Siyasət

"Yenidən müharibə başlasa, bu, Rusiyanın avtoritetini ciddi zədələyə bilər"

28 Yanvar 2021 16:49
Baxış: 2 208

"Ermənistanın texnologiyalar nazirinin Qarabağa səfər edəcəyi ilə bağlı yayılan xəbərlər hər şeydən əvvəl onu göstərir ki, Ermənistan rəhbərliyi 44 günlük müharibənin nəticələrindən yetərli dərs çıxarmayıb".

Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, rəsmi Moskvanın son bəyanatlarından çıxan nəticəyə görə Qarabağ bölgəsi ətrafı və dağlıq hissəsi ilə birlikdə Azərbaycanın ayrılmaz tərkib hissəsidir və status məsələsi isə ümumiyyətlə gündəmdə deyil:

"Bu, təkcə Azərbaycana qarşı yönəlmiş təxribat cəhdi deyil. Ermənistan hakimiyyəti bununla həm də Rusiyanın vasitəçilik missiyasına qarşı sabotaj həyata keçirmiş olur. Nəzərə alaq ki, 11 yanvar tarixində keçirilmiş Moskva toplantısı regionda kommunikasiyaların açılması istiqamətində çox ciddi razılaşmalarla yadda qaldı. Paşinyan özü də həmin sənədə qol çəkərək regionda dərin inteqrasiyanın getməsinə razılığını ifadə etmişdi. Amma görünən odur ki, Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarının ruhuna zidd addımlar atmaqla Rusiyanın vasitəçilik missiyasına bir növ qarşı çıxmağa cəhd göstərir. Rəsmi Moskvanın son bəyanatlarından çıxan nəticə odur ki, Qarabağ bölgəsi ətrafı və dağlıq hissəsi ilə birlikdə Azərbaycanın ayrılmaz tərkib hissəsidir və status məsələsi isə ümumiyyətlə gündəmdə deyil. Belə olan halda bugünkü reallıqlar Ermənistan üçün revanşist ideyaları birmənalı istisna edir. Əgər regionda yenidən müharibə alovlansa, bu, hər şeydən əvvəl Rusiyanın avtoritetini ciddi şəkildə zədələyə bilər. Ona görə də bu kimi qanunsuz səfərlərə sülhə zəmanətçi ölkə olaraq Rusiya imkan verməməlidir. Sülhməramlı qüvvələrin Laçın dəhlizi boyunca yerləşdirilməsi həm də bu məqsədə xidmət edir".

C.Əhmədli onu da deyib ki, Ermənistan iqtidarı öz xalqını post-konflikt dövrünün reallıqlarına hazırlamalıdır:

"Məsələnin "Biz nə etməliyik?" tərəfinə gəldikdə isə, düşünürəm ki, biz ilk növbədə sülhməramlı qüvvələr qarşısında tələbkarlığımızı artırmalıyıq. Xatırlatmaq istərdim ki, Prezident İlham Əliyev bu istiqamətdə ciddi xəbərdarlıqlar edib. Sülhməramlı qüvvələrin rəhbərliyi bundan nəticə çıxarmalıdır. Əks halda zəruri tədbirləri biz özümüz görməli olacağıq. Ölkəmizin sərhədlərini qanunsuz yolla keçən hər bir şəxs qanunla müəyyən olunmuş qaydada cəzalandırılmalıdır. Güman edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları lazım olan addımları atacaqlar. 

Ümumiyyətlə, Ermənistan iqtidarı bu kimi təxribat xarakterli gedişlər etmək əvəzinə, öz xalqını post-konflikt dövrünün reallıqlarına hazırlamalıdır. Bu ölkənin bütün siyasi mərkəzləri başa düşməlidir ki, revanşist ideyalarla yaşamağın heç bir perspektivi yoxdur. Əldə olunan üçtərəfli razılaşmaların vaxt itirmədən icra olunması erməni xalqını da gələcək ağır sosial-iqtisadi böhrandan xilas edə bilər. Əks halda, erməni xalqını qarşıda daha faciəvi günləri gözləyir. Azərbaycan dövləti isə bundan sonra da nəyin bahasına olursa-olsun, öz milli təhlükəsizliyini təmin edəcək. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, dəmir yumruğumuz hələ yerindədi, erməni faşizmi yenidən baş qaldırsa, nəticə onlar üçün daha ağır olacaq".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.