Siyasət

Arzu Nağıyev: İnternet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır

30 May 2020 14:27
Baxış: 983

İnternet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır, burada balansın əldə olunması üçün hüquqi tənzimlənmələr qaçılmazdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin dezinformasiyalara görə məsuliyyətə cəlb olunması ilə bağlı fərmanı tam haqlıdır, sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyinin ABŞ-da da dərk olunmasını göstərir:

"Bu gün sosial şəbəkələrdə qeyri-etik davranışlar, terrora, qarşıdurmaya çağırışlara təhlükəli həddə çatıb. Buna görə dəfələrlə sosial şəbəkələrə iradlar olub. Sosial şəbəkələrdəki dezinformasiyalar müəyyən ölkələrdə sabitliyin pozulması prosesinə gətirib çıxarıb. Məlumdur ki, bu gün təkcə ABŞ deyil, bütün ölkələr bu problemlə üz-üzə qalıb. Ona görə də, artıq Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir. Burada söhbət beynəlxalq tənzimlənmədən gedir. Burada bütün dövlətlər müvafiq addımlar atmalıdır".

Deputat vurğulayıb ki, sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır.

A.Nağıyev qeyd edib ki, bu gün sosial şəbəkələr onların fəaliyyəti ilə bağlı qırmızı xətti keçirlər.

Millət vəkili Azərbaycanın da sosial şəbəkələrlə bağlı problemlərin təsirinə məruz qaldığını bildirib:

"Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir".

Deputat hesab edir ki, internet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır, burada balansın əldə olunması üçün hüquqi tənzimlənmələr qaçılmazdır: "Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycanbu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb.

ABŞ Prezidenti, həmçinin "Twitter"in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

Qeyd edək ki, daha əvvəl "Twitter" sosial şəbəkəsi prezidentin yalan paylaşımlarından birini açıqlayıb. Şirkət Trampın mesajı altında dövlət başçısının yalanını iddia edən maddəyə xəbərdaredici nişan və istinad yerləşdirib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.