Siyasət

"Ermənistanda faktiki olaraq diktatura qurulub"

25 Sentyabr 2020 14:13
Baxış: 672

Modern çağımız yeni dünya nizamının gətirdiyi yeniliklərə adekvat davranaraq, yeni çağırışlarla da ayaqlaşaraq demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlıdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yürütdüyü balanslaşdırılmış daxili və xarici siyasət konsepsiyası ilə Azərbaycan da müasir dünyamızın yeni çağırışları ilə bərabər irəliləyir, beynəlxaq hüququn norma və prinsiplərinə hörmətlə yanaşır.

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatdakı çıxışını şərh edərkən deyib:

"Bu gün Azərbaycan beynəlxalq aləmin etibarlı tərəfdaşı kimi qəbul olunur. Eyni zamanda, ölkə başçımız Prezident İlham Əliyevin dünyada siyasi nüfuzu və çəkisi də getdikcə artır. Bundan əlavə, ölkə daxilində müxtəlif siyasi partiyalar üçün bərabər və eyni imkanlar platforması təqdim olunur. Bunun əyani sübutudur ki, bir neçə ay öncə Azərbaycan hakimiyyəti geniş siyasi dialoq təşəbbüsü başlatmışdır. Elə bu səbəbdən də bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləmişdir. Prezident Admnistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev müxtəlif siyasi partiyaların sədrləri və nümayəndələri ilə mütəmadi görüşlər keçirir, bu istiqamətdə əməli adımlar atılır. Elə bu səbəbdən də son dövrlər ölkədə sosial, iqtisadi, mədəni, ictimai-siyasi sahədə aparılan islahatlar öz bəhrəsini verməkdə davam edir. Xüsusən çoxpartiyalı sistemin inkişafı, iqtidarla müxalifət arasında qarşılıqlı anlaşma şəraitində keçən dialoq prosesi, ölkə başçısının əlamətdar günlərdə partiya liderlərini təbrik etməsi, ümummilli problem olan Qarabağ məsələsində 43 siyasi partiyanın bəyanat verərək orduya və Ali Baş komandana dəstək verməsi ictimaiyyət tərəfindən də təqdirlə qarşılanır. Hakimiyyətlə müxalif siyasi qüvvələr arasında dövlətin milli təməl prinsiplərinin rəhbər tutulması barədə razılıq əldə olunur, partiyaların dini, etnik, irqi ayrı-seçkiliyə yol verməməsinin vacibliyininin əhəmiyyəti vurğulanır". 

Politoloq bildirib ki, Azərbaycan Prezidentinin ölkədə yaratdığı əlverişli mühit fonunda Erməmistanda demokratiya, söz azadlığı, mətbuat azadlığı, insanların şikayət etmək hüuquqları əllərindən alınır:

"Bütün bunların əksinə olaraq son dərəcə aqressiv, terroru dövlət siyasəti həddinə çatdıran, işğalçı siyasət yürüdən Ermənistanda faktiki olaraq diktatura rejimi qurulub. Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər. Paşinyan qısa zaman kəsiyində ölkədə hər şeyi daha da pisləşdirdi: Ermənistanın iqtisadiyyatı çökdü, ölkə pandemiyaya məruz qaldı və uçuruma düşdü. Bu gün Ermenistan beynəlxalq maliyyə qurumlarından vəsait dilənməklə məşğuldur. Erməmistanda demokratiya, söz azadlığı, mətbuat azadlığı, insanların şikayət etmək hüuquqları əllərindən alınır. Müxalif siyasi partiyalar təqib olunur.
Məhz bu faktların özü də Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə çox mənfi təsir göstərir. Ermənistanın cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Təəssüf ki, Ermənistanın hal-hazırki rəhbərliyi də bu məsuliyyəti dərk etmir. Bu cür addımların nəticəsini də düzgün təhlil edə bilmirlər. Buna baxmayaraq Ermənistanda rasional düşüncəli insanlar və siyasətçilər var. Bu cür insanlar artıq bu məsələni qaldırırlar və Ermənistanın bugünkü rəhbərliyinin Ermənistanı uçuruma apardığını dilə gətirirlər".

"Heç şübhəsiz ki, Ermənistanın bu cür siyasəti beynəlxalq aləm tərəfindən də mənfi qarşılanır. Məsələn, Almaniyada fəaliyyət göstərən "Bonn International Center for Conversion" (BICC) təşkilatının hazırladığı "Global Militarisation Index'" məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb. Təkcə bu faktı demək kifayətdir ki, bu ölkənin nə qədər aqressiv, bəşəri dəyərlərə zidd siyasət yürütdüyü məlum olsun", - Şəbnəm Həsənova deyib.

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.