Siyasət

Lukaşenkoya qarşı kimlər "oynayır? - ARAŞDIRMA

10 Avqust 2020 13:26
Baxış: 7 883

Son on ildə Belarus ağır durumdadır. Siyasi çağırışlar artıb, iqtisadi və maliyyə çətinlikləri artıb. Belarus prezidenti Aleksandr Lukaşenko iki od arasındadır: bir tərəfdən sürəkli olaraq Minski sıxan, ağlagəlməz pressinq edərək sanksiyalarla əzməyə çalışan Qərb - digər tərəfdə "İttifaq Dövləti" idefiksi.

Ümumiyyətlə, istənilən ölkədə yaşananları efemer postlibertarian anlamlara əsasən yox, həmin ölkədəki mövcud iqtidarın və müxalifətin ölkəmizə, xalqımıza münasibəti rakursundan dəyərəndirmək, məncə, daha məntiqidir.

Hər halda ingilislər və əla bələd olduğum fransızlar belə davranırlar.

Aleksandr Lukaşenko iqtidarı daim Azərbaycanı dəstəkləyib: hər sahədə. "Batka" Ermənistanın siyasi isteblişmentinə kəskin münasibəti ilə tanınır.

Yəni Lukaşenkoya bələdik.

Bəs Svetlana Tixanovskayanı irəli vermiş, əsl fiqurlarının kölgədə qalmağa üstünlük verdiyi belarus müxalifəti? Tanıyırıqmı onları?

Belarus müxalifətinin liderlərinin Azərbaycana münasibətləri barədə konkret fikir söyləməyə çətinlik çəkirəm.

Romantik olmayaq, alman Lüdviq fon Roxaunun "realpolitik" adlandırdığı məqamı unutmayaq.

Çünki vətəndaş olaraq, təşkil etdiyi və bizdən ibarət olan dövlətin maraqları var.

Belarusda keçirilmiş prezident seçkilərində Aleksandr Lukaşenkoya rəqib olmuş 37 yaşlı Svetlana Tixonovskaya siyasətçi deyil, heç vaxt da olmayıb.

... Mozır Dövlət Pedaqoji Universitetinin xarici dillər fakültəsini bitirmiş S.Tixanovskaya əri, "Həyat üçün ölkə" YouTube kanalının sahibi və müəllifi, iş adamı və bloqer Sergey Tixanovski həbs olunandan sonra siyasətə atılıb.

Əslində, əri onu siyasətçi etmək istəyirdi və D.Furmanovla birlikdə "Tixanovskayanın seçki qərargahı"nı yaratmışdı.

Belarusun Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini hələlik rəsmən açıqlamayıb. Ekzit-polların sonuclarına görə, Lukaşenko daha çox səs toplayıb.

Fəqət, Belarusda kütləvi aksiyalar, etiraz yürüşləri səngimir.

Qərb mediasında  "Avropanın son diktatoru" adlandırılan A.Lukaşenkonun siyasi idarəetmə stili elə bu aksiyalara görə onu suçlayanlara cavabdır. Məntiqlə baxaq: Qərb mediasına inansaq, "diktatura" və "müstəbid hakimiyyət"in hökm sürdüyü insanlar azad səs verə bilərdilərmi, küçələrə çıxa bilərdilərmi?

Bu, məsələnin bir tərəfidir.

Digər tərəf isə həmin aksiyaların heç bir halda kortəbii xalq narazılığı olmamasıdır. Qərblə bahəm, Rusiyanın da bəzi mass-mediası olayları belə təqdim edir.

Yalandır, çünki aksiyalar hələ seçkilərdən əvvəl planlaşdırılmışdı. Əsas rolu da Telegram messencerindəki "Next Live" və "Belarus qolovnoqo mozqa" kanalları oynayırdı.

"Next"in redaksiyası Münhendə, "Belarus qolovnoqo mozqa" kanalının redaksiyası isə Praqadadır. Hər iki kanal "Amerikanın səsi" və "Azadlıq" radiostansiyalarının total nəzarətindədir: təsadüfi deyil ki, həmin kanallardakı foto və videoların çoxu sözügedən radiostansiyaların Belarus redaksiyasının sosial şəbəkələrdəki profilllərində az qala eyni anda paylaşılır.

"Belarus qolovnoqo mozqa" Telegram-kanalının inzibatçısı İqor Losikdir.

O, "adi vətəndaş, Belarusu düşünən bloqer" olduğunu deyir daim.

Belədirmi?

Təbii ki, yox.

İqor Losik "Azadlıq" radiosunun Belarus redaksiyasında "Yeni medialar üzrə müşavir" olub. Vaslav Qavel fondunun təqaüdünü alır. "Azad Avropa/Azadlıq" radiostansiyasının prezidenti səlahiyyətlərini icra edən Deyzi Sindelar "Belarusda müxalif ruhlu insanların dəstəklənməsinin daha da güclənəcəyini" bəyan edib.

"Next Live" kanalının nominal rəhbərləri Aleksandr Dınko və Andrey Ryabçik də "Azadlıq" radiostansiyasının Belarus redaksiyasının əməkdaşlarıdır.

420 mindən artıq abunəçisi olan "Next Live" ilə 255 mindən artıq daimi izləciyisi olan "Belarus qolovnoqo mozqa" kanalları seçkilər keçirilməzdən 4(!) gün əvvəl artıq "hazırlıq işləri"nə başlamışdılar.

Belarusda prezident seçkilərinə 4 gün qalmış bəhs etdiyi kanallarda "Kütləvi aksiyaya necə hazırlaşmalı, nə etməli?" tipli yaddaş kitabçası paylaşıldı.

Həmin illüstrasiyalarda kütləvi etiraz aksiyalarına necə qatılmaq, orada nə etmək polisə necə müqavimət göstərmək və s.-dən bəhs olunur.

"Maraqlı"dır, "müstəqil" kanallar və "müstəqil" bloqerlər Belarus vətəndaşlarına aksiya zamanı "Svoboda2.net" proksi servisindən istifadə etməyi, bu minvalla "istədikləri xəbər, foto və videonu azad paylaşmağı, gərəkli məlumatları sərbəst almağı" məsləhət görürdülər.

"Svoboda2.net" proksi serverində də "Azadlıq" radiosunun loqotipi vardı.

"Azadlıq" və "Amerikanın səsi" radiostansiyaları Belarusdakı "kütləvi narazılıqlar"a əvvəlcədən hazırlaşmışdılar, ölkəyə 23 (!) nəfər əlavə əməkdaş yollamışdılar və onlar ssenarinin reallaşacağı günü - avqustun 9-nu gözləyirdilər.

Paytaxt Minsk ilə yanaşı, Brest, Jlobin, Qrodno, Pinsk, Lida, İvatseviçi, Belaya Vej və s. şəhərlərdə xüsusi "təlimatçılar qrupları" təşkil olunmuşdu.

Onlar seçkilərin nəticələrindən asılı olmayaraq, avqustun 8-da insanları küçələrə çıxarmalı, kütləvi aksiyalara başlamalıydılar.

Seçki ərəfəsində çoxsaylı "müstəqil" kanallar aktivləşmişdilər. Onların istisnasız olaraq hamısında Belarus polisi "köpəklər", "azğın itlər", "cəlladlar" adlandırılırdılar.

Və ən nəhayət, belə kanallardan birində anons verilmişdi: "Avqustun 10-da Polşanın hakimiyyət dairələri Belarusdakı son vəziyyəti müzakirə edəcəklər".

Belə də oldu: bu gün Varşavada "Belarusdakı son vəziyyətlə bağlı fövqəladə toplantı" keçirilib.

... Belarusda "rəngli inqilab"ların banal, primitiv ssenarisi işə salınıb. Qərbdəki bəlli qüvvələr Belarusda hakimiyyəti marionet administrasiyanın ələ keçirməsinə nail olmaqla Minski də "loyal dövlət"lər sırasına qatmaq, bu minvalla Rusiyanın Avropa Birliyi bazarına faktiki olaraq yeganə "quru yolu" olan ölkəni tam nəzarətə almaq və Moskvaya daha bir təzyiq vasitəsi əldə etməyə çalışırlar.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.