Siyasət

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

28 May 2020 23:56
Baxış: 943

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təbrikdə deyilir:

"Milli bayramınız - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Azərbaycanda COVID-19 epidemiyasının qarşısının alınması üçün mübarizədə göstərdiyiniz səmərəli səyləri yüksək qiymətləndirdiyimi bildirim.

Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərlə Azərbaycan arasında tarixin, mədəniyyətin və insanlararası münasibətlərin müxtəlif aspektlərini əhatə edən sıx əlaqələr yaranıb. Azərbaycanın coğrafi mövqeyi onu Şanxay Əməkdaşlıq Təşkilatının təbii tərəfdaşına çevirir. Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın dialoq üzrə tərəfdaş kimi bu təşkilata töhfəsini yüksək qiymətləndirir. Xüsusən nəqliyyat, tranzit və logistika sahələrində Azərbaycanın zəngin potensialı çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək yollarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

2019-cu ilin may ayında Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin Bişkek görüşündə dialoq üzrə müşahidəçilər və tərəfdaşlarla qarşılıqlı fəaliyyətin genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb. Bu sənədin praktikada səmərəli reallaşdırılması təşkilat üçün prioritet məsələdir və Sizin ölkənizin bu baxımdan dəstəyini yüksək qiymətləndirirəm. Əminəm ki, bizim təşkilatın fəaliyyətində Bakının daha yaxından iştirak etməsi Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə əlavə təkan verəcək, yeni üfüqlər və perspektivlər açacaq.

Zati-aliləri, icazə verin, bütün dünya üçün bu mürəkkəb günlərdə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, firavanlıq arzu edim".

XXX

Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə bütün Laos xalqı adından və şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq münasibətləri və səmərəli əməkdaşlıq xalqlarımızın mənafeyi naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizə şəxsi rifah və şərəfli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

XXX

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Vyetnam hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Vyetnam Azərbaycanın yaxın dostu olaraq Sizin rəhbərliyinizlə dövlətin inkişafı, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, beynəlxalq inteqrasiya, habelə ölkənizin bölgədəki və dünyadakı rolunun və mövqeyinin möhkəmləndirilməsində ölkənizin əldə etdiyi böyük nailiyyətləri daim izləyir və bundan çox məmnundur.

Bölgələrimizdə və beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsinə əhəmiyyətli töhfə verən ölkələrimizin ənənəvi dostluq münasibətlərinin əhatə etdiyi bütün sahələrdə müsbət irəliləyişləri görməkdən məmnunam.

Tam əminəm ki, hər iki ölkənin dövlət başçılarının istəyi və qətiyyəti, habelə dövlət qurumları və yerli hakimiyyət orqanlarının birgə səyləri və ölkələrimizin malik olduğu yaxın əlaqələr əsasında Vyetnam ilə Azərbaycan arasında son bir neçə onillik ərzində mövcud olan səmərəli münasibətlər bundan sonra da davam edəcək, xalqlarımızın rifahı, həmçinin dünyada sülh və inkişaf naminə yeni nailiyyətlər əldə olunacaqdır.

Azərbaycana inkişaf və tərəqqi, xalqınıza isə firavanlıq diləyirəm.

Sizə cansağlığı, xoşbəxtlik və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram".

XXX

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Əlcəzair xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və xalqınıza səmimi təbriklərimi, cansağlığı və firavanlıq arzularımı çatdırıram.

Bu əlamətdar günün yaratdığı fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnun qaldığımızı, müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsində və iki qardaş xalqın maraqlarına xidmət edən münasibətlərin ən yüksək səviyyəyə yüksəldilməsində maraqlı olduğumuzu qeyd etmək istəyirəm.

Ortaq maraqların olduğu beynəlxalq və regional məsələlərin həllinə, xüsusilə Qoşulmama Hərəkatına sədrliyiniz çərçivəsində əlaqələrimizi davam etdirməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm. Bu, sülhün, təhlükəsizliyin, sağlam yaşayışın təmin olunmasına xidmət edəcək əməkdaşlığın gücləndirilməsi baxımından önəmlidir.

Bir daha Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Mərakeşin Kralı VI Məhəmməddən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri, əziz qardaşım.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə tərəqqi və firavanlıq arzulayıram.

Xalqlarımız arasındakı qardaşlıq əlaqələrini və qarşılıqlı hörməti nəzərə alaraq faydalı əməkdaşlığımızı gücləndirmək və genişləndirmək istiqamətində Sizinlə birgə işləməyə davam edəcəyimizə ümid bəsləyirəm. Bu, xalqlarımızın maraqlarına xidmət etməkdə, müsəlman ümməti arasında həmrəyliyi və birliyi tərənnüm etməkdə bizə kömək olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.