Siyasət

MTN tarixi incəsənət nümunələrinin satılmasının qarşısını alıb

27 Mart 2010 16:44
Baxış: 251
Bu barədə Milli.Az xəbər portalına Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyi Ictimai əlaqələr mərkəzindən məlumat verilib.

Belə ki, Milli Təhlükəsizlik Nazirliyinə bir qrup şəxsin qızıl və qiymətli daşlardan düzəldilmiş 3 ədəd tarixi incəsənət nümunəsini Bakı şəhərində satmaq istədikləri və onlarda olan həmin əntiq əşyaların mütəxəssis tərəfindən 350 min ABŞ dolları dəyərində qiymətləndirildiyi barədə məlumat daxil olmuşdur. 2010-cu il martın 18-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixi incəsənət nümunələrini satmaq niyyətində olan Tər-tər rayon sakini, 1980-cı il təvəllüdlü Allahverdiyev Arif Allahyar oğlundan 2 ədəd qızıl heyvan fiquru və 1 ədəd daşdan düzəldilmiş, çox qədim, həm də nəfis sənətkarlıq nümunəsi olan jezl, yəni rəhbər və ya hakimiyyət simvolu qismində istifadə olunduğu güman edilən balta sənədləşdirilərək götürülmüşdür.
Bu istiqamətdə həyata keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları, 1983-cü il təvəllüdlü Yusifov Hafiz Mustafa oğlu, 1973-cü il təvəllüdlü, ixtisasca tarixşunas olan Rzayev Rizvan Abbas oğlu və 1956-cı il təvəllüdlü Qurbanov Məzahir Ələkbər oğlundan ümumilikdə 6 ədəd tarixi əhəmiyyət kəsb edən incəsənət nümunələri, o cümlədən 1 ədəd qızıldan hazırlanmış şir başına bənzər riton, 1 ədəd qızıldan hazırlanmış heyvan fiquru, 1 ədəd firuzədən hazırlanmış ceyran üzərində adam fiquru, 1 ədəd tunc riton, 2 ədəd kiçik tunc kişi heykəli sənədləşdirilərək götürülmüşdür. Müəyyən  edilmişdir ki, adları çəkilən şəxslər dəyərləri ölçüyə gəlməz bu əşyaları 250 min ABŞ dollarına satmaq niyyətində olmuşlar.
Götürülmüş qədim sənətkarlıq incilərinin tarixini və dəyərini müəyyənləşdirmək məqsədilə bu sahə üzrə mütəxəssislərin rəyləri öyrənilmişdir. Alınmış ilkin rəylərə əsasən, bütün təqdim olunmuş əşyalar indiyədək Azərbaycan Res¬publikası ərazisində aparılmış arxeoloji tədqiqatlar və qazıntılar zamanı tapılan əşyalar arasında analoqlarına rast gəlinməyən, tarixi baxımdan çox qədim, yəni bizim eradan əvvəlki və bizim eranın ilkin dövrlərinə təsadüf edən nadir incəsənət nümunələridir. Hazırda mütəxəssislərın müvafiq araşdırmaları davam edir.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-cı (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən mədəni-tarixi sərvət olan əşyaların qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanılmış, Allahverdiyev Arif Allahyar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanılmışlar.
Cinayət işi üzrə bütün hallarının araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.