Siyasət

"Xalqımızın başında qurulmuş çox təhlükəli planlar dəf edildi"

20 Yanvar 2021 12:22
Baxış: 1 084

"1990-cı ilin 20 Yanvarı Azərbaycanın tarixində ən çətin, ağır, lakin müstəqillik uğrunda xalqın əzmini, iradəsini nümayiş etdirmək nöqteyi nəzərindən ən şərəfli səhifələrindən biridir".

Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, 20 Yanvar hadisələri zamanı da Azərbaycanda yaşayan etnik kökündən, mənşəyindən asılı olmayaraq bütün xalqlar bu ölkənin müstəqilliyi yolunda bir mövqedə olublar:

"Azərbaycanın müstəqilliyi uğrunda mübarizə məhz 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra daha da gücləndi və xalq, cəmiyyət müstəqil dövlətçiliyin nə qədər vacib olduğunu bir daha anladı. Çünki xalqda belə bir inam formalaşdı ki, əgər ölkə müstəqil dövlət olsaydı, onun siyasəti xaricdən müəyyən olunmasaydı o zaman xalqın da, dövlətin də müdafiəsini lazımi qaydada təşkil edə bilən siyasi hakimiyyəti ola bilərdi. 1990-cı ilin Yanvarında Azərbaycan xalqı özünün mübarizliyi, döyüşkənliyi ilə xalqımızın başında qurulmuş çox təhlükəli planları dəf etdi. Baxmayaraq ki, itkilərimiz oldu, qəhrəman oğul və qızlarımızı itirdik. İtirdiyimiz bu oğul və qızların içərisində Azərbaycanda yaşayan ən müxtəlif xalqların nümayəndələri var idi. Bu da bir daha sübut etdi ki, Azərbaycanda yaşayan, etnik kökündən, mənşəyindən asılı olmayaraq bütün xalqlar bu ölkənin müstəqilliyi yolunda əsasən bir mövqedə olublar". 

A.Quliyev deyib ki, sovet ittifaqın tərkibindəki xalqların milli azadlıq uğrunda mübarizəsinin ən aktiv səhifəsi Bakıda oldu:

"20 Yanvar hadisələri ilə Azərbaycan xalqını qorxutmaq, müstəqillik ideyalarından döndərmək, eləcə də Azərbaycana qarşı erməni təcavüzünün daha da gücləndirilməsi üçün bir əsas yaratmaq planı var idi. Ancaq Azərbaycan xalqı özünün mərd və mübariz davranışı müqaviməti ilə bu planları alt-üst etdi. Həm xalqın müstəqilliyə bağlı meyilləri daha da gücləndi, xalqın iradəsi qırılmadı, həm də bu hadisələrdən istifadə edərək Azərbaycana qarşı erməni təcavüzünə dünyada haqq qazandırmaq cəhdləri demək olar ki, puça uğradı.

Çünki elə ilk dəqiqələrdən ölkənin ziyalılarının, tanınmış insanların, siyasətçilərin, ən müxtəlif kanallarla, eləcə də xaricdə yaşayan Azərbaycan Diasporasının üzvlərinin fəal dəstəyi ilə Bakıda baş verən qırğınlar haqqında bütün dünya məlumatlandırıldı. Və nəticədə dünya başa düşdü ki, keçmiş sovet ittifaqında xalqların milli azadlıq uğrunda mübarizəsinin ən aktiv səhifəsi Bakıdır. Bakıda gedən proseslərə, milli azadlıq hərəkatına laqeyd qalmaq olmaz. və bu hərəkata dünyanın dəstəyi nə qədər güclü olsa, sovet imperiyası bir o qədər tez dağılacaq və Azərbaycan xalqı bir o qədər tez müstəqil olacaq. Bir sözlə 1990-cı ilin 20 Yanvar hadisələri faciəli notlara malik olsa da, Azərbaycanın siyasi tarixində böyük strateji, siyasi və mənəvi əhəmiyyəti olan bir hadisədir".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.