Siyasət

Pakistan dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

4 Noyabr 2025 16:54
Baxış: 338

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, təbrik məktubunda qeyd olunub:

"Zati-aliləri.

Şanlı Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu gün Zati-alinizin uzaqgörən rəhbərliyi ilə Vətəninin suverenliyini və ərazi bütövlüyünü fədakarlıqla bərpa edən Azərbaycan xalqının əzmkar mübarizəsinin və qətiyyətinin qürurverici təntənəsidir. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycanın müasir tarixində ədalətin, dözümlülüyün və milli birliyin rəmzi olan əlamətdar bir nailiyyət kimi qalır.

Bu il Qələbə Gününün qeyd olunması Ermənistanla münasibətlərdə əhəmiyyətli inkişafdan sonra regionda davamlı sülhə doğru müsbət nəticələrin təşviq edilməsi ilə üst-üstə düşdüyündən xüsusi əhəmiyyət daşıyır. Bu tarixi məqam hamı üçün sabitlik, əməkdaşlıq və firavanlıqla təmin olunacaq gələcəyin qurulması üçün yeni ümidlər doğurur.

Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli və ardıcıl dəstəyini bir daha təsdiqləyir. Əminəm ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq və qardaşlıq əlaqələri qarşıdakı illərdə də möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.