Siyasət

30 ilə bərabər 30 gün

28 Oktyabr 2020 11:34
Baxış: 2 244

SSRİ-nin dağılması ilə Ermənistanın Azərbaycana torpaq iddiasının yeni və ən aqressiv dönəmi başladı. Sovet ordusunun silahları ilə məkirli planlarını həyata keçirmək üçün dinc əhalini hədəf seçən düşmən 3 ildən çox pərakəndə bir idarəçilik altında olan Azərbaycanın Qarabağ bölgəsində əliyalın, köməksiz insanlara qarşı soyqırımlar, kütləvi qətliamlar törədərək 20%-dən çox ərazimizi işğal etdilər.

Ermənistanın bu işğal siyasətindən sonra 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının təcili toplantısı keçirilərək 4 qətnamə qəbul edildi. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe ortaya qoyuldu. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edirdi ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Lakin bu qətnamələrin üzərindən 30 ilə yaxın bir müddət keçməsinə rəğmən heç bir dəyişiklik olmadı. Xüsusilə 1992-ci ilin martında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi Ermənistanın işğalçılıq siyasətinin əsas səbəblərindən birinə çevrildi. Heç bir təzyiq, heç bir sanksiya, heç bir təkidlə qarşı-qarşıya qalmayan Ermənistan hakimiyyəti cəzasızlıqlarından istifadə edərək Qarabağı əbədi erməni torpağına çevirmək üçün bu illər ərzində həm siyasi arenada, həm də o torpaqlarda çıxartmadıqları oyun qalmadı.

Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərmək istəmədilər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Bu, ədalətsizliyin, ikili standartların növbəti təzahürüdür. Düşmən son illər ərzində Azərbaycanın digər torpaqlarına da ərazi iddiaları ilə çıxış etməyə başladı. Son olaraq bu ilin iyul ayında Tovuzla sərhəddə Ermənistan silahlı birləşmələri Azərbaycanın yeni ərazilərini işğala məruz qoymaq üçün təxribata əl atdı. Düşmənin hücumu ordumuz tərəfindən uğurla dayandırıldı. Bir çoxlarımız Azərbaycanın müharibəyə başlayacağını, Ermənistanın layiqli cavabını verərək torpaqlarımızı işğaldan azad etmək məqamının çatdığını düşündük. Lakin gözləntilərimiz gerçəkləşmədi. Əksinə, 2 il əvvəl hakimiyyətə gələrkən rəsmi Bakıdan Qarabağ probelminin həlli üçün vaxt xahiş edən Nikol Paşinyan sərsəm addımları, bəyanatları ilə Azərbaycan xalqının heysiyyatı, qüruru ilə oynamağa başladı. Şuşada, Cıdır düzündə Qondarma rejimin rəhbərinin qondarma inauqurasiya mərasimində sərxoş vəziyyətdə yallı gedən Paşinyan hələ nə etdiyinin fərqində deyildi.

Ermənistan rəhbərinin "Qarabağ Ermənistandır və nöqtə" çıxışı isə Azərbaycan xalqının və Ali Baş Komandanın səbr kasasını daşıran əsas məqam oldu. Düşmən özü də bilmədən bu cür bəyanatları ilə Azərbaycan xalqını son damla qanına kimi savaş meydanında döyüşmək üçün hazırladığının fərqində deyildi.

Və məqam yetişdi

Sentyabrın 27-si Ermənistan silahlı birləşmləri bu dəfə daha geniş, daha böyük qüvvə ilə cəbhənin müxtəlif istiqamətində yenidən təxribata əl ataraq mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə məruz qoydu. Nəticədə xeyli mülki vətəndaş və hərbçi qətlə yetirildi. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab olaraq bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Bu döyüşlərin ötən gün bir ayı tamam oldu. Bu bir ayda Azərbaycan xalqının nə qədər döyüşkən, cəsarətli, mərd olduğunu dünyaya göstərdi. İstər cəbhədə əsgər, zabitlərimizin qəhrəmanlığı, istərsə də arxa cəbhədə vətəndaşlarımızın bütün vasitələrlə ordumuza dəstək olmaq üçün etdikləri insanı qürurlandırmaya bilməz. Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən xalqı düşmənin mülki vətəndaşlarımızın sıx yaşadığı şəhər və rayonlara atdığı ballistik raket hücumu zamanı baş verən faciələr belə sarsıda bilmədi. Düşmənin təxminən 30 il əvvəl pərakəndə Azərbaycan ordusuna, əliyalın dinc əhaliyə qarşı apardığı müharibə zamanı 4 ilə işğal etdiyi torpaqların təxminən yarısı bu 30 gün ərzində rəşadətli Azərbaycan ordusu tərəfindən azad edilib. Yeni şanlı tarix yazan, Ordu, Ali Baş Komandan və xalq həmrəyliyi zəfərə doğru inamla irəliləyir.

Döyüşlər davam edir...

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.