Siyasət

Liviya çanağı: embarqo və sanksiyalar qorxulu anlaşma

20 Yanvar 2020 13:09
0 Şərh     Baxış: 2 297

Almaniya xarici müdaxilənin qarşısını almaq, atəşkəsə nail olmaq və Şimali Afrika ölkəsinin gələcəyinin müəyyən edilməsi üçün siyasi prosesə başlamaq üçün Liviyada uzun illərdir sürən vətəndaş müharibəsində əsas oyunçuları bir araya gətirir.

Almaniya kansleri Angela Merkel 12 ölkənin lideri, BMT, Avropa İttifaqı, Afrika Birliyi və Ərəb Liqasını Berlində bazar günü keçirilən zirvə toplantısına dəvət edib. Almaniyanın aylardır davam etdirdiyi diplomatik kampaniya BMT-nin baş katibi Antonio Quterreş və onun Liviya üzrə xüsusi elçisi Ğassan Salamenin Liviyada döyüşlərin dayandırılması səylərinin gücləndirilməsinə yönəlib.

"Amerikanın səsi"nin məlumatına görə, Berlin sammitində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezideni Emmanuel Makron, İtaliyanın baş naziri Cuzeppe Konte, Britaniyanın baş naziri Boris Conson və ABŞ dövlət katibi Mayk Pompeo iştirak edir. Sammitə dəvət olunan digər ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Misir, Əlcəzair, Çin və Konqo Respublikasıdır.

Liviyada iki rəqib tərəfin lideri - baş nazir Fayez Sərrac və general Xəlifə Həftar da sammitə dəvət edilsələr də, onlar müzakirələrə və danışıqlara qatılmayıblar.

Zirvə toplantısında hansısa inkişafın əldə edilə biləcəyi aydın deyil. Bununla belə, qarşı tərəflərin bir araya gətirilməsi inkişaf hesab edilsə də, son zamanlar xarici dəstəyin güclənməsi hər iki tərəfi güzəştə getməməyə sövq edə bilər.

2011-ci ildə Liviyanı uzun illər idarə etmiş diktator Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ölkə xaos və qarışıqlığa sürüklənib. Liviya müxtəlif tərəflərin dəstəklədiyi iki rəqib administrasiya arasında bölünüb: BMT tərəfindən tanınan baş nazir Fayez Sərracın Tripolidə hökuməti və ölkənin şərqində general Həftarın rəhbərlik etdiyi administrasiya.

Həftara sadiq qüvvələr aprel ayından Tripolini ələ keçirməyə çalışaraq hücumlar keçirir. General Həftar Misir, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənir, Tripoli hökuməti isə Türkiyədən hərbi dəstək alır.

Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə edilən kövrək atəşkəs keçən həftə qüvvəyə minib, lakin tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Almaniyanın əsas prioriteti münaqişədə maraqları olan tərəfləri bir araya gətirmək, Liviyaya silah axınını dayandırmaq və atəşkəsə əməl edildiyinə əmin olaraq, BMT-nin rəhbərliyi ilə Liviyada siyasi prosesi yenidən bərpa etməkdən ibarətdir.

"Liviya konfrasında hər şeydən əvvəl silah embarqosuna yenidən əməl olunduğunu görməliyik, bu, BMT səviyyəsində razılaşdırılıb, lakin təəssüf ki, buna əməl olunmayıb" - deyə, Almaniya kansleri Angela Merkel bildirib.

Yəni Berlindəki Liviya konfransının iştirakçılarının imzaladıqları yekun kommünikeyə görə, atəşkəs anlaşmasını pozanı sanksiyalar gözləyir. Bundan başqa, Liviyadakı münaqişəyə kənar müdaxilələrin və ölkənin neft infrastrukturuna hücumların yolverilməzliyi də xüsusi vurğulanıb.

Almaniya kansleri Angela Merkel, Britaniyanın baş naziri Boris Conson, ABŞ-ın dövlət katibi Maykl Pompeo, habelə Rusiya, Türkiyə və Fransanın prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makronun qatıldığı konfrans asan keçməyib.

Ərdoğanla Pompeo konfransı yarımçıq tərk ediblər.

Ən başlıcası isə Liviyadakı vətəndaş müharibəsində əsas tərəflər - Milli Barışıq Hökumətinin (MBH) rəhbəri Fəyyaz Sərrac və Liviya Milli Ordusunun komandanı, marşal Xəlifə Həftar müzakirələrə qatılmayıblar.

Liviyadakı "şərq hökuməti"nin başçısı Abdulla Əbdürrahman ət Tani də danışıqlarda yoxdu.

Liviyaya silah satışına embarqonu və üçüncü tərəflərin ölkədəki münaqişəyə müdaxiləsinin yolverilməzliyinin xüsusi vurğulandığı sənədin şərtlərinə əməl olunması BMT tərəfindən nəzarətdə saxlanacaq.

Anlaşmanın bu bəndi birbaşa olaraq Türkiyəyə qarşı yönəlib. Çünki rəsmi Ankara Liviyadakı münaqişə tərəflərindən birinə, Sərracın başçılıq etdiyi hökumətə yardım və dəstək göstərir.

Marşal Həftara yardımlarına rəğmən, Liviyadakı olaylara birbaşa münaqişədən çəkindiyini vurğulayan Rusiya son vaxtlar Türkiyəni də belə addım atmağa çağırır. Fəqət, Rusiyanın Liviyada yüzlərlə muzdlusu var və onlar ölkəyə "Vaqner" özəl hərbi şirkətinin əməkdaşları kimi yollanıblar.

Rəcəb Tayyib Ərdoğansa bəyan edib ki, Xəlifə Həftarın Liviyada hakimiyyətə yiyələnməsi tarixi səhv olardı: "Avropa Birliyi liviyalıların qanuni və legitim hakimiyyətini, Fəyyaz Sərracın hökumətini dəstəkləməsə demokratiya və insan haqlarını da ehtiva edən dəyərlərinə xəyanət etmiş olacaq. Sərracın hökuməti devrilərsə, Avropa yeni təhdidlər və  problemlərlə qarşılaşacaq".

Berlin konfransı qan çanağına çevrilmiş Liviyadakı durumu stabilləşdirmək üçün son həftələrdə ikinci cəhd oldu. Berlindəki sammitdən əvvəl Rusiya və Türkiyənin vasitəçiliyi ilə Moskvada danışıqlar aparılmışdı. Danışıqlarda Sərracla Həftar görüşməsə də, türk və rusiyalı diplomatların vasitəçiliyi ilə müzakirələr olmuşdu. Fəqət, Rusiyanın ümidləri doğrulmadı. Atəşkəs anlaşmasını Sərrac imzalasa da, X.Həftar sənəddən imtina etdi.

Həftar Türkiyənin Liviyaya yolladığı qüvvələrin hamısınıın çıxarılmasını, ölkədə milli birlik hökumətinin yaradılmasını tələb edir.

Ümumiyyətlə, Berlin konfransı Xəlifə Həftarın qələbəsi də hesab oluna bilər. Çünki yekun sənəddə "Liviya Nümayəndələr Palatasının təsdiqləyəcəyi milli birlik hökumətinin yaradılmasının vacibliyi" vurğulanır. Liviyadakı "Nümayəndələr Palatası" adlı marionet qurum isə bütünlüklə Həftarın nəzarətindədir.

... Liviyada isə neft mədənlərinin mühasirəyə alınması və fəaliyyətin dondurulması prosesi davam edir. Xəlifə Həftarın tərafdarları artıq limanlarla terminalları blokdaya almağa başlayıblar. Proses dayanmasa, Liviyada neftin sutkalıq hasilatı 1,1-1,2 milyon barrel aşağı düşəcək.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.