Siyasət

Millət vəkilləri səfirlərin müxalifət liderləri ilə görüşünü pislədilər

15 Aprel 2011 13:48
Baxış: 140
Trend-in məlumatına görə, iclasda çıxışı zamanı millət vəkili Siyavuş Novruzov deyib ki, Azərbaycanda akkreditə olunmuş səfirlər digər ölkələrin maraqlarını qoruyan qüvvələrlə görüşməməlidirlər: "Nə üçün bu səfirlər məcburi köçkünlərlə, cəbhəyanı bölgədə öldürülən azərbaycanlı uşağın valideynləri ilə görüşmürlər?". Onun sözlərinə görə, bir sıra Avropa ölkələrinin səfirlərinin görüşdüyü müxalifət nümayəndələrinin təmsil olunduqları partiyalar ölkədə heç bir sosial bazaya malik deyillər və Azərbaycan xalqı tərəfindən boykot edilirlər.

Azərbaycanın hakim partiyasının sədr müavini, deputat Əli Əhmədov çıxışında qeyd edib ki, radikal müxalifətin ideologiyası Azərbaycana qarşı yönəlib: "Bu müxalif əhval-ruhiyyəli insanlar şəxsi ədavətə görə Azərbaycanın düşməni Ermənistanın maraqlarına xidmət edirlər".

"Radikal qruplaşmaların dağıdıcı fəaliyyəti Azərbaycanın inkişafını ləngidir". Bunu isə deputat Asəf Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvəllər erməni lobbisi ilə əlbirdirlər: "Azərbaycan dövləti və xalqı bu cəhdlərin qarşısını almaq üçün əllərindən gələni edəcəklər".

"Xarici ölkələrin səfirləri həm hakim, həm də müxalif partiyaların nümayəndələri ilə görüşürlər. Bəs nə üçün bu görüşlər Parlamentdə təmsil olunan müxalif partiyaların nümayəndələri ilə aparılmayıb?", - deputat Fazil Mustafa çıxışında vurğulayıb.

Millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə, ölkədaxili problemlərin həlli Azərbaycanın daxili işidir və səfirlər dövlətin daxili məsələlərinə müdaxilə etməməlidirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.