Siyasət

Elçin Quliyev: "Ermənistanın döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı alınıb"

18 Avqust 2020 11:50
Baxış: 1 983

Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün 89 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, 4 hərbi hissə kompleksi tikilərək istifadəyə verilmişdir, bir hərbi hissə kompleksi və 3 sərhəd məntəqəsində isə tamamlama işləri aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

Onun sözlərinə görə, xidməti ərazilərdə düşmən tərəfindən törədiləcək istənilən təxribatın qarşısını almağa imkan verən əlverişli xidmət şəraitinin yaradılması, təhlükəsiz xidmətin təşkili, bütün cəbhəboyu ərazidə üstünlük əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, sərhəd-döyüş məntəqələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədçilərimizin ən müasir silahlarla, aşkaretmə cihazları və digər texniki vasitələrlə təmin edilməsi, mühəndis təchizatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir:

"Bu tədbirlər sırasında bütün xidməti ərazi boyu döyüş postlarına aparan və onlar arasında yolların, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün yol boyu qoruyucu sədlərin çəkilməsi, bütün sərhəd döyüş məntəqələrinin xüsusi radiorabitə vasitələri ilə təmin edilməsi, xətti rabitə sisteminin yenilənməsi, sərhəd döyüş məntəqələrində yüzlərlə videomüşahidə kameralarının və günəş paneli sistemlərinin quraşdırılması xüsusi qeyd edilməlidir.

Ermənistan silahlı bölmələrinin sərhədboyu ərazidə təxribatlarının, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır.

Cavab tədbirləri nəticəsində dövlət sərhəd xəttinə 2000 metrə qədər məsafədə olan bir çox mövqelərimizin 1500-1700 metr irəli çıxarılması yaxınlıqdakı yaşayış məntəqələrimizin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa, strateji cəhətdən əlverişli istiqamətlərdə yeni sərhəd döyüş məntəqələrinin yaradılmasına imkan vermişdir. Eyni zamanda düşmənin yaşayış məntəqələrinə, magistral yollarına və strateji əhəmiyyətli obyektlərinə nəzarət imkanları artırılmışdır".

Xidmət rəisi deyib ki, mühəndis işləri görən silahsız sərhədçilərimizə və mülki şəxslərə qarşı silah tətbiq etməkdən çəkinməyən namərd düşmənin bütün təxribatlarına sərhədçilərimiz tərəfindən layiqli cavab verilib, atəş nöqtələri susdurulub, hərbçiləri məhv edilib, düşmənin 5-6 qat artıq tələfat verməsinə nail olunub: "Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Lələtəpədən başlamış zəfər yürüşünün davamıdır.

Cari ilin iyul ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısı Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındı, əsgər və zabitlərimizin qəhrəmanlığı mənfur düşməni itki verərək geri çəkilməyə məcbur etdi.

14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü Azərbaycan xalqının sarsılmaz iradəsini, xalqın öz Prezidentinə və Silahlı Qüvvələrinə inamını və sədaqətini, onların yanında olduğunu bir daha ən yüksək səviyyədə nümayiş etdirdi.

Ali Baş Komandanımızın göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənən Silahlı Qüvvələrimiz və xalqımızın mübariz ruhu Azərbaycan torpaqlarının tezliklə azad olunmasına gətirib çıxaracaqdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.