Siyasət

Polkovnik: Ermənilərin törətdikləri vəhşilikləri heç vaxt yaddan çıxarmamalıyıq

24 Noyabr 2020 16:11
Baxış: 1 135

"Ağdamın Gülablı kəndi Azərbaycana təhvil verilərəkən burada məskunlaşan ermənilər əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinin humanistlik nümayiş etdirərək onlara yardım etməsində təəccüblü bir şey yoxdur".

Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, bizim dinimiz və milli dəyərlərimiz insani xüsusiyyətləri aşılayır:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev humanistlik göstərərək həmişə deyib ki, sadə insanlarla işimiz yoxdur. Hətta Prezident onlara Azərbaycan vətəndaşı kimi yanaşıb. Yəni, bizim savaşımız işğalçılarladır, bizim savaşımız əli silahlı, qanunsuz hərbi birləşmələrlədir. Ona görə ki, Azərbaycan Respublikasının ərazisində hüquq normalarına və beynəlxalq tələblərə görə, Azərbaycan dövlətinə tabe olmayan hər hansı bir hərbi silahlı qurum qanunsuz hərbi qurum sayılır. Azərbaycan Prezidenti də dəfələrlə deyib ki, bizim savaşımız məhz separatçılığa, qanunsuz silahlı birləşmələrə qarşıdır, bizim savaşımız işğalçılara qarşıdır. Bizim mülki əhali ilə işimiz yoxdur. Hər hansı bir millətin nümayəndəsi olmasından asılı olmayaraq, hətta erməni də olsa biz ona Azərbaycan vətəndaşı kimi baxırıq. Yəni, bizim ərazimizdə olan insanlar Azərbaycan vətəndaşıdır. Vətəndaşlığı qəbul edəcək, etməyəcək və nə olacaq o artıq gələcəyin işidir. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan əsgərinin bu addımı bir daha bizim tərbiyəmizi göstərir.

Mən sizə bir hadisəni danışmaq istəyirəm: Sovet qoşunları Finlandiyaya daxil olanda orada bir ailə evini qoyub ərazidən qaçqın kimi çıxmalı olub. Yaşlı qadın evini yır-yığış edib, həyətə çıxıb. Qadın həyat yoldaşına deyib ki, bir dəqiqə gözlə mənim işim var. Həyətdə olan güllərdən yığıb və keçib evə onu stolun üstündəki güldanın içinə qoyub. Bunu görən həyat yoldaşı təəccüblü şəkildə qadından soruşur ki, "Axı sən nə edirsən? Biz bu evi tərk edirik, sən bu gülü kimə qoyursan?". Yaşlı qadın da cavab verir ki, "Mən istəyirəm ki, bura gələn insanlar bilsinlər ki, burada insan yaşayıb". Bu, milli mədəniyyətdir. Amma biz ermənilərdən tam başqa şeylər görürük. Ermənilər durduğu yerə bizim hərbiçilərə müraciət etməyiblər. Onlar öz hərbiçilərinə müraciət edib, onlardan görmədikləri qayğını, münasibəti, tərbiyəni bizim əsgərlərimizdən gördülər. Çünki bizim əgərlərimiz onlara mülki şəxslər kimi yanaşıblar və onlara imkan veriblər ki, onlar qalan əşyalarını çıxarda bilsinlər.

Bu kadrlar var: Sarkisyan, Monte Melkonyan terrorçuları kəlbəcərlilərə 10 saat vaxt vermişdilər. Kəlbəcərlilər qış vaxtında ayaqyalın vəziyyətdə yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalmışdılar. Amma Azərbaycan öz humanistliyini göstərir. Bu, Azərbaycan Ordusunun humanistliyi ilə yanaşı, xalqımızın tərbiyə nümunəsidir. Bizim dinimiz və milli dəyərlərimiz insanlara hörmətlə yanaşmağı aşılayır. Ermənilər bilsinlər ki, Azərbaycan övladları erməni əsgərlərindən, vandallarından fərqli olaraq bu addımı atmağa qadirdirlər.

Bizi qələbəyə aparan amillərdən biri budur ki, bizim əsgərlər 44 günün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə vətəninə sadiqliyi, bağlılığı ilə misilsiz qəhrəmanlıq nümunəsi göstərərək canlarından belə keçməyə hazır olduqlarını nümayiş etdirərək öz torpaqlarından işğalçıları qovaraq qalib gəldilər. Azərbaycan ordusu bu müharibədə XXI əsrin tələbərinə cavab verən müasir ordunun nümunəsi kimi tanınacaq. Əsgərlərimizin millətindən asılı olmayaraq sadə insanlara qarşı belə addımları bir daha göstərir ki, Azərbaycan xalqı ermənidən fərqli olaraq humanist xalqdır. İnsana xas olan xüsusiyyətlər Azərbaycan Ordusunda, Azərbaycan əsgərində, vətəndaşında və Azərbaycan ailəsində böyüyən övladlarda var.

Düşünürəm ki, vəziyyət elə inkişaf edəcək ki, Azərbaycan torpağında Azərbaycan vətəndaşı kimi yaşayacaq ermənilər torpaqlarımızda vandallıq törədən soydaşlarına gec-tez qiymət verəcəklər. Ancaq bu humanistliklə yanaşı, biz həmişə ayıq-sayıq olmalıyıq, heç vaxt ermənilərin törətdikləri vəhşilikləri yaddan çıxarmamalıyıq, ehtiyatımızı gözləməliyik, bunu həmişə yaddaşımızda saxlamalıyıq və həmişə bilməliyik ki, bizim ərazimizdə yaşayan ermənilər Azərbaycanın işğal etdikləri torpaqları bu vəziyyətə gətirib çıxaran məhz həmin millətin nümayəndələridirlər. Ona görə də humanist addımlarımızı ehtiyyatımızı əldən verməyərək atmalıyıq".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.