Ekspert bildirib ki, döyüş meydanında Ermənistanın diz çökdürülməsi 30 illik danışıqlar prosesindəki masa üzərində olan sənədlərdəki Azərbaycan əleyhinə olan bəndlərin məhvinə gətirib çıxardı:

"ADA" Universitetində beynəlxalq ekspertlərlə görüşdə Prezidentin bu fikri yenidən səsləndirməsi, xüsusi ilə də postmüharibə dövründə bu fikrin yenidən gündəmə gəlməsi məncə, ayrı siyasi məna daşıyırdı. Dövlət başçısı həmin çıxışında "Mən deməmişəm ki, biz ora tankla qayıdacağıq. Demişəm ki, qayıdacağıq. Zəngəzur dəhlizinə qayıdırqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm" fikirlərini səsləndirib. Əslində Prezidentin çıxışının məhz bu hissəsində bir sıra siyasi işarələri görmək mümkündür. Bu siyasi işarələr nədən ibarətdir? 

Məlumdur ki, ötən ilin noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanan bəyanatın ən mühüm bəndlərindən biri Zəngəzurdan Naxçıvana dəhlizin açılması ilə bağlı müddəa idi. Bu müddəa əslində Azərbaycanın 44 günlük Qarabağ müharibəsində torpaqlarını işğaldan azad edərək əldə etdiyi qələbəyə bərabər bir müddəadır. Bilirik ki, 30 ilə yaxındır gedən danışıqlar prosesində masa üstündə olan sənədlərdə Zəngəzur Dəhlizinin heç "D"sı da yox idi. Ancaq iki dəhlizdən, Ermənistanla Dağlıq Qarabağ ərazisin birləşdirən Laçın və Kəlbəcər dəhlizlərindən söhbət gedirdi. Lakin döyüş meydanında Ermənistanın diz çökdürülməsi 30 illik danışıqlar prosesindəki masa üzərində olan sənədlərdəki Azərbaycan əleyhinə olan bəndlərin də məhvinə gətirib çıxardı. Həmin sənədlərə görə Azərbaycana sülh yolu ilə qaytarılması vəd olunan ərazilərdə silahlı qüvvələrimiz də olmamalı idi, ümumilikdə, region demilitirizasiya (hərbisizləşdirilməli) olunmalı idi. Regionda ancaq sülhməramlılar silah daşımaq hüququna malik olacaqdılar. Lakin 44 günlük müharibənin nəticəsində bu gün Azərbaycan Ordusu Ermənistan-Azərbaycan sərhədi boyunca, eləcə də Qarabağda torpaqlarımızı müdafiə edirlər. Eyni zamanda üçtərəfli bəyanata görə, Ağdam, Kəlbəcər və Laçının böyük bir hissəsi döyüş əməliyyatlarsız Azərbaycana qaytarıldı. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq regionda hərb yolu ilə məqsədə çatmaq mərhələsi bitib. Bundan sonrakı mərhələ ancaq sırf diplomatiya mərhələsidir. Ermənistan, xüsusi ilə də onun havadarları Azərbaycanın hərbi gücünün şahidi oldular. Ara-sıra revanşist qüvvələrin bəyanatları səslənsə də, ümumilikdə müşahidələr onu göstərir ki, Ermənistan cəmiyyəti müharibənin nəticələri ilə barışıb. Barışmayanlar isə xaricdən, xüsusi ilə də şimaldan idarə olunan qüvvələrdir ki, onların da şansı bu gün, təkcə bu gün deyil, həm də yaxın gələcək üçün də sıfıra bərabərdir". 

F.Əkbərov deyib ki, Azərbaycan hücum diplomatiyasını davam etdirəcək:

"Qayıdaq dövlət başçısının Zəngəzura, İrəvana qayıtmaq məsələsinə, Azərbaycanın heç kəsin beynəlxalq hüquq səviyyəsində tanınmış torpağında gözü yoxdur. Lakin Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədikcə, rəsmi Bakı da daim İrəvan və Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu gündəmdə saxlamaq fikrindədir. Bu bizim artıq bir müddətdir ki, hücum diplomatiyasında olduğumuzu və bundan sonra da bu tip diplomatiyaya davam edəcəyimizi göstərir. Bununla da Ermənistana mesaj verilir ki, birdəfəlik Azərbaycanla sülh müqaviləsi bağlasın və Azərbaycanın ərazi bütövlüyünü tanısın. Əks təqdirdə, "dəmir yumruq" yenə də Ermənistanın başına dəyə bilər.  

Başqa bir məqam isə Zəngəzur dəhlizinin açılması ilə regionda iqtisadi-ticarət əməkdaşlığının genişlənməsidir. Azərbaycan Ermənistandan iqtisadi cəhətdən çox imkanlı ölkədir. Təbiidir ki, Zəngəzur dəhlizinin açılması ilə imkanlı tərəf daha böyük üstünlüyə malik olacaq. İqtisadiyyatın qızıl qaydası belədir. Pulu, gücü olan tərəf vəziyyəti diqtə edəcək. Təbii ki, bu prosesdən ermənilər də qazanacaqlar. Lakin istiqadi üstünlüyün Azərbaycan tərəfində olacağı şübhəsizdir. İqtisadi cəhətdən üstün olan Azərbaycan öz tarixi torpaqları olan İrəvan və Zəngəzurda da geniş imkanlara sahib olacaq. Məncə, Prezidentin "İrəvana və Zəngəzura qayıdacağıq" bəyanatının əsas mənası məhz bu məqam idi". 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.