Siyasət

Azərbaycan müxalifəti: qarışqalar və narkotik

27 İyun 2019 14:34
Baxış: 1 233

Qarışqa yuvası sanki insan cəmiyyətinin kiçik modelidi. Orada da ictimai bölgü, sərt iş paylaşılması, qanunlar, qaydalar, çalışqanlar, tənbəllər, tərif və cəza mövcuddur.

Eyni zamanda qarışqa yuvası modeli onu da göstərir ki, bu həşaratlar da kənar təsirə düşəndə, həmin bəlanı anlamayanda, o bəlanın qarşısı alınmayanda tənəzzül, deqradasiya və sonucda məhv qaçılmazdır.

Mirmekologiya, yəni qarışqalar haqqında elmin əldə etdiyi son nəticələrə görə, eynən insan cəmiyyəti və dövlətdə olduğu kimi, qarışqalar kənar təsirlərin mahiyyətini anlamayıb laqeyd davrananda, bəla barədə məlumat gətirənlərin xəbərdarlıqları diqqətə alınmayanda ciddi problemlər yaranır.

Sadəcə, bir müşahidədən bəhs edim.

Adi meşə qarışqalarının, yəni "Formica rufa"nın yuvasında sərt ierarxiya və rol bölgüsü var. Üstəlik, qarışqa sosiumun bütün fərdləri xüsusi qoxular-feromonlar vasitəsilə ünsiyyətdə olurlar.

Qaydalar çox sərtdir. Məsələn, əgər sağlam "tədarükçü" qarışqa dalbadal bir neçə dəfə yuvaya əliboş qayıdarsa, onun özünü edam edir, yem kimi yararlanırlar. Şikəst və əlil qarışqalarsa ölənədək "cəmiyyət"in qayğısını görür, belə qarışqanı yemləyirlər.

Lakin açıq-qəhvəyi rəngli, "lomehuza" (Lomechusa strumosa) adlı həşəratlar qarışqa yuvasına girdimi, faciə başlanır. Lomehuzalar qarışqaların nəsilartırma kamerasına soxulur, orada yumurta qoyurlar. Qarışqalar "gəlmə"yə hücum edən kimi lomehuza xüsusi feromon ayırır. Qarışqalar bu yapışqanlı maddənin qoxusunu alanda eyforiyaya qapılırlar.

Lomehuzanın ifraz etdiyi feromon qarışqaların diqqətini korşaldır, onlarda "gəlmə"yə sonsuz inam yaradır.

Lomehuzanın 266 növü var və o, mirmekofillər qrupuna aiddir. Həmin qrupdakı həşəratların hamısı ya qarışqalarla "qarşılıqlı faydalı" əlaqələr qururlar, simbioz yaradırlar, ya da qarışqa yuvasından bir müddət faydalanandan sonra çıxıb gedirlər.

Lomehuzadan savayı.

Bu kiçik həşəratın "qarışqa qatili" olduğunu ilk dəfə alman bioloq Vassman 1897-ci ildə aşkarlamışdı.

Son tədqiqatlarsa daha maraqlı sonuclarla bitib.

Sən demə, lomehuzanın ifraz etdiyi narkotik maddənin əsirinə düşən qarışqalar onu yemləməyə, ona itaət etməyə başlayırlar.

Daha sonra qarışqalar lomehuzanın yumurtalarını qoruyur, sürfələrini bəsləyirlər.

Vədə yetişəndə isə lomehuzalar artır, qarışqa yuvasında həndəsi silsilə ilə çoxalırlar. Və onların hər biri qarışqalar üçün narkotik olan maddə ifraz edir.

Bir qədər də keçir, qarışqa yuvasında həyat dəyişir. İşlək, "tədarükçü" qarışqaların sayı azalır, yuvadakı qarışqaların fəallığı aşağı düşür. Belə yuvada qarışqalara baxsanız, görərsiniz ki, "işçi" qarışqa nəyisə yuvaya aparmağa çalışır, amma qəflətən yükünü yarıyola atır, boş-boşuna dolaşmağa başlayır.

Çünki belə qarışqalar lomehuzanın köləsinə çevriliblər. Yumurtalardan çıxan yeni qarışqaları isə "daun qarışqalar" və ya "psevdoerqat" adlandırırlar. Onlarda artıq doğuşdan anormallıq, xəstəlik var. Nə nəsilartırma funksiyaları var, nə də işləmək istəmirlər.

Elə-belə, bütün günü avara dolaşırlar.

Bir qədər də keçir, "tədarükçü" və "zəhmətkeş" qarışqaların sayı minimuma enmiş yuva yaxınlıqdakı yuvadan asılı vəziyyətə düşür.

Əksər hallarda o yuvanı da artıq lomehuzalar idarə edir.

Çox nadir hallarda qarışqalar bu dərddən xilas olurlar. Yeganə çıxış yolu lomehuzaları öldürmək, bu minvalla onların "daha yaxşı, rahat həyat" vəd edən asılılığından qurtulmaqdır.

Azərbaycan müxalifətinin "lider"ləri də vətəndaşlarımızı sanki qarışqa kütləsi, lomehuza kimi davranırlar.

Tələbəlik illərində təhsil aldığı Bakı Dövlət Universitetində bəlli ləqəbli komsomol katibi olan və kimlərə niyə işlədiyini o dövrdə çox az adamın bildiyi, indisə AXCP sədri sayılan Əli Kərimli bloqerlik karyerasına yeniliklər edib.

Adam indi siyasi şərhçi, politoloq və ilaxır olub, YouTube-dakı "azad" kanallarla Facebook-dakı "lap azad və super müstəqil" səhifələrə hər gün, bəzənsə gündə bir neçə dəfə açıqlamalar verir.

Mənzilində otaqlardan birində, kitab dolabının qarşısında əyləşən zati-möhtərəm Əli bəy Kərimlidən saatlarla baxdığı kiçik kamera bezsə də, o, tam mənasız və məntiqsiz çıxışlarından usanmır.

Əli Kərimlinin məntiqinə və ritorikasına görə, dünyanın istənilən yerində pis nə baş versə - Azərbaycandakı hakimiyyət suçludur. Yox əgər yaxşı hadisə yaşanırsa - deməli, Azərbaycanda da belə hadisə əsla baş verə bilməz.

Belə irrasional davranış siyasətçiyə yaraşan model olmasa da, AXCP sədrini Müsavat başqanı və ətrafındakı sipəhsalar, "Milli Şura"nın "boss"u, habelə daha kiçik "çaplı" olan "lider" və "lidercik"lər mantra kimi təkrarlayırlar.

Onlar "mənim xalqım" dedikləri vətəndaşlardan sadəcə, yararlanmağa, öz ambisiyalarını və maraqlarını təmin etmək üçün vasitə qismində istifadə etməyə çalışırlar.

Bu adamlar demokratiyanın nə olduğunu bilmirlər, Vətən sevgisini də merkantil duyğu kimi qavrayırlar.

Sifarişçilərin və sahiblərin göstərişlərinə əsasən hərəkət edənlər sosial şəbəkələrdə yaşamağa başlayıblar.

Onlar öz narkotiklərinin qurbanı olduğunun da fərqində deyillər artıq.

O narkotikin adı yalandır.

Azərbaycan müxalifətinin istehsal etdiyi və özünün də boğulduğu yalan...

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.