Siyasət

Prezidentə yazırlar: Sizin xalqımızın birliyini, sağlamlığını və rifahının yüksəlməsini təmin edən siyasətinizi dəstəkləyirik

5 İyun 2020 16:51
Baxış: 901

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Milli.Az Trend-ə istinadən həmin məktubların daha bir neçəsini təqdim edir:

Cəlilabad rayonunun sakinləri Firon Qasımov, Bəhruz Hüseynov və Qabil Mustafayev yazırlar: "Möhtərəm cənab Prezident, kəndlilərin çörəyi torpaqdan çıxır. Bu torpağı da bizə ulu öndərimiz Heydər Əliyev bağışlayıb. O vaxtdan bəri torpaqlarımızı əkib-becərir və müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edirik. Lakin təsərrüfatımızda əsas yeri kartof tutur. Biz məhsulumuzu Rusiyaya ixrac edərək ölkəmizə çoxlu vəsait cəlb edirik. Cənab Prezident, hər il olduğu kimi, bu il də Siz bu məsələdə bizə yaxından kömək etdiniz. Rusiyadan gələn maşınların ölkəmizə maneəsiz daxil olmasını təmin edərək məhsulumuzun xarici bazarlarda satılmasına şərait yaratdınız. Bu məsələdə heç bir problemimiz olmadı. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq, cənab Prezident! Allah Sizi qorusun! Sağ olun".

Gədəbəy rayonunun Arıqıran kəndindən şəhid anası Səyyarə Musayeva: "Möhtərəm cənab Prezident, bütün dünyada böhranın baş alıb getdiyi bir vaxtda ölkəmizdə, o cümlədən Gədəbəyimizdə aparılan abadlıq-quruculuq işlərinə görə bir şəhid anası kimi Sizə təşəkkür edirəm. Arıqıran kəndinə təbii qaz xəttinin çəkilişinə və işıq dirəklərinin yenilənməsinə başlanılıb. Uzun müddət idi ki, elektrik enerjisi və yanacaq sarıdan əziyyət çəkirdik. Sakinlərə göstərdiyiniz bu diqqət və qayğıya görə bir daha Sizə təşəkkürümü bildirirəm. Tanrı Sizi və Azərbaycanımızı qorusun!".

Ağcabədi rayonundan Ülviyyə Cəbrayılova: "Möhtərəm cənab Prezident, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində atdığınız zəruri qabaqlayıcı addımlar bir daha onu sübut etdi ki, Siz hər zaman xalqın yanında olmusunuz. Karantin rejiminin tətbiqi və yüksək standartlara uyğun modul tipli xəstəxanaların açılışı koronavirusla mübarizədə görülən tədbirlərin ən bariz nümunələrdir. Biz əminik ki, Sizin tövsiyələrinizlə bu virusdan tez bir zamanda xilas olacağıq. Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizinləyik".

Binəqədi rayonunun Biləcəri qəsəbəsindən Əlipaşa Əliyev: "Hörmətli cənab Prezident, hər şeydən əvvəl şəxsən öz adımdan, bütün yaxınlarımın və Azərbaycan xalqının adından Sizə təşəkkür edirəm. Siz dünyanı cənginə almış koronavirus pandemiyası dövründə Azərbaycan xalqının sağlamlığını hər şeydən üstün tutaraq onu böyük bir fəlakətdən qorumaqdasınız. İllər keçəcək, amma Sizin bu əvəzsiz xidmətləriniz heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcək. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın çağırışı və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı, Azərbaycanı anarxiyadan, uçurumdan, AXC-Müsavat cütlüyünün qaraguruhundan xilas etdi. Qısa müddət ərzində Odlar Yurdunda tərəqqi, inkişaf başlandı. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən biridir. Vaxtilə köməyə ehtiyacı olan Azərbaycan indi özü başqa dövlətlərə kömək edir, yardım göndərir. Bütün bunlar əlbəttə ki, böyük dəyərdir, ölkəmizin gücünün göstəricisidir. Hörmətli cənab Prezident, xalqımızın sağlamlığı və xoşbəxtliyi üçün göstərdiyiniz xidmətlərə görə bir daha Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə, əzizlərinizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Göyçay rayonunun sakinləri Akif Sərkərov, Əsgər Əkbərov, Tahir Əliyev və İlham Mustafayev yazırlar: "Hörmətli cənab Prezident, bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin rəhbərliyinizlə vaxtında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində xalqımız bu bəlaya ilkin mərhələdə minimum itkilərlə qalib gəlməyə nail oldu. Karantin rejimi dövründə vətəndaşların sosial və digər yardımlarla təmin edilməsi üçün Sizin və Mehriban xanımın gördüyünüz işləri hər bir azərbaycanlı kimi, biz göyçaylılar da çox bəyənir və təqdir edirik. İş yerləri müvəqqəti bağlanmış fiziki və hüquqi şəxslərə kompensasiyaların, işsizlərə 190 manat birdəfəlik ödəmənin və ehtiyacı olan insanlara Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımlarının verilməsi Sizin və Mehriban xanımın qayğıkeşliyinizin bariz nümunələridir. Hörmətli cənab Prezident, yaşadığımız məhəllə Göyçay çayının sağ sahilində yerləşir. Sizin Sərəncamınıza əsasən Göyçay çayında aparılan məcradəyişmə, sahilbərkitmə işlərindən və yeni körpünün tikilməsindən sonra yaşadığımız ərazidə avtomobillərin hərəkəti intensivləşib. Avtomobil yolunda asfalt örtüyü olmadığı üçün yaranan toz kütləsi burada yaşayan insanlara ciddi narahatlıq yaradırdı. Bu məsələ ilə bağlı müraciətimizdən dərhal sonra qeyd olunan əraziyə 500 metr məsafədə asfalt örtüyü salınıb. Cənab Prezident, görülən və görüləcək işlərə görə sakinlər adından Sizə və Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk.

Zərdab rayonunun Şəftəhal kəndindən Cahan Xəlilova: "Möhtərəm Prezident, mənim 11 övladım, 25 nəvəm, 20 nəticəm, 2 kötücəm var. Həyat yoldaşım Böyük Vətən müharibəsinin iştirakçısı olub, 2004-cü ildə vəfat edib. Ailə vəziyyətimiz çox ağır olub. Ancaq buna baxmayaraq, həmişə xoşbəxt günlərimin qabaqda olacağı ümidi ilə yaşamışam. Bəli, bu gün mən özümü dünyanın ən xoşbəxt analarından biri hesab edirəm. Övladlarım, nəvələrim və nəticələrim dövlət müəssisələrində müəllim, hərbçi, həkim, mühəndis və neftçi işləyirlər. Onlarla fəxr edirəm. Bir qəhrəman ana olaraq, bütün bunlara görə bu günlərdə anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevə, sabitliyin, əmin-amanlığın qorunmasında, əhalinin sosial rifah halının yaxşılaşdırılmasında həyata keçirdiyiniz və pandemiya ilə əlaqədar görülmüş qabaqlayıcı tədbirlərə görə Sizə minnətdaram.

Siz bir daha sübut etdiniz ki, əhalinin sağlamlığı hər şeydən üstündür. Koronavirusun iqtisadiyyatımıza vurduğu ziyana baxmayaraq, imkansız və aztəminatlı ailələrə edilən yardımlar, verilən sosial müavinətlər, Böyük Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə Qələbənin ildönümü ilə əlaqədar birdəfəlik müavinətlərin verilməsi göstərir ki, bu çətin vəziyyətdə də ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq. Əziz Prezidentimiz, müasir müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev, Azərbaycanı sürətlə inkişaf etdirib qabaqcıl ölkəyə çevirən isə Sizsiniz. Ən böyük arzularımdan biri odur ki, işğal altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə azad edilsin. Əminəm ki, bu işin öhdəsindən də tezliklə gələcəksiniz. Allah Sizi qorusun!".

Mingəçevir şəhərindən Elnarə Abışova: "Hörmətli cənab Prezident, mən Rusiya vətəndaşıyam, 25 yaşım var. Rusiyada doğulmuşam, orada böyümüşəm və İqtisad Universitetini bitirmişəm. Virusla əlaqədar sahibkarlara kompensasiyanın verilməsinə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Kompensasiyaya görə çox sağ olun. Bu il ölkəmizə qənim kəsilmiş virus bizə çox ziyan vurub, lakin insanların həyatından əhəmiyyətli heç nə yoxdur. Siz vaxtında karantin elan etməklə onların həyatını xilas etdiniz.

Dörd il bundan əvvəl mən Mingəçevir şəhərində turizm agentliyi açmışam. Arzum budur ki, Mingəçevir gələcəkdə turizm şəhəri olsun".

Bakının Yasamal rayonundan Gözəl Musayeva: "Azərbaycan xalqının əziz və hörmətli oğlu, mənim 62 yaşım var, birinci qrup əliləm. Sizin kimi Prezidentim olduğu üçün fəxr edirəm. Çünki Siz xalqın qayğısına qalırsınız, vətəndaşlara diqqət göstərirsiniz. Dünyanı lərzəyə salan koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını aldınız, böyük fədakarlıq göstərərək xalqımızı ağır vəziyyətdən çıxardınız. Buna görə xalq Sizi alqışlayır. Sizin aztəminatlı insanlara, xəstələrə, imkansızlara kömək göstərilməsi barədə çağırışınız və bu istiqamətdə əməli işləriniz çoxlarına örnək oldu. Bir çoxları Sizdən nümunə götürərək ehtiyac içində olan insanlara kömək göstərməyə başladılar, xeyriyyəçilik etdilər. Bu amil bizi birliyə səsləyir, xalqımızın daha güclü, dövlətimizin daha qüdrətli olmasına zəmin yaradır. Hər kəs bir-birinə əl uzatsa, bir-birinin əlindən tutsa, sözsüz ki, dövlətimiz daha da güclənər.

Hörmətli Prezident, Siz Azərbaycanı bütün dünyada tanıtmısınız. Azərbaycan xalqı Sizi sevir, Sizə inanır və güvənir. Bütün işlərinizdə Allah Sizə kömək olsun!".

Yasamal rayonundan akademik Nazim Məmmədov, professor İmaməddin Əmiraslanov, dosentlər Nadir Abdullayev və Ziya Əliyev yazırlar: "Möhtərəm cənab Prezident, əməyimizə verdiyiniz yüksək qiymətə - bizi 2020-ci il Elm üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və böyük dəstəyi, Sizin düşünülmüş siyasətiniz, elmə, elm adamlarına diqqət və qayğınız sayəsində Azərbaycan elmi 1990-cı illərin böhranını uğurla dəf edərək yeni inkişaf yoluna qədəm qoymuşdur. Bu siyasətin nəticəsidir ki, artıq bir sıra sahələrdə, o cümlədən kondensə olunmuş hal fizikası sahəsində elmimiz öz nəticələri ilə dünyada tanınır və qəbul edilir, postsovet məkanında, xüsusilə regionda inamla liderliyə yüksəlir. Layiq görüldüyümüz dövlət mükafatı bizi daha əzmlə çalışmağa, elmimizin inkişafına yeni töhfələr verməyə ruhlandırır. Sizin respublikamızda iqtisadi-siyasi sabitliyi, milli-mənəvi birliyi, xalqımızın sağlamlığı və rifahının daim yüksəlməsini təmin edən siyasətinizi dəstəkləyirik. Bütün dünyanı bürümüş koronavirus pandemiyasına qarşı Sizin və Mehriban xanımın həyata keçirdiyiniz tədbirlər bir daha hər bir vətəndaşın yanında olduğunuzu göstərir. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, respublikamızın və xalqımızın xoşbəxtliyinə yönəlmiş fəaliyyətinizdə böyük uğurlar arzulayırıq".

Bakının Xəzər rayonundan Fatimə Həsənova: "Möhtərəm cənab Prezident, bu gün dünya dəhşətli pandemiya ilə mübarizə aparır. Dünyada hər gün minlərlə insan həlak olur. Lakin Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz pandemiya ilə mübarizədən alnıaçıq çıxmaqdadır. Yüksək təhlükəsizlik tədbirləri, xüsusi karantin rejiminin tətbiqi və vaxtında verdiyiniz digər bu kimi qərarlar təqdirəlayiqdir. Bu çətin dönəmdə aztəminatlı ailələri də unutmadınız, ərzaq yardımları və maddi yardımlarla bizi sevindirdiniz. Aprel və may aylarında aldığım 190 manat birdəfəlik müavinət bir işsiz vətəndaş kimi mənə çox kömək oldu. Cənab Prezident, Siz xalqımıza həm maddi, həm də mənəvi dəstək oldunuz. Allah Sizi və ailənizi qorusun, əziz Prezidentimiz! Sizinlə fəxr edirik".

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.