Siyasət

Prezident İlham Əliyev: "Azərbaycan gəncləri öz vətəninə bağlıdırlar, onlar ölkəmizin inkişafına böyük töhfə verirlər" - YENİLƏNİB - FOTO

29 Avqust 2014 23:18
Baxış: 6 915
29.08.2014
23:18


AzərTAc-ın xəbər verdiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzlə tanışlıqdan sonra rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı


- Bu gün Beyləqan rayonunda Gənclər Mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl mərkəzdir və qısa müddətdə - il yarım ərzində tikilmişdir. Gənclərin burada asudə vaxtlarını səmərəli şəkildə keçirmələri üçün bütün şərait, bütün imkanlar var.
Son vaxtlar ölkəmizin müxtəlif bölgələrində Gənclər mərkəzləri tikilir. Bu, məni çox sevindirir. Çünki bizim gənclər siyasətimiz çox dəqiqdir, çox səmərəlidir və gözəl nəticələr verir. Qarşıya vəzifə qoyulub ki, hər bir şəhərdə müasir Gənclər Mərkəzi tikilsin. Burada gənclər həm istirahət etsinlər, həm öz biliklərini artırsınlar və bir-biri ilə ünsiyyətdə olsunlar.

Bildiyiniz kimi, əvvəlki dövrdə biz Olimpiya mərkəzlərinin tikintisi ilə ciddi məşğul idik. Bu proses bu gün də davam edir və fürsətdən istifadə edərək demək istəyirəm ki, Beyləqan rayonunda da müasir Olimpiya-İdman Mərkəzinin tikintisi nəzərdə tutulur. Bax, burada bu dəqiqə Gənclər və İdman Nazirliyinə göstəriş verirəm ki, layihəni hazırlasınlar və tezliklə tikintiyə başlasınlar. Yer də seçilibdir və hesab edirəm ki, biz tezliklə gözəl idman mərkəzini də yaradacağıq.

Gənclər mərkəzlərinin yaradılması da gənclər siyasətinin tərkib hissəsidir. Bizim gənclərimiz həm fiziki cəhətdən sağlam, eyni zamanda, bilikli, savadlı olmalıdırlar. Deyə bilərəm ki, Olimpiya mərkəzlərinin yaradılması nəticəsində bu gün Azərbaycanda nəinki peşəkar idman sürətlə inkişaf edir, eyni zamanda, gənclər, yeniyetmələr idmana böyük maraq göstərirlər və gözəl nəticələr əldə edirlər. Azərbaycan bu gün dünya miqyasında idman dövləti kimi tanınır. Son Olimpiya Oyunlarında böyük qələbə - 10 medal qazanmışıq və komanda hesabında 30-cu yerə layiq görülmüşük. Əlbəttə ki, gənc idmançılarımızın hazırlanması işində bölgələrdə fəaliyyət göstərən Olimpiya mərkəzləri xüsusi yer tutur.

Onu da qeyd etməliyəm ki, dünən Çində yeniyetmələrin Olimpiya Oyunları başa çatdı və bizim gənc idmançılarımız çox böyük qələbələr əldə etmişlər. Bu münasibətlə onları, məşqçilərini, bütün idman ictimaiyyətimizi təbrik edirəm. Azərbaycan komanda hesabında 10-cu yerdədir. Bu Olimpiya Oyunlarında 200-dən çox ölkə təmsil olunurdu. Azərbaycan 10-cu yerdədir. Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. On iki medal qazanmışıq, onlardan 5-i qızıl medaldır. Bu, bir daha onu göstərir ki, gənclərimiz nə qədər istedadlıdır, güclüdür və Vətənə bağlıdır.

Bu yaxınlarda Ümumdünya Şahmat Olimpiadası da keçirilmişdir. Orada da Azərbaycan idmançıları ən yüksək yerlərə qalxmışlar və deyə bilərəm ki, həm Ümumdünya Şahmat Olimpiadasında, həm yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan Ermənistandan qat-qat yüksək pilləyə qalxmışdır. Bu, onu göstərir ki, biz həm fiziki, eyni zamanda, intellektual cəhətdən daha güclüyük, üstünük və bu üstünlük hər yerdə özünü büruzə verir. Ermənistan ilə Azərbaycan iqtisadiyyatları müqayisəedilməzdir. Bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən 20 dəfə böyükdür. İdmanda, həm Olimpiya Oyunlarında, həm yeniyetmələrin Olimpiya Oyunlarında, intellektual oyunlarda - hər yerdə biz üstünlüyü əldə etmişik. O cümlədən döyüş meydanında Azərbaycan üstünlüyü əldə edibdir və təmas xəttində Azərbaycan öz iradəsini diktə edir.

Azərbaycan ictimaiyyəti bilir ki, bu ayın əvvəlində Ermənistan təmas xəttində təxribat törətmək istəmişdi. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir. Onlarla işğalçı məhv edilmişdir və onların təxribatı baş tutmamışdır. Bu təxribatın səbəbləri də aydındır. Çünki bildiyiniz kimi, Soçi görüşü ərəfəsində Ermənistan rəhbərliyi çalışırdı ki, özü üçün daha da münasib mövqe əldə etsin və Azərbaycanı qane etməyən hansısa məsələyə razı sala bilsin. Ancaq bu, baş tutmadı və əksinə, Azərbaycan mövqeyi Soçidə daha da güclü səsləndi, qəhrəman Azərbaycan əsgərləri və zabitlərinin cəsarəti nəticəsində düşmənə sarsıdıcı zərbə vurulmuşdur və hələ ki, onlar o zərbədən özlərinə gələ bilmirlər.

Ermənistanda təlaş, təşviş hökm sürür və ən yüksək səviyyədə etiraf olunur ki, ölkədən kütləvi şəkildə köç başlamışdır. Daha doğrusu, bu proses çoxdan gedir. Sadəcə olaraq təmas xəttindəki son hadisələr bunu daha da sürətləndirmişdir. On minlərlə erməni vətəndaşı ölkəni həmişəlik tərk edir və son hadisələr bu prosesə yeni təkan vermişdir. Düzdür, Ermənistan rəhbərliyi bunu izah etmək üçün müxtəlif üsullara əl atır. Bu yaxınlarda hətta etiraf edilmişdir ki, bunun əsas səbəbi diasporun güclü olmasıdır, eyni zamanda, Qarabağ münaqişəsidir. Yəni, artıq Ermənistan rəhbərliyi etiraf edir ki, demoqrafik böhranın əsas səbəbi qorxudur. Ermənistan cəmiyyəti qorxu içindədir. Əlbəttə, güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün sadəcə olaraq Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bunu tələb edir. Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir.

Biz Ermənistanı iqtisadi cəhətdən dəfələrlə üstələyirik. Hərbi potensial baxımından Azərbaycan Ordusu nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü ordular sırasındadır. Gündən-günə gücümüz artır. Bilirsiniz ki, böyük vəsait ayrılır və ayrılacaqdır. Hərbi xərclər bizim dövlət büdcəmizin əsas xərcləridir və bu, gələcək illərdə də belə olacaq. Biz xərcləri artıracağıq. Ordumuzun peşəkarlığı artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir və Azərbaycan cəmiyyəti bir amal uğrunda birləşibdir. Bu, Azərbaycanın inkişafı, müasir dövlət quruculuğu prosesi və işğal edilmiş ərazilərimizin qaytarılması məsələləridir. Bu işdə əlbəttə ki, gənclərin xüsusi rolu vardır.

Mən şadam ki, bizim gənclərimiz vətənpərvərdirlər və milli ruhda böyüyürlər, tərbiyə alırlar. Bu, çox önəmlidir, gənclərlə çoxsaylı görüşlərim əsnasında mən bu məsələlərə xüsusi diqqət yetirirəm. Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar. Çünki müasir dünyada bilik, savad demək olar ki, hər şeyi həll edir.

İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir. Ona görə bizim gənclərimiz yaxşı oxumalıdır, bilik sahibi olmalıdır, gənclər peşəkar olmalıdırlar. Çünki bu gün Azərbaycanda bütün imkanlar var. İqtisadiyyat inkişaf edir, yeni iş yerləri, yeni sənaye müəssisələri, xidmət sahələri açılır ki, peşəkar kadrlara böyük ehtiyac var. Mən çox istəyirəm ki, bizim əsas, aparıcı sahələrimizin inkişafında Azərbaycan gəncləri öz rolunu oynasınlar. Belə göstərişlər verilmişdir. Ona görə bilik, savad, əlbəttə ki, hər bir gənc üçün, ölkə üçün, gələcəyimiz və hər bir insan üçün prioritet olmalıdır. Çünki əgər biliyin, savadın varsa, sən gələcəkdə özün üçün layiqli yer tapa bilərsən, yaxşı işlə təmin olunarsan, yaxşı maaş alarsan və beləliklə, həm özün, həm ölkə üçün daha da böyük fayda verə bilərsən.

Gənclər əlbəttə ki, fiziki cəhətdən sağlam olmalıdır. Əlbəttə ki, burada həm idmanın inkişafının, həm olimpiya komplekslərinin tikintisinin mühüm rolu var, eyni zamanda, hər bir insan gənc yaşlarından öz sağlamlığına fikir verməlidir. İndi ölkəmizin bütün yerlərində müasir diaqnostika mərkəzləri, xəstəxanalar fəaliyyət göstərir. Hər bir insan gərək ildə bir dəfə müayinədən keçsin. Yəqin sizin də xəbəriniz var ki, son vaxtlar Azərbaycanda kütləvi şəkildə dispanserizasiya aparılmışdır. Yüz minlərlə insan pulsuz müayinədən keçmişdir. Bu müayinələr nəticəsində əlbəttə ki, xəstəliklər də aşkarlanmışdır və onların müalicəsi təmin edilmişdir. Yəni, fiziki sağlamlıq, bilik, savad, əlbəttə ki, mənəvi sağlamlıq vacibdir.

Bizim gözəl ənənələrimiz, milli dəyərlərimiz var. Biz onları qoruyuruq və siz gənclər onları yaşatmalısınız. Bu, böyük bir mirasdır, böyük mədəni irsdir, bizim zənginliyimizdir. Bizim musiqimiz, xalçaçılıq sənətimiz, incəsənətimiz, ədəbiyyat, ana dili - bütün bunlar bizim ən böyük sərvətlərimizdir. Biz bu sərvətləri bütün dövrlərdə - çar Rusiyası, Sovet İttifaqı dövrlərində qorumuşuq. Ona görə bir xalq kimi biz bu gün inkişaf edirik. Özümüzü dünyaya təqdim etmişik. Əlbəttə ki, biz müstəqillik dövründə bu dəyərləri daha da qorumalıyıq. Dövlət siyasəti var və mən Prezident kimi bu məsələlərə xüsusi diqqət göstərirəm. Bütün dövlət qurumları, eyni zamanda, ictimai təşkilatlar bu işlərlə məşğul olurlar. Ancaq burada ardıcıllıq təmin edilməlidir. Bu ardıcıllığı siz gənclər təmin edəcəksiniz. Ona görə gənclər milli ruhda tərbiyə almalıdırlar. Bunu biz məktəblərdə də, ailələrdə də təşkil etməliyik. Bizim milli ənənələrimiz var. Biz onları qiymətləndiririk. Onlar bizim həyatımızın əsasıdır.

Azərbaycanın dəyərləri bizim üçün əsas dəyərlərdir. Əlbəttə ki, biz ümumbəşəri dəyərləri bölüşürük. Azərbaycan dəyərləri ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Ancaq bizim xalqımızın özünə xas olan dəyərləri var. Biz onları qoruyuruq, qorumalıyıq. Əlbəttə ki, gənclər Vətənə bağlı olmalıdırlar. Bu gün Azərbaycan o qədər sürətlə inkişaf edir ki, Vətəni sevən hər bir insan qürur hissi ilə deyir: Mən Azərbaycan vətəndaşıyam! Ümumiyyətlə, hər bir insan öz Vətənini sevməlidir. Ancaq daha inkişaf etmiş ölkələrdə təbii ki, bu, özünü daha da yüksək səviyyədə büruzə verir. Hesab edirəm ki, vətənpərvərlik, bilik, savad, fiziki hazırlıq, öz keçmişinə bağlılıq, milli ruhda tərbiyə bizim üçün əsas amillər olmalıdır.
Əlbəttə, dövlət siyasətimiz bu istiqamətdə aparılır. Biz islahatları dərinləşdiririk. Azərbaycanda azad cəmiyyət formalaşıbdır, bütün demokratik təsisatlar var və onlar uğurla fəaliyyət göstərir. Bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur. Siz gənclər bunu yaxşı bilirsiniz. Facebook, Twitter, internet. İndi bir milyondan artıq Azərbaycan vətəndaşı facebookda fikirlərini paylaşır və yaxud hansısa məlumat əldə edir. Heç də hər bir ölkədə belə deyil, senzuralar, məhdudiyyətlər vardır. İndi bəzi digər tədbirlər görülür. Bizdə isə bu, sərbəstdir, azaddır. Çünki Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir. Ona görə siyasi islahatların, eyni zamanda, iqtisadi islahatların dərinləşməsi nəticəsində son 10 ildə bir milyondan artıq yeni iş yeri açılmışdır. Bu proses davam edir və davam etməlidir. Çünki bizim əhalimiz artır.

Ermənistandan fərqli olaraq bizdə demoqrafik vəziyyət çox müsbətdir. Hər il orta hesabla 170-180 min körpə dünyaya gəlir. Beləliklə, iş yerlərinin açılması daimi proses olmalıdır. Çünki əhalinin artımı əlbəttə ki, bizim üçün böyük güc mənbəyidir. Əhali artır və artmalıdır. Eyni zamanda, bu, əlbəttə ki, hökuməti də düşündürür. Çünki iş yerlərinin, yeni müəssisələrin açılması gərək elə sürətlə getsin ki, işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik beş faiz səviyyəsindədir. Bəzi bölgələrdə işsizlik orta hesabla daha da yüksəkdir. Biz bunu bilirik, bu məsələlər üzərində işləyirik. Yəni, bütün sahələr üzrə islahatlar aparılır və aparılacaqdır. Ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Ancaq bütün bu işlərin əsasında, təməlində bizim milli dəyərlərimiz dayanır.

Bu gün nəinki bizim üçün, bütün ölkələr üçün müəyyən təhlükələr var. Yəni, qloballaşma və digər proseslər gedir. İndi bəzi xarici dairələr qloballaşma adı altında öz iradələrini tətbiq etmək istəyirlər. Xüsusilə gənclər arasında iş aparılır, müxtəlif fondlar vasitəsilə guya ki, hansısa layihələrin icrası üçün vəsait ayrılır. Əslində gəncləri öz dövlətinə qarşı çevirmək, istiqamətləndirmək üçün işlər aparılır. Biz bunları bilirik.

Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq, qoruyacağıq. Siz də, gələcəkdə Azərbaycanı idarə edəcək insanlar da bax bu yolla getməlisiniz.

İndi heç kəs üçün sirr deyil ki, müxtəlif fondlar vasitəsilə, müxtəlif ölkələrdə kütləvi iğtişaşların, qarşıdurmanın yaradılması üçün praktiki addımlar atılır. Əgər 10 il bundan əvvəl bu, daha da məxfi formada aparılırdısa, hazırda artıq bütün maskalar yırtılıbdır, heç gizlətmirlər. Məqsəd də odur ki, təbii resurslarla zəngin, böyük potensiala, əlverişli coğrafi mövqeyə malik ölkələr təsir altına düşsün və başqasının diktəsi ilə hərəkət etsin, oturub-dursun. Bu isə o ölkələri məhvə aparır.

Biz yaxın tarixdən bunu bilirik. Bizim qonşuluğumuzda baş vermiş hadisələrin nələrə gətirib çıxardığı da gözümüzün qabağındadır. Bilin ki, Azərbaycan üçün də oxşar ssenarilər yazılmışdır. Sadəcə olaraq bizim iqtidarımızın dəmir iradəsi imkan vermədi ki, bu ssenarilər burada həyata keçirilsin və heç vaxt imkan verməyəcəyik.

Ona görə, siz gənclər bunu yaxşı bilməlisiniz və bizim gənclərimiz xarici dairələrin təsiri altına düşməməlidir. Xarici qüvvələr Azərbaycanın inkişafını bizdən artıqmı istəyirlər? Əlbəttə ki, yox. Onların maraqları başqadır və biz bilirik bunun səbəbi nədir. Onlar da bilirlər ki, bu, bizimlə keçməyəcək və sizinlə də keçməməlidir. Ona görə, siz də bu məsələləri daim diqqət mərkəzində saxlamalısınız.

Bizə xaricdən heç bir yardım, kömək lazım deyil. Lazım olanda onsuz da heç kim bizə kömək etməyib. Azərbaycan ağır vəziyyətdə olanda kim gəlib bizə kömək edib? Heç kim. Mənim yadımdadır, vaxt var idi ki, biz beynəlxalq qurumlardan kredit ala bilmirdik, vermirdilər kredit. Amma indi biz özümüz başqa ölkələrə kredit veririk. Yəni, bizim iqtisadi inkişafımız sırf Azərbaycan dövlətinin, hökumətinin uğurudur və aparılan siyasətin nəticəsidir. Ona görə bizə yardım etmək üçün heç kimə müraciət etməmişik və buna ehtiyac yoxdur. Amma yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir. Onsuz da lap o miqdarı on dəfə artırsalar da bunun xeyri olmayacaq. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı Azərbaycan xalqıdır, görülən işlərdir, abadlaşan şəhərlər və inkişafda olan ölkəmizdir. Ona görə hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Bunu artıq o cəhdləri edənlər də tamamilə başa düşürlər.

Ancaq biz bunu bilməliyik və siz də bunu bilməlisiniz. Ona görə biz ancaq gələcəkdə də öz gücümüzə güvənəcəyik. Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsasdır. Siz gənclər peşəkar, bilikli, həm fiziki, həm mənəvi cəhətdən sağlam olmalısınız və elə etməlisiniz ki, Azərbaycan daim inkişaf etsin və müstəqil ölkə kimi daim öz sözünü desin, formal olaraq yox, real. Çünki dünyada iki yüzdən çox müstəqil ölkə var. Bu ölkələrin hamısı müstəqil deyil. Elə götürək Ermənistanı. O ölkəyə müstəqil ölkə demək mümkün deyil. O bir koloniyadır, müstəmləkədir və qul psixologiyası ilə yaşayan Ermənistan iqtidarı ölkəni artıq tamamilə asılı vəziyyətə salıbdır. İnanmıram ki, erməni xalqının arzuladığı müstəqillik bu gün onları təmin edir. Hər bir xalq, insanlar kimi ölkələr də istəyir ki, müstəqil olsun, öz sözünü desin, heç kimdən asılı olmasın. İnsan üçün azadlıq ən böyük dəyərlərdən biridir. Hər kəs dünyaya azad gəlir və azad olmaq istəyir, təbii ki, qanun çərçivəsində. Ona görə real müstəqilliyi əbədi, dönməz etmək üçün sizdən çox şey asılıdır.

Mən deyə bilərəm ki, Azərbaycan gəncləri öz vətəninə bağlıdırlar, onlar ölkəmizin inkişafına böyük töhfə verirlər. Mən sadəcə olaraq istəyirəm ki, bu məsələ ilə bağlı öz sözümü deyim, sizə öz məsləhətlərimi verim və siz də bunu rəhbər tutaraq gələcəkdə öz fəaliyyətinizi uğurla davam etdirəsiniz. Bir daha sizi salamlayıram və bu gözəl mərkəzin açılışı münasibətilə təbrik edirəm.

X X X

Gənclər adından çıxış edən müəllimə Aytən Mirzəyeva dedi:

- Möhtərəm cənab Prezident. Sizi rayonumuzun ictimaiyyəti, gəncləri adından salamlayıram. Xoş gəlmisiniz.

Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız son on ildə böyük inkişaf yolu keçib. Bu gün gənclərimizin hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Bölgələrimizdə açılan Heydər Əliyev mərkəzləri, Olimpiya İdman kompleksləri, Gənclər mərkəzləri, yeni məktəblər, klublar, kitabxanalar bu gün biz gənclərin istifadəsindədir. Dünyanın heç bir ölkəsində gənclərə bu qədər diqqət və qayğı göstərilmir.

Bu gün Beyləqan gəncləri üçün də əlamətdar bir gündür. İstifadəmizə gözəl Gənclər Mərkəzi verilib. Sizin tapşırığınızla inşa edilən bu mərkəz biz gənclərin fəaliyyətini artıracaq, asudə vaxtlarımızın səmərəli təşkili üçün bizə yardımçı olacaqdır. Bunun üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, Siz gənclərə Vətəni sevməyi, ona sədaqətli olmağı öyrədirsiniz. Bu gün regionlarımıza gəzintilər təşkil edilir. "Azərbaycanı tanıyaq" devizi altında təşkil edilən bu gəzintilərdə gənclərimiz ölkəmizin mədəniyyətini, tarixini, müstəqillik illərində əldə edilmiş nailiyyətlərimizi dərindən öyrənirlər. Bu məqsədlə təşkil edilən gəzintilərdə Beyləqan rayonunun şagirdləri də iştirak ediblər. Onlar Şəki şəhəri, Qəbələ və İsmayıllı rayonlarında olublar.

Bu gün müasir Azərbaycanımızın Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Dövlət Bayraq Meydanı kimi rəmzləri vardır. Son günlərdə açılışını etdiyiniz Xalça Muzeyi də nadir memarlıq nümunəsidir. Bu, Azərbaycanımızın gücünü, qüdrətini bir daha sübut edir. Biz bugünkü Azərbaycanımızla fəxr edir və qürur duyuruq.

Ölkəmiz üçün gördüyünüz işlərdə Sizə yaxından kömək göstərən Mehriban xanım Əliyevanın fədakar əməyini xüsusilə qeyd etmək istəyirəm. Məhz onun əməyinin sayəsidir ki, bu gün dünya musiqi xəzinəsinin incisi hesab edilən Azərbaycan muğamı bütün dünyada tanınır. Fürsətdən istifadə edib Mehriban xanım Əliyevanı ad günü münasibətilə bütün beyləqanlılar adından təbrik edir, ona uzun ömür, cansağlığı, işlərində yeni-yeni uğurlar arzulayıram.

Möhtərəm cənab Prezident, bu gün Vətənini, xalqını, millətini sevən, onun şərəfini uca tutan və onunla fəxr edən Azərbaycan nəsli yetişir. Azərbaycan gəncləri fəxr edir ki, Sizin kimi Prezidenti var. Əminliklə deyə bilərəm ki, bu günün gəncləri Sizinlə həmfikir, məsləkdaş və silahdaşdırlar. Bir daha təşəkkür və minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun!

X X X

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Daha sonra çıxış edən rayon sakini Əziz Əkbərov dedi:

- Möhtərəm cənab Prezident.

Məndən öncə çıxış edən gənc balamız Sizin gənclər üçün gördüyünüz işlərdən, yaratdığınız şəraitdən söhbət açdı. Doğrudan da, ölkəmizdə olduğu kimi, Beyləqanda da gənclərin tərbiyəsi üçün böyük işlər görülür, onlara xüsusi qayğı göstərilir. Bütün bu diqqət və qayğıya görə, cənab Prezident, Sizə rayon ictimaiyyəti adından yeni-yeni uğurlar arzulayıram.
Respublikamızda bütün sahələrin inkişafına Sizin diqqət və qayğınız göz qabağındadır. Hər bir vətəndaşın problemi Sizin probleminiz kimi daim diqqət mərkəzinizdədir. Bütün bunlar Sizin gündəlik gördüyünüz işlərdə öz əksini tapır.

Son illər Beyləqanımız sürətlə inkişaf edir, şəhərimiz gündən-günə gözəlləşir, yeniləşir, abadlaşır. Şəhərdə parklar, xiyabanlar tikilmiş, mərkəzlər yaradılmış, tibb məntəqələri, məktəblər, uşaq bağçaları istifadəyə verilmiş, yollar salınmışdır. Şəhər əhalisinin problemləri həll olunur. Bu yaxınlarda rayon əhalisinin uzun müddətdən bəri əziyyət çəkdiyi susuzluq problemi həll olunacaq, su-kanalizasiya sistemi tikilib istifadəyə veriləcək. Əhalinin böyük bir qismi artıq işlə təmin olunub. Sizin tapşırığınızla yaradılmış taxılçılıq təsərrüfatının böyük bir hissəsi Beyləqanda yerləşir. Rayonumuzun bütün əhalisi bu təsərrüfatdan ürəkdolusu danışır. Burada xeyli beyləqanlı işlə təmin olunub. Görülmüş bütün bu işlər Beyləqan əhalisinin həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bütün bunlara görə Sizə öz minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, illər, qərinələr, əsrlər ötəcək, Sizin Vətənimiz, xalqımız, Azərbaycanımız üçün göstərdiyiniz böyük fədakarlıq tarixə qızıl hərflərlə yazılacaqdır. Bir ağsaqqal kimi səmimi qəlbdən deyirəm ki, Azərbaycan öz tarixinin heç bir dövründə bu qədər güclü inkişafa nail olmayıb. Həqiqətən bu, möcüzədir. Müasir Azərbaycan müstəqil siyasətə, güclü ordu və iqtisadiyyata, yüksək potensiala malik bir dövlətdir.

Mən Sizə, Sizinlə birgə fəaliyyət göstərən Azərbaycan xalqının əzizi, mehribanı olan Mehriban xanıma və ailə üzvlərinizə möhkəm cansağlığı arzulayıram. Eyni zamanda, Azərbaycanın çiçəklənməsi naminə Sizə uğurlar diləyirəm. Qoy Tanrı Sizə yar olsun!

X X X

Prezident İlham Əliyev dedi:

- Sağ olun. Mən artıq üçüncü dəfədir ki, Beyləqan rayonunda səfərdəyəm. Əvvəlki səfərlərdə də açılışlar olubdur. Bu dəfə də şahmat məktəbi, Gənclər Mərkəzi, stadion açıldı. İndi artıq Olimpiya İdman Mərkəzinin tikilməsi ilə bağlı qərar verilmişdir. Əvvəlki dövrdə biz əsaslı təmirdən sonra xəstəxananın və digər obyektlərin açılışını qeyd etmişik. Əlbəttə ki, burada sosial infrastrukturun yaradılması vacib məsələdir. Məktəblər, uşaq bağçaları, idman, səhiyyə ocaqları tikilir. Əlbəttə, Beyləqan rayonunun iqtisadi potensialı da çox böyükdür. Siz də qeyd etdiyiniz kimi, bizim birinci pilot taxılçılıq layihəmiz məhz Beyləqan rayonunda həyata keçirilir. Bu, çox uğurlu bir təcrübədir. Artıq bu layihəni biz başqa rayonlarda da həyata keçiririk, orada da tətbiq olunacaqdır. Amma birinci pilot layihəsi məhz Beyləqanda bir neçə min hektar torpaq sahəsində icra edilmişdir. Biz əyani şəkildə görürük ki, bu layihələrin icrası nəticəsində taxılda məhsuldarlıq orta hesabla təqribən iki dəfə artmışdır - yəni, 50 sentner, bəlkə də daha da çox. Ölkə üzrə bu rəqəm təqribən 25-27 sentnerdir. Ona görə iş yerlərinin və bu iri fermer təsərrüfatlarının yaradılması prosesi gələcəkdə də gedəcək.

Əlbəttə ki, Beyləqanın iqtisadiyyatı daha çox kənd təsərrüfatına bağlıdır. Burada böyük imkanlar vardır. Eyni zamanda, həyata keçirilən içməli su və kanalizasiya layihəsi də böyük sosial layihədir. Çünki insanlar təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunacaqlar. Kənd yolları tikilir. Birinci layihə artıq icra edilib. İndi ikinci böyük layihə icra edilir. Bu layihələrin icrası nəticəsində minlərlə, on minlərlə vətəndaşımız yeni kənd yolları ilə təmin ediləcək. Bu yollar onlarla kəndi birləşdirir. Bu proses, əlbəttə ki, davam etdiriləcəkdir.

Qazlaşdırma prosesi gedir. Beyləqan rayonunda qazlaşdırma 100 faiz olmalıdır. Biz buna əlbəttə ki, nail olmalıyıq. Hesab edirəm ki, 2016-cı ilin sonuna qədər Beyləqan rayonunun qazsız bir kəndi də olmamalıdır. Hazırda ümumi qazlaşdırma təqribən 40 faiz səviyyəsindədir. Biz bunu 100 faizə çatdıracağıq. Hər bir evdə qaz olacaq.

Şəhərdə və ətraf kəndlərdə içməli su, kanalizasiya layihəsi icra edilir. Sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. Hələ ki, təmirsiz məktəblər, uşaq bağçaları, digər sosial obyektlər var. Yollar çəkilir. Bu gün səhər mən iki yol layihəsini açdım. Biri Şirvan şəhərində körpünün açılışı, digəri isə Saatlıda. Artıq Bəhrəmtəpəyə qədər yol çəkilibdir. Bunun Beyləqana, Horadizə qədər davamı olacaq. Orada məsafə o qədər də böyük deyil. Biz yolları dünya səviyyəsində tikirik, təmir edirik. Bu gün biz artıq həm məktəblərin, həm xəstəxanaların tikintisində Azərbaycan standartlarından da danışa bilərik. Çünki bizdə tətbiq olunan standartlar, keyfiyyət, avadanlıq artıq dünyanın ən yüksək səviyyəsindədir. Biz öz standartlarımızı tətbiq edirik. Azərbaycan xalqı yaxşı yaşamağa layiqdir və yaxşı yaşamalıdır. İqtisadi, sosial cəhətdən təmin olunmalıdır. Çətin vəziyyətdə olanlar üçün sosial proqramlar icra edilir. Kasıb ailələr dövlətdən müavinət alırlar. Biz iş yerləri yaradırıq ki, insanlar işlə təmin olunsunlar. Yoxsulluq azalsın, yoxsul olmasın, imkanlar olsun və imkanlar var. İnvestisiyalar qoyulacaq. İnfrastruktura qoyulan investisiyalar artıq Beyləqan rayonunda da canlanmaya gətirib çıxarmışdır. Pilot fermer təsərrüfatlarının yaradılması artıq həyata keçirilib. Bu, davamlı proses olacaq. Siz də, burada yaşayanlar da baxın ki, biz əlavə nə etməliyik. Çünki regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı artıq icra edilir və 2018-ci ildə başa çatacaq. Bu Proqramda əsas məsələlər nəzərdə tutulub ki, həll olunsun. Biz ondan sonrakı dövrə də hazırlaşmalıyıq ki, bu, ölkə üzrə hər bir rayonda və hər bir kənddə daimi inkişaf prosesi olsun. Əminəm ki, biz buna nail olacağıq.

Sizi bir daha təbrik edirəm, salamlayıram, sizə yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, avqustun 28-də Prezident İlham Əliyev Füzuli rayonuna səfərə gəldi.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etdi.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son dövrlərdə rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Ulu Öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında son vaxtlar aparılan genişləndirmə və yenidənqurma işləri uğurla başa çatıb. Parkın ərazisi 2 hektar yarım genişləndirilib. Yaşıllaşdırma işlərinin də aparıldığı parkda uşaqlar üçün əyləncə guşələri yaradılıb, bununla da əhalinin istirahətinin yüksək səviyyədə təşkilinə nail olunub.

Sonra Prezident İlham Əliyev parkda yerləşən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Sizi ürəkdən salamlayıram, yenidən Füzuli rayonunda olmağımdan çox şadam. Bu, mənim Füzuli rayonuna beşinci səfərimdir. Hər dəfə burada olarkən yeniliklər görürəm, ürəyim sevinir və əldə edilmiş bütün uğurlar münasibətilə sizi ürəkdən təbrik edirəm.

Füzuli rayonunun inkişafı daim diqqət mərkəzindədir. Siz də bunu görürsünüz, bilirsiniz. Dövlət siyasəti ardıcıllıqla aparılır və son illərdə rayonun inkişafı üçün çox böyük işlər görülmüşdür. Sosial obyektlər, infrastruktur obyektləri, yeni müəssisələr yaradılır. Əvvəlki dövrlərdə idman kompleksi, tibbi mərkəz, muğam mərkəzi, digər obyektlər yaradılmışdır. Nəinki Füzuli rayonu, bütün bölgə üçün böyük məna daşıyan 25 meqavat gücündə su elektrik stansiyası tikilmişdir. Yollar çəkilir, kənd yolları, şəhərlərarası yollar. Əlbəttə ki, Horadiz artıq bir şəhərdir, gündən-günə gözəlləşir, inkişaf edir və bu gün öz gözəlliyi, abadlığı ilə seçilir.

Füzuli rayonunda aparılan yenidənqurma işlərinin tərkib hissəsi onun infrastruktur layihələridir. Kənd yolları, içməli su layihələri - bunlar da öz həllini tapır və qazlaşdırma ilə bağlı məsələlər ardıcıllıqla icra edilir. Hazırda qazlaşdırma 70 faizdən çoxdur. Amma bu ilin sonuna qədər bütün yaşayış məntəqələrində 100 faiz qaz olacaq. Bax, budur bugünkü Azərbaycanın reallıqları, Azərbaycanın qüdrəti və regionların inkişafı. Biz bu siyasətə sadiq olaraq gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə aparacağıq ki, inkişaf daha da sürətlə getsin. Mən bu gün də artıq bir neçə tədbirdə iştirak etmişəm və hələ digər tədbirlər olacaqdır. Onlardan biri müharibə zamanı dağıdılmış və ermənilər tərəfindən yandırılmış evlərin bərpası layihəsidir. Bunun çox böyük mənası var. Çünki erməni işğalı zamanı bütün infrastruktur, evlər dağıdılmış, yandırılmışdır. Siz bunu yaxşı xatırlayırsınız və indi nümayiş etdirilən şəkillərdə bunu görmək mümkündür. Ancaq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu erməniləri buradan çıxararaq, bu bölgəni tamamilə düşməndən azad etmişdir. Erməni işğalçı qüvvələri 22 kənddən qovulmuş, ondan sonra quruculuq və inkişaf prosesi başlamışdır. Ona görə biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini görürük.

Eyni zamanda, onu görürük ki, hazırda işğal altındakı bütün torpaqlar işğaldan azad olunandan sonra bax, Horadiz kimi olacaq. Biz həm Füzuli şəhərini bərpa edəcəyik, hazırda tamamilə dağıdılmış Ağdamı bərpa edəcəyik, Şuşanı, bütün başqa şəhərləri bərpa edəcəyik. Çünki mən tam əminəm, - əminəm ki, Azərbaycan xalqı bunu bilir, - biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycanın buna gücü çatır və bu, qaçılmazdır. Sadəcə olaraq hələ çalışırıq ki, bunu danışıqlar yolu ilə, qan tökülmədən həll edək. Amma biz istənilən varianta hazırıq. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Siz - Qarabağda doğulmuş, yaşamış, bu gün yaşayan insanlar bunu hamıdan yaxşı bilirsiniz. Bu, əzəli Azərbaycan torpağıdır - Xankəndi, Şuşa. Sadəcə müvəqqəti olaraq işğal altındadır, ancaq biz bu işğala son qoyacağıq. Biz öz torpağımızda yaşayırıq, öz torpağımızı müdafiə edirik və müdafiə edəcəyik. Əminəm ki, ərazi bütövlüyümüzün bərpası qaçılmazdır. Bunu düşmən də bilir və bilməlidir.

Bu ayın əvvəlində təmas xəttində baş vermiş hadisələr bir daha Azərbaycan Ordusunun qüdrətini, gücünü, qarşı tərəfin isə gücsüzlüyünü, acizliyini əyani şəkildə göstərmişdir. Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır. Ona görə biz hələ çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq öz ardıcıl siyasətimizi aparırıq, Ermənistanı bütün layihələrdən təcrid etmişik, orada çox böyük böhran yaşanır, həm iqtisadi, həm siyasi, həm hərbi böhran və eyni zamanda, getdikcə əhalinin sayı azalır. Bizdə artır, orada azalır və tarixin gedişatı ona gətirib çıxaracaq ki, bir neçə ildən sonra bu fərq, bu uçurum o həddə çatacaq ki, bu, özü-özlüyündə danışıqlar prosesində müsbət rol oynayacaq. Biz isə ordumuzu gücləndirməklə, iqtisadi gücümüzü artırmaqla, regionları inkişaf etdirməklə və beynəlxalq arenadakı mövqelərimizi möhkəmləndirməklə güclənirik. Hər gün biz güclənirik, hər gün Ermənistan zəifləyir. Ermənistan özü artıq etiraf edir ki, xarici yardım olmadan yaşaya bilməz, iqtisadi inkişafa nail ola bilməz və hətta öz təhlükəsizliyini qoruya bilməz. Artıq yüksək vəzifəli erməni dövlət məmurları bunu etiraf edirlər. Bu, əslində erməni dövlətinin iflası deməkdir. Çünki hər bir xalq üçün ən böyük nemət müstəqillikdir. Biz bu müstəqillik illərindən səmərəli şəkildə istifadə edərək, bu gün tam şəkildə müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq. Ancaq Ermənistanın işğalçı siyasəti imkan vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun. İndi asılı vəziyyətdə, aciz durumda xarici yardım, ianə olmadan yaşaya bilmir. Torpaqlarımızı hələ ki, işğal altında saxlayır. Ancaq özləri də bilirlər ki, bu, müvəqqəti bir vəziyyətdir.

Biz öz siyasətimizi ardıcıl davam etdirəcəyik və bu gün bütün regionlarda görülən işlər Azərbaycan dövlətinin gücünü, Azərbaycan xalqının istedadını göstərir. Hər bir bölgədə gedən inkişaf məni sevindirir. Mən hər bir rayonda dəfələrlə olmuşam. Füzuliyə beşinci dəfədir gəlirəm. Ancaq Füzuli, Ağdam rayonlarında gedən inkişaf məni xüsusilə sevindirir. Çünki siz düşmənlə üz-üzə yaşayırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz. Bir burada, düşmənlə üz-üzə Horadizdə biz bir gülüstan, bir abad şəhər görürük. Getsinlər öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığına görə onların paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs görür və görməlidir. Azərbaycan ictimaiyyəti də bunu bilməlidir.

Mən bu gün Beyləqanda gənclərlə görüş keçirmişəm. Bilirsiniz ki, indi biz gözəl bir proqram icra edirik, gəncləri göndəririk müxtəlif bölgələrə. Yəni bir bölgədən olan gənclər tətildə başqa bölgələrə gedirlər, Azərbaycanla tanış olurlar. "Ölkəmizi tanıyaq" proqramını biz icra edirik. Çox istərdim bu bölgəyə - Ağdama, Füzuliyə daha çox gəlsinlər, görsünlər ki, bura dağılmış vəziyyətdə idi, siz bunu yaxşı bilirsiniz. Erməni vəhşiləri bir dənə də salamat ev qoymamışdılar, hər şeyi dağıtmışdılar və talan etmişdilər, oğurlayıb aparmışdılar. Amma baxın biz bərpa etdik. Horadiz şəhərdir, gözəl şəhərdir, yollar, xiyabanlar, ictimai yerlər, parklar, iş yerləri, məktəblər, uşaq bağçaları, muğam mərkəzi, idman kompleksi, hər şey var. Daha da yaxşı olacaq. Füzuli rayonunun inkişafı xüsusi məna daşıyır. Həm Qarabağ üçün, həm Azərbaycan üçün. Ona görə biz bundan sonra da rayonun inkişafı üçün əlimizdən gələni edəcəyik və burada həyata keçiriləcək tədbirlər rayonu daha da gücləndirəcək.
227 dağılmış, yandırılmış ev bərpa edildi. Mən bu gün evlərin birində olmuşam. Ancaq hələ ki, müxtəlif yerlərdə 300-dən çox dağılmış evlər var. İndi mən göstəriş vermişəm ki, təklif hazırlasınlar, biz o evlərin də bərpasına başlayaq. Bu gün Füzuli əhalisinin 50 faizdən çoxu artıq burada məskunlaşıb, 16 qəsəbə tikilibdir, evlər bərpa edilibdir, indi mənə deyilər ki, hətta Bakıdan füzulililər qayıdırlar. Əlbəttə, qayıtmalıdırlar. Burada - doğma torpaqda gözəl şərait, gözəl iqlim, abadlıq var. Ona görə bu proses daha da sürətlə getməlidir və buna nail olmaq üçün burada şərait daha da yaxşı olmalıdır. Mən icra başçısından soruşuram ki, biz əlavə nə iş görməliyik. Mənə deyir ki, indi hər şey görülübdür. Amma mən bilirəm ki, əlavə işlər də görülməlidir. Füzuli rayonunun kənd və qəsəbələrinin heç birində heç bir problem olmamalıdır. Biz buna nail olacağıq. İşlərin böyük hissəsi görülüb, qalan işləri də bərabər görəcəyik.
Sizi bir daha salamlayıram. Əldə edilmiş bütün uğurlar münasibətilə sizi təbrik edirəm.

X X X

Füzulililərə göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlığını bildirən Məcnun Namazəliyev dedi:

- Möhtərəm cənab Prezident!

İcazə verin rayonumuzun bütün əhalisi adından Sizi salamlayım. Füzuliyə xoş gəlmisiniz. Füzulililər respublikamızın inkişafı naminə Sizin həyata keçirdiyiniz tədbirləri alqışlayırlar. Biz hamımız yaxşı bilirik ki, bunlar Ulu Öndərin siyasi xəttinin davamıdır və bu mənada çox qiymətlidir.

1993-cü ilin sonları, 1994-cü illərin əvvəllərində Ulu Öndərin yeni formalaşdırdığı Azərbaycan Ordusu Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmiş, qayıdış başlamışdır. Həmin böyük qayıdış bu gün də davam edir. Artıq 70 min nəfər füzulili 22 yaşayış məntəqəsində, Sizin sayənizdə tikilmiş 16 qəsəbədə çox yaxşı yaşayır, işləyir, iqtisadiyyatlarını möhkəmləndirir. Bütün bunlar Sizin sayənizdə mümkün olub, cənab Prezident. Allah Sizə kömək olsun.

Onu da deyim ki, cənab Prezident, ərazidə yaşayan füzulililərin həyat şəraiti getdikcə yaxşılaşır. Bizim camaatımız zəhmətkeşdir, torpağımız bərəkətlidir, çörəyimiz boldur. Biz füzulililər yaxşı işlədiyimiz kimi, Sizin sayənizdə yaxşı da yaşaya bilirik. Bu gün biz erməni ilə üz-üzə, göz-gözə yaşayırıq, cənab Prezident. Amma hamı nikbindir, hamı xoşbəxtdir, hamı arxayındır ki, bizim cənab İlham Əliyev kimi güvən yerimiz, arxamız, dayağımız, inam yerimiz var. Biz hamımız bununla fəxr edirik, Sizə həmişə minnətdarıq.

Cənab Prezident, Siz çox gözəl bir şəhər tikib bizə vermisiniz. Bu gün Horadizdə nələr yoxdur? Sizin dediyiniz kimi, burada insan amilinə xidmət edən bütün obyektlər var. Hamısının açılışında Siz iştirak etmisiniz - həm keçən səfərlərinizdə, həm də indi. Son üç ildə Horadizə qonaq gələn hər bir kəs bu gün yenə gələndə məəttəl qalır ki, bu gözəlliyi kim, necə yaradıb? Bəli, hamımız iftixarla deyirik ki, bu gözəlliyi Prezidentimiz cənab İlham Əliyevin sayəsində biz yaratmışıq. Çox sağ olun, cənab Prezident.

Şəhər statusu alandan sonra Horadizdə hər şey var. Sizin Sərəncamınızla burada bayaq dediyiniz kimi 227 ev bərpa olunub. Elə bərpa olunub ki, indi əvvəl tikilənlərdən də gözəldir. Adamlar evlərinə yığışdıqca məəttəl qalırlar. Evin içində qaz, su, işıq var, bütün infrastruktur məsələləri həllini tapıb. Ona görə də xalqımız, camaatımız Sizə minnətdardır. İş yerlərimiz var. Sizin tapşırığınıza uyğun olaraq rayonumuzda gənclərə daha çox üstünlük verilir. Yeni-yeni iş sahələri yaradılır, gənclər irəli çəkilir, dövlət qulluğunda vəzifələrə dəvət olunurlar. Bütün bunlarla, işlə təmin olunmaqla yanaşı, füzulililər məcburi köçkün kimi dövlət qayğısı ilə təmin olunurlar. Bizə çörək pulu verilir, işıq, su, qaz, torpaq, imtiyazların hamısı pulsuzdur. Biz bunlara subsidiyaları, kreditləri, başqa güzəştləri, sosial müavinətləri də əlavə etsək Azərbaycan dövləti, cənab İlham Əliyev füzulililərə milyonlarla manat dəyərində yardım göstərir. Bunu camaatımız bilir və buna görə Sizə minnətdardır.

Rayonumuzun ərazisinin demək olar ki, 50 faizi bizdə, 50 faizi isə işğal altındadır. Yuxarıda, Horadiz yüksəkliyində bayrağımız dalğalanır. Onu düşmən də görür. İndi Bakıya axın yoxdur, paytaxtdan bura axın var. Çünki Horadizdə Bakıda olanların hamısı var, bizim boulinq, bilyard zallarımız, şahmat məktəbimiz, futbol, voleybol meydançalarımız - hər şeyimiz var, cənab Prezident. Yəni, bizim yaşayış səviyyəmiz çox gözəldir, cənab Prezident.

Mən bir məlumat da verim ki, Heydər Əliyev Fondu Füzulidə çox böyük işlər görür. Hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda Muğam Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, iki uşaq bağçası, orta məktəb binası tikilib istifadəyə verilib. Əminik ki, bu işlər gələcəkdə də davam etdiriləcək, Füzuliyə yeni, əlavə kömək göstəriləcəkdir. Biz buna görə hörmətli Mehriban xanıma minnətdarlığımızı bildiririk. Allahdan ona cansağlığı diləyirik.

Cənab Prezident, Siz Azərbaycanın inkişafı üçün çox iş görürsünüz. Biz nə xahiş ediriksə Siz onu yerinə yetirirsiniz. Ona görə də Sizə çox minnətdarıq. Bizim ən böyük arzumuzu da Siz ifadə etdiniz. Məcburi köçkünlərimiz, inşallah, Sizin rəhbərliyinizlə Qarabağa qayıdacaqlar, cənab Prezident. Əminik ki, bizim dünya şöhrətli Prezidentimizin buna gücü çatacaq və çatır. Dünya Azərbaycana maraq göstərir, Azərbaycan dünyaya inteqrasiya edir. Bunlar çox gözəldir. Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan milli mənəvi dəyərləri dünyada təbliğ olunur. Bunlar çox böyük işlərdir.

Cənab Prezident, Sizin sayənizdə Azərbaycan inkişaf edir, gözəlləşir, daha yüksək zirvələri fəth edir. Azərbaycanın daha xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar diləyirik. Füzulililər Sizə sadiqdirlər, Sizi sevirlər. Cənab Prezident, elə gün olmur ki, Sizin haqqınızda məhəbbətlə danışmayaq. Sağ olun.

X X X

Prezident İlham Əliyev dedi:

- Dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Mən də demək istəyirəm ki, füzulililəri çox sevirəm və çox sevinirəm ki, Füzulidə indi bu qədər inkişaf var. Bir məsələ məni həmişə incidir, düşündürür və dəfələrlə mən bunu öz çıxışlarımda qeyd etmişəm. Əfsuslar olsun ki, ölkəmiz üçün həlledici anlarda Ulu Öndər Azərbaycanda yox idi və onu o vaxt - 1980-ci illərin sonlarında siyasi səhnədən uzaqlaşdırmaq üçün erməni millətçiləri nə qədər əlləşdilər, Moskvaya nə qədər anonim məktublar, donoslar yazıldı. Əlbəttə ki, o vaxtkı sovet rəhbərliyi də Heydər Əliyevə ədalətsizlik göstərmişdi. Nəyə görə? Çünki o həmişə öz sözünü deyən adam idi, heç kimdən çəkinmirdi. Haqq, ədalət onun üçün əsas amillər idi. O vaxtkı sovet rəhbərliyi isə hesab edirdi ki, hamı onların qarşısında baş əyməlidir. Ona görə Heydər Əliyevi siyasi səhnədən uzaqlaşdırdılar və ondan sonra iki həftə keçməmiş erməni millətçiləri qərb mətbuatında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün iddia qaldırdılar və sovet rəhbərliyi buna dəstək oldu, təkan verdi. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı və siyasi səhnədə olsaydı, heç vaxt bir qarış torpaq işğal altına düşməzdi. Heç vaxt. Bu gün artıq Dağlıq Qarabağda demoqrafik vəziyyət də tam başqa olacaqdı. O illərdə Dağlıq Qarabağda sənaye müəssisələrinin yaradılması, dəmir yolunun çəkilişi, digər tədbirlərin görülməsi nəticəsində demoqrafik vəziyyət bərpa olunurdu. Yəni, əslində ermənilər deyirdilər ki, Heydər Əliyev demoqrafik vəziyyəti dəyişdirmək istəyir. Ulu Öndər onu bərpa etmək istəyirdi. Çünki Dağlıq Qarabağ ərazisində əsrlər boyu Azərbaycan xalqı yaşamışdır. Bu, bizim dədə-baba torpağımızdır. Sadəcə olaraq XVIII əsrin əvvəllərində ermənilər Şərqi Anadoludan və İrandan buraya köçürülmüşdür. Əgər belə demək mümkündürsə, idxal edilmişdir. Nəyə görə? Burada, bu bölgədə dini tərkibi dəyişdirsinlər. Bu idi məqsəd və ondan sonra süni olaraq Dağlıq Qarabağ ərazisində onlar əhali nöqteyi-nəzərindən üstünlük təşkil etdilər. Heydər Əliyevin səyləri nəticəsində biz bu ədaləti bərpa edirdik və artıq münaqişə başlanan zaman Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. 10 il, 15 il keçəndən sonra azərbaycanlılar 50 faiz olacaqdı və bu məsələ heç vaxt bir daha qalxmayacaqdı.
Əfsuslar olsun ki, o vaxt Azərbaycanda böyük səhvlər buraxılmışdı və ermənilər ondan istifadə etdilər, bu məsələni qaldırdılar. Sovet rəhbərliyi buna təkan verdi. Sovet İttifaqı dağılandan sonra isə Azərbaycana qarşı daha da böyük ədalətsizliklər göstərildi və nəticə etibarilə torpaqlarımız işğal altına düşdü. O vaxt bizim o qədər də böyük bizim hərbi gücümüz yox idi. Yenə də Ulu Öndərin şəxsi keyfiyyətləri, cəsarəti, xalqın ona olan inamı nəticəsində biz bu torpaqları düşməndən azad etdik. Biz istəmirik ki, yenə müharibə başlasın. Kim istəyir ki? Amma eyni zamanda, biz heç vaxt bu vəziyyətlə də barışa bilmərik. Çünki Ermənistan istəyir ki, heç nə dəyişməsin, necə var elə də qalsın. Amma bu mümkün deyil. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər də bunu istəyir. Onlar da həmişə bizə deyirlər ki, amandır, müharibə etməyin, problemi danışıqlar yolu ilə həll edin. Biz də deyirik, yaxşı danışıqlar yolu ilə, bəs nə qədər?

Artıq 22 ildir Minsk qrupu fəaliyyət göstərir. Əgər buna fəaliyyət demək mümkünsə. Onun fəaliyyəti ancaq bu vəziyyətin dəyişməz olaraq qalması məsələsidir. Ona görə, bu məsələləri tarixi nöqteyi-nəzərdən bir daha təhlil edərkən görürük ki, biz ancaq öz gücümüzə güvənə bilərik. Biz Azərbaycan xalqının gücünə və Azərbaycan dövlətinin gücünə güvənə bilərik. Biz bu məsələni həll edəcəyik, Azərbaycan xalqı, güclənən Azərbaycan.

Bunu həll etmək üçün əlbəttə ki, beynəlxalq məsələlər də nəzərə alınmalıdır. Regional vəziyyət, xarici siyasət amilləri öz rolunu oynamalıdır, oynayacaqdır. Şübhəsiz ki, Azərbaycanın artan qüdrəti və bizim iqtisadi, siyasi, beynəlxalq və hərbi sahələrdə gücümüz göz qabağındadır. Bizim gücümüz getdikcə artacaq, ermənilərin gücü azalacaq. İndi orada demoqrafik böhran yaşanır. Hətta yaşlı insanları da zorla orduya cəlb edirlər, onları səngərə göndərirlər. Bu yaxınlarda bir hadisə olmuşdu. Yəqin ki, yaxın vaxtlarda ictimaiyyət də məlumatlandırılacaqdır. Bizim Tovuz, Qazax istiqamətində sərhədimizə yaxın olan erməni kəndlərindən yaşlı insanlara zorla hərbi forma geyindirib, əlinə tüfəng verib, göndərirlər səngərə. Bax, budur reallıq.

Amma biz bu gün güclənirik, möhkəmlənirik, ruh yüksəkliyi var, Azərbaycan əsgəri peşəkardır, Azərbaycan xalqı mərddir. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, amma orada - Tovuz, Qazax istiqamətində erməni kəndləri boşalır. Əlbəttə, təmas xəttində erməni kəndləri yoxdur. Nə burada, nə Ağdamda, nə başqa yerdə. Çünki bunlar hamısı Azərbaycan torpağıdır. Amma Tovuz, Qazax istiqamətində erməni kəndləri var, insanlar oradan qaçır, qorxurlar. Onların prezidenti bu yaxınlarda özü etiraf etmişdir ki, ölkədən kütləvi köçün səbəblərindən biri Dağlıq Qarabağ münaqişəsidir. Valideynlər qorxurlar, uşaqları orduya vermək istəmirlər. Yəni, bu kriminal rejimi qorumaq üçün niyə onların vətəndaşları həlak olmalıdır. Ona görə, erməni xalqı özü başa düşməlidir ki, bu kriminal rejim orada nə qədər hakimiyyətdədir, Ermənistanın inkişafı mümkün deyil. Erməni xalqı bu kriminal Qarabağ klanından yaxasını qurtarmalıdır. İndi onlara Qarabağ klanı deyirlər. Əslində Qarabağ bizim dədə-baba torpağımızdır, amma Ermənistanda onlara Qarabağ tayfası deyirlər. Əminəm ki, erməni xalqı müdriklik göstərməlidir. Çünki onlar da başqa millətlər kimi müstəqil, azad olmaq istəyirlər, kriminal rejim hakimiyyəti altında yaşamaq istəmirlər.

Bizim müharibəmiz haqq-ədalət müharibəsidir. Biz istəyirik ki, məsələ ədalətlə həll olunsun - beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və ədalətli. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki bu, bizim tarixi torpağımızdır və hüquqi cəhətdən bizim torpağımızdır. Heç bir ölkə qondarma "Dağlıq Qarabağ Respublikası"nı respublika kimi tanımır və tanımayacaqdır. Bu, gözəl əsas yaradır. Bu əsas bizə imkan verir ki, istənilən vaxtda öz ərazi bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün müxtəlif amillər var - iqtisadi, hərbi, siyasi və beynəlxalq. Biz öz addımlarımızı elə atmalıyıq ki, nəticə 100 faiz olsun, 200 faiz olsun və belə də olacaqdır.

Necə ki, bu gün Horadiz şəhəri gözəl şəhərdir, Füzuli şəhəri daha da gözəl şəhər olacaq. İnşallah, oranı da biz birlikdə abadlaşdıracağıq, gözəlləşdirəcəyik. Bir daha sizə cansağlığı, uğurlar arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi ziyan görən Horadiz şəhərinin yenidən qurulması, burada geniş abadlıq-bərpa tədbirlərinin həyata keçirilməsi istiqamətində son illərdə bir çox mühüm işlər görülüb. Şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində həyata keçirilən layihələr bu gün də davam etdirilir. Müharibə zamanı dağıntılara məruz qalan şəhərdə quruculuq işləri geniş vüsət alıb, yeni evlər tikilib. Bu sırada 227 evin və çoxmənzilli 3 binanın bərpa işlərindən sonra istifadəyə verilməsi də mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğuna daha bir əyani misaldır. Bundan əlavə, "Mən hər bir azərbaycanlının prezidenti olacağam" deyən dövlət başçısının fəaliyyətinin real nəticələridir. Bu layihələr Azərbaycan dövlətinin ilk növbədə, cəbhə xəttində yaşayan vətəndaşların sosial-rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması naminə gördüyü işlər sırasındandır. Bu, həm də Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.

Qeyd edək ki, Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpa edilməsi məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Yüksək keyfiyyətlə və müasir tikinti normaları nəzərə alınmaqla həyata keçirilən inşaat işləri zamanı evlərin hamısı tam bərpa edilib. Mənzillərin hamısı kommunal infrastrukturla təmin olunub, insanların rahat və maneəsiz yaşamaları üçün hər cür imkanlar yaradılıb. Bütün bunlar da bir daha göstərir ki, Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti çətin sınaqlardan çıxan soydaşlarımızda sabaha ümid yaradıb, dövlət başçısının hər zaman onların yanında olduğunu təsdiqləyib. İnsanlar da dövlət başçısının ideyaları ətrafında sıx birləşməyi bacarıblar.

Dövlətimizin başçısı Vəli Şəmilovun ailə üzvləri ilə çay süfrəsi arxasında söhbət etdi.

Prezident İlham ƏLİYEV: Gözəl ev tikilib.

Ev sahibəsi Xuraman QULİYEVA: Bəli, çox gözəldir, Allah Sizi qorusun, ailənizi, uşaqlarınızı xoşbəxt etsin. Çox sağ olun. Bu cür şəraiti bizə Siz yaratmısınız, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Elə də olmalıdır. Əlbəttə, dövlət bu işləri görməlidir. Bu evləri biz bərpa etdik. Çox şadam ki açılışına gəlmişik.

Xuraman QULİYEVA: Bəli, çox sağ olun. O gün olsun Şuşamızda, Qarabağımızda olsun. Biz buna inanırıq, cənab Prezident!

Prezident İlham ƏLİYEV: Əlbəttə, bax buralar işğal altında idi. Deməli, siz burada yaşayırdınız.

Xuraman QULİYEVA: Bəli, cənab Prezident.

Prezident İlham ƏLİYEV: İndi görürsünüz burada necə gözəl şərait yaradılıb.

Xuraman QULİYEVA: Çox gözəl, qısa müddətdə, cənab Prezident. Sizin rəhbərliyinizlə çox gözəl irəliləyiş var.  Heydər Əliyev Fondunun təşəbbüsü ilə bizim üçün gözəl məktəb tikilib. Gözəl uşaq bağçamız var. Bu cür şərait heç bir şəhərdə yoxdur. Bunlar Sizin rəhbərliyinizlə yaradılıb. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Təmiz hava. Yaxşı iqlim.

Xuraman QULİYEVA: Bəli, üstünlüyümüzdür təmiz havamız, Qarabağ havası.

Prezident İlham ƏLİYEV: Dolanışıq necədir?

Xuraman QULİYEVA: Çox gözəl, yüksək səviyyədə. Daimi qazımız, işığımız, suyumuz, gözəl asfalt yollarımız, bağımız-bağatımız. Bundan artıq nə lazımdır?! Əvvəlkindən də çox gözəl şəraitdə yaşayırıq. Buna görə Sizə minnətdarıq. Əzizimiz Mehriban xanıma minnətdarıq.  Bütün Qarabağımız azad olunsun. Ordumuza inanırıq, Sizə inanırıq, dövlətimizə inanırıq. Cənab Prezident, görün bizə, xalqımıza, qəsəbədə, Füzulidə yaşayan insanlara nə qədər ruh yüksəkliyi vermisiniz.

Prezident İlham ƏLİYEV: Burada 16 yeni qəsəbə salınmışdır.

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: Bəli. Ulu Öndərin Sərəncamı ilə.

Prezident İlham ƏLİYEV: Horadiz böyük bir şəhərdir. Müvəqqəti olaraq Füzuli rayonunun mərkəzidir. Amma Füzuli şəhəri işğaldan azad olunduqdan sonra biz Füzuli şəhərini bundan da gözəl tikəcəyik.

Xuraman QULİYEVA: İnşallah, biz ona inanırıq. Biz Sizə inanırıq, güvənirik.

Prezident İlham ƏLİYEV: Horadizin Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Çünki buralar erməni işğalı altında olan yerlər idi. Azərbaycan Ordusu Ulu Öndərin rəhbərliyi ilə erməni işğalçı qüvvələrini buradan çıxardı. İndi biz onu bərpa etmişik.

Xuraman QULİYEVA: Bəli. Mən o günü heç vaxt unutmaram. Ona görə ki, mən ikiqat həyəcan keçirirdim. Bütün Azərbaycan xalqı həyəcan içində idi. Mənim övladım da hücumda, ön cəbhədə, sırada idi.

Prezident İlham ƏLİYEV: Siz buradan nə vaxt çıxmışdınız?

Xuraman QULİYEVA: 1993-cü il oktyabrın 22-dən 23-nə keçən gecə biz buradan qovulduq.

Prezident İlham ƏLİYEV: Oktyabra qədər burada idiniz?

Xuraman QULİYEVA: Bəli, burada idik. 1994-cü il yanvarın 4-ü heç vaxt unudulmaz gündür. Həmin gün Ulu Öndərimizin rəhbərliyi ilə hücum oldu. Mənim oğlum danışırdı, deyirdi ki, əsgərlər "Heydər Əliyev uğrunda" deyib hücuma keçirdilər. Yəni, qorxmadan özlərini tankın altına da ata bilərdilər. O cür ruh yüksəkliyi ilə. Biz inanırıq ki, yenə də həmin ruh yüksəkliyi ilə  döyüşə gedəcəklər. Lazım gəlsə biz analar da Sizinlə bərabər, övladlarımızla bərabər.

Prezident İlham ƏLİYEV: İndi ordumuz daha da güclüdür. İndi imkanlar daha da genişdir. Ruh yüksəkliyi isə Azərbaycan xalqında həmişə olub. Həmişə də yüksək səviyyədə olub. Bu gün də belədir. Vətənpərvərlik ruhu, milli ruh. Bizim iqtisadi,  hərbi gücümüz, bu amillər məsələni həll edəcək. Biz qayıdacağıq, nəinki Füzuliyə, Şuşaya da qayıdacağıq.

Xuraman QULİYEVA: İnşallah, cənab Prezident.

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: Cənab Prezident, son altı ayda 1200 adam işlə təmin olunub.

Xuraman QULİYEVA: Bəli, çox gözəl iş yerlərimiz açılır.

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: Hərbidə mülki işçilər var. Onların hamısı bizdən götürülüb.

Prezident İlham ƏLİYEV: Onu da mən göstəriş vermişəm. Çünki əvvəlki dövrdə bizim ordumuzda mülki işlərlə elə hərbçilər məşğul idilər. Əsgərləri əsas fəaliyyətindən ayırırdılar, onlar gedib orada xidmət sahəsində işləyirdilər. Mən göstəriş verdim ki, əsgərləri bu işlərdən azad edin. Amma bu mülki işlərə yerli camaatı götürsünlər.
Xuraman QULİYEVA: Bəli, götürüblər, bizim qonşulardan işləyənlər var.

Prezident İlham ƏLİYEV: Nə qədər idi burada?

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: 1200 nəfər.

Prezident İlham ƏLİYEV: Nəinki burada, bütün başqa təmas xəttinə yaxın olan yerlərdə, rayonlarda, kənlərdə yerli insanlar gedirlər, xidmət edirlər, dövlət maaş verir. Biz burada iki məqsəd güdürük. Həm əsgərlər xidmətdən ayrılmır, mülki vətəndaşlar isə işləyib maaş alırlar.

Xuraman QULİYEVA: Çox gözəl. Bizim qəsəbəmizdə demək olar ki, işsiz adam yoxdur.

Prezident İlham ƏLİYEV: Əvvəllər belə bir praktika var idi ki, misal üçün, bir yerdən olan gənc xidmətə mütləq gərək başqa yerə göndərilərdi. Biz burada da dəyişikliklər etdik. Çünki xüsusilə zabitlər. Onlar indi öz doğma rayonlarında işləsələr, yaşasalar daha yaxşıdır. Ailələrinin yanında olacaqlar, daha da ürəkli olacaqlar, onlar üçün daha da rahat olacaq. Yəni, orduda islahatlar çoxşaxəlidir. Amma bu hissə də çox önəmlidir. Burada qısa müddət ərzində minlərlə iş yerləri yaradılıb. Məsələn, biri yemək bişirən. Orduda kim idi? Əsgər. Birincisi, əsgər yemək bişirə bilmir, ikincisi, axı yemək bişirmək onun peşəsi deyil.

Xuraman QULİYEVA: Allah Sizi dünyaya gətirən ataya, anaya rəhmət etsin. Biz onların qarşısında həmişə borcluyuq.  Cənab Prezident, elə bil ana kimi mən həmişə Sizə duaçıyam.

Prezident İlham ƏLİYEV: Sağ olun!

Xuraman QULİYEVA:  Biz fəxr edirik ki, ölkəmiz ərazicə kiçik olsa da, bütün böyük dövlətlərlə bərabər dayanır.  Biz Sizinlə fəxr edirik, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Mən də sizinlə fəxr edirəm ki, siz burada, öz doğma yerinizdə, şəhərinizdə düşmənlə üz-üzə dayanmısınız, mərd dayanmısınız. Hamınız kişi kimi dayanmısınız. Öz doğma torpağınızda dayanmısınız.

Xuraman QULİYEVA: Bəli, Sizə görə. Sizə inandığımıza görə. Ordumuza, dövlətimizə, Prezidentimizə inandığımıza görə.

Vəli ŞƏMİLOV: Güclü ordumuz da, rəhbərimiz də var.

Xuraman QULİYEVA: Bəli, bizim indi hər şeyimiz var. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Çox yaxşı, bir daha sizi təbrik edirəm.

Xuraman QULİYEVA: Biz Sizin hər bir tədbiri çox böyük fəxrlə izləyirik. Allah Sizi Azərbaycan xalqına çox görməsin.

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun.

Xuraman QULİYEVA: Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Xuraman QULİYEVA: Çox sağ olun, cənab Prezident. Siz bu gün bizə sevinc yaşatdınız.

---------
12:50

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Prezident İlham Əliyev avqustun 28-də Füzuliyə səfəri çərçivəsində Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə tanış olub.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə Mil-Muğan hidroqovşağı barədə məlumat verdi. Qeyd olundu ki, keçmiş SSRİ və İran dövləti arasında 1963-cü ildə imzalanmış "Texniki iqtisadi sahədə əməkdaşlıq haqqında" Sazişə əsasən Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında Araz sərhəd çayının üzərində inşa olunmuş Mil-Muğan hidroqovşağı 1972-ci ildə istismara verilib. Hidroqovşağın tikilməsində məqsəd Araz çayının nizamlanmış axınından Azərbaycan və İran tərəflərinin birgə istifadəsi ilə 200 min hektar, o cümlədən Azərbaycanda 120 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etmək olub. Sazişə əsasən Mil-Muğan hidroqovşağından 921 milyon kubmetr su götürülməsi və ekoloji vəziyyətin qorunması üçün 1 milyard kubmetr suyun çaya buraxılması nəzərdə tutulmuşdu.
Bildirildi ki, burada bəndin su tənzimləyən hissəsinin uzunluğu 136 metrdir. Onun üzərində eni 12 metr olan 6 suburaxıcı, eləcə də hər iki tərəfə su vermək üçün eni 5 metr, hündürlüyü 3,5 metr olan 4 suqəbuledici qapı layihələndirilib. Hidroqovşağın Azərbaycan tərəfində uzunluğu 1850 metr olan torpaq bəndləri tikilib. Hidroqovşaq sel vaxtı saniyədə 2700 kubmetr su buraxmaq qabiliyyətinə malikdir. Mil-Muğan hidroqovşağından götürülən suyun Baş Mil kanalı ilə Yuxarı Mil, Yeni Xanqızı və digər kanallara ötürülməsi, beləliklə də Füzuli, Beyləqan, Ağcabədi və İmişli rayonlarında 120 min hektara yaxın əkin sahəsinin su ilə təmin edilməsi nəzərdə tutulub. Baş Mil kanalından su götürən Yuxarı Mil kanalının tikintisi "Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən davam etdirilib və 2012-ci ildə onun 11 kilometrə yaxın hissəsi istifadəyə verilib. Bu da Beyləqan və Ağcabədi rayonlarının inzibati ərazilərində 4800 hektar sahədə pilot taxılçılıq təsərrüfatının yaradılmasına imkan verib. Taxılçılıq təsərrüfatının inkişafı məqsədilə ötən il kanalın daha 5 kilometrə yaxın hissəsi və onun üzərində Füzuli rayonunun ərazisində nasos stansiyası tikilib, bununla da 4000 min hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması mümkün olub. Kanalın tikintisinin davam etdirilməsi nəticəsində 20 min hektara yaxın, o cümlədən Ağcabədi rayonunun 7637 hektar torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Yuxarı Mil kanalı üzərində inşa olunan ikinci nasos stansiyası vasitəsilə bu il daha 1725 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

Prezident İlham Əliyevə Füzuli və Beyləqan rayonlarının əkin sahələrinin su təminatı barədə də məlumat verildi. Qeyd olundu ki, Füzuli rayonunda hazırda 31.305 hektar suvarılan sahələr mövcuddur. Bu sahələrin 6300 hektarında meliorasiya tədbirləri həyata keçirilib. Əkin sahələrinin su təminatı 1378 kilometr suvarma kanalları, 87 subartezian quyusu və 56 nasos stansiyası vasitəsi ilə həyata keçirilir. Kollektor-drenaj şəbəkəsinin uzunluğu 259 kilometrdir. Artıq rayonun Qayıdış və Örənqala qəsəbələrində məskunlaşmış məcburi köçkün ailələrinə ayrılmış pay torpaqları suvarma suyu ilə təmin edilib. Ötən il Füzulidə 10, o cümlədən dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 7 subartezian quyusu istismara verilib. Bu il isə rayon ərazisində 12 subartezian quyusunun qazılması başa çatdırılıb. Beyləqan rayonunda isə hazırda 50497 hektar suvarılan sahələr mövcuddur. Bu sahələrin 36548 hektarında meliorasiya tədbirləri həyata keçirilib. Əkin sahələrinin su təminatı 1268 kilometr suvarma kanalları, 88 subartezian quyusu, 7 nasos stansiyası vasitəsi ilə həyata keçirilir. Kollektor-drenaj şəbəkəsinin uzunluğu 1277 kilometrdir. Ötən il rayonda 4, bu il isə 6 subartezian quyusunun qazılması başa çatdırılıb.

---------
11:56

Milli.Az AzərTAc-a istinadən bildirir ki, avqustun 28-də Prezident İlham Əliyev Füzuli rayonuna səfərə gəldi.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etdi.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son dövrlərdə rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Ulu Öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında son vaxtlar aparılan genişləndirmə və yenidənqurma işləri uğurla başa çatıb. Parkın ərazisi 2 hektar yarım genişləndirilib. Yaşıllaşdırma işlərinin də aparıldığı parkda uşaqlar üçün əyləncə guşələri yaradılıb, bununla da əhalinin istirahətinin yüksək səviyyədə təşkilinə nail olunub.

Sonra Prezident İlham Əliyev parkda yerləşən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyəti adından çıxış edən Məcnun Namazəliyev füzulililərə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

X X X 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Horadiz tikiş fabrikinin açılışında iştirak edib.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, fabrikdə işçilərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Müasir texnika və dəzgahların quraşdırılması keyfiyyətli məhsul istehsalına geniş imkanlar açır. Bu fabrikdə ilkin dövrdə məktəbli formalarının və hərbçi geyimlərinin istehsalı həyata keçiriləcək. Məhsullar daxili bazara yönəldiləcək. Təxmini hesablamalara görə müəssisənin ilkin mərhələdə illik dövriyyəsi 2 milyon manat təşkil edəcək. Fabrikdə açılan yeni iş yerlərinin sayı hazırda 100-ə çatır. Yaxın gələcəkdə bu rəqəmin bir qədər də artırılması diqqət mərkəzindədir.

Bütün bunlar bir daha Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən siyasətin artıq uğurlu nəticələr verdiyini təsdiqləyir. Bu, bir reallığı da nümayiş etdirir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı tədricən aradan qaldırılır və yeni istehsal sahələrinin yaradılması ilə ölkəmizin iqtisadi qüdrəti daha da möhkəmləndirilir.

X X X

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, 10 hektar ərazidə salınan Bayraq Meydanından bütün Horadiz şəhəri görünür. Burada geniş yaşıllaşdırma və abadlıq işləri görülüb. Meydana qalxmaq üçün sağ və sol tərəflərdə hər biri 287 pillədən ibarət olan sütunlu pilləkən tikilib. Əraziyə avtomobil yolu çəkilib və dayanacaq inşa olunub. Bayraq dirəyinin yerdən hündürlüyü 68 metrdir və demək olar ki, bütün ətraf ərazilərdən aydın görünür. Meydanın əhəmiyyətini artıran mühüm amillərdən biri də burada 3 istirahət guşəsinin yaradılmasıdır. Beləliklə, Horadizdəki Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.

X X X 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi.

İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla 4 qrup yaradılıb və bağçada uşaqların istirahəti üçün geniş imkanlar var. Uşaqların günün yarısını bağçada keçirmələri nəzərə alınaraq bu məktəbəqədər təhsil ocağında da onların keyfiyyətli təlim-tərbiyəsi vacib amil kimi götürülüb. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bundan əlavə, onların məntiqi və əqli imkanlarının inkişaf etdirilməsi məqsədilə rəsm otağı qurulub. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.

X X X 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi ziyan görən Horadiz şəhərinin yenidən qurulması, burada geniş abadlıq-bərpa tədbirlərinin həyata keçirilməsi istiqamətində son illərdə bir çox mühüm işlər görülüb. Şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində həyata keçirilən layihələr bu gün də davam etdirilir. Müharibə zamanı dağıntılara məruz qalan şəhərdə quruculuq işləri geniş vüsət alıb, yeni evlər tikilib. Bu sırada 227 evin və çoxmənzilli 3 binanın bərpa işlərindən sonra istifadəyə verilməsi də mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğuna daha bir əyani misaldır. Bundan əlavə, "Mən hər bir azərbaycanlının prezidenti olacağam" deyən dövlət başçısının fəaliyyətinin real nəticələridir. Bu layihələr Azərbaycan dövlətinin ilk növbədə cəbhə xəttində yaşayan vətəndaşların sosial-rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması naminə gördüyü işlər sırasındandır. Bu, həm də Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.

Qeyd edək ki, Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpa edilməsi məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Yüksək keyfiyyətlə və müasir tikinti normaları nəzərə alınmaqla həyata keçirilən inşaat işləri zamanı evlərin hamısı tam bərpa edilib. Mənzillərin hamısı kommunal infrastrukturla təmin olunub, insanların rahat və maneəsiz yaşamaları üçün hər cür imkanlar yaradılıb. Bütün bunlar da bir daha göstərir ki, Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti çətin sınaqlardan çıxan soydaşlarımızda sabaha ümid yaradıb, dövlət başçısının hər zaman onların yanında olduğunu təsdiqləyib. İnsanlar da dövlət başçısının ideyaları ətrafında sıx birləşməyi bacarıblar.

Prezident İlham Əliyev bərpa olunmuş evlərdən birində
yaradılmış şəraitlə tanış oldu.

Dövlətimizin başçısı ev sahibi Vəli Şəmilovun ailə üzvləri ilə çay süfrəsi arxasında söhbət etdi.

X X X 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Füzuli rayonuna səfəri çərçivəsində Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib.

Bu yol Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı Sərəncama əsasən tikilib. 2013-cü və 2014-cü illərin dövlət büdcələrindən ayrılan müvafiq vəsait hesabına bu yolun ümumi uzunluğu 32 kilometrdən çoxdur. Eni 8 metr olan yol 4-cü texniki dərəcəlidir. Yol üzərində 28 su keçidi yerləşir. Kəndlərarası avtomobil yolunun əhəmiyyətini artıran ən mühüm amil onun 13 yaşayış məntəqəsini birləşdirməsidir. Uzun illər bu sarıdan əziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edə biləcəklər.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

X X X 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən bu muzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələr var. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.

Bildirildi ki, bu muzey 1981-ci ildə yaradılıb. 1993-cü ildə Qarabağ müharibəsinin gedişində muzeyin 7 mindən çox eksponatı rayondan çıxarılaraq Bakıdakı "İstiqlal" muzeyində saxlanılıb. Mədəniyyət və Turizm Nazirliyi toplanmış çoxsaylı eksponatların tarixi əhəmiyyətini nəzərə alaraq 2006-cı ildə rayonun Bala Bəhmənli kəndində Füzuli Tarix-Diyarşünaslıq muzeyinin filialını açıb. Hazırda filialın fondunda xalqımızın qədim tarixinin və dövlətçilik ənənələrinin müxtəlif dövrlərinə işıq salan 1000-ə yaxın eksponat var. Muzeydə Azıx mağarasının maketi və ibtidai dövrdə istifadə olunan məişət və əmək alətləri nümayiş etdirilir. Bu eksponatların hamısı vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunub. Tunc və dəmir dövrləri bölmələrində sərgilənən eksponatların böyük hissəsi isə qədim qəbirlərdən tapılıb. Ulu əcdadlarımızın döyüşlərdə istifadə etdikləri silah nümunələri, məişət avadanlıqlarının qalıqları orta əsrlər dövrünə aid bölmədə yerləşdirilib. Muzeyin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Füzuli rayonunun etnoqrafik xüsusiyyətlərinin geniş əks olunmasıdır. Belə ki, muzeydə tarixin müxtəlif dövrlərində Füzuli sakinlərinin həyat tərzini və məişətini əks etdirən eksponatlar da sərgilənir. Dəmirçi, dulusçu və xalçaçı emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir. Rayonun görkəmli şəxsiyyətləri, o cümlədən Qarabağ müharibəsi zamanı xüsusi fədakarlıq və igidlik göstərmiş füzulililər haqqında məlumatların toplandığı muzeydə "Qələbə qığılcımı" başlığı altında xüsusi bölmə də yaradılıb. Burada Füzuli rayonundan olan Milli qəhrəmanların həyatı, onların döyüş yolu, ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində rayonun işğaldan azad olunan 22 kəndi, o cümlədən Horadiz şəhəri və ötən dövrdə bu ərazilərdə aparılan bərpa, yenidənqurma işləri barədə məlumatlar verilir.
Prezident İlham Əliyev Füzuli rayonundan olan Musa Yaqubovun hazırladığı 16 musiqi aləti ilə tanış oldu.

X X X 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Binada Ulu Öndərin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Füzuli rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştirakını əks etdirən şəkillər böyük maraq doğurur.

Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitlə tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan verir. Konfrans zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri bu şəbəkəyə qoşulub.

İcra hakimiyyətinin binası, eyni zamanda, rayonun simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

-----------------
28.08.2014
14:46

Milli.Az AzərTAc-a istinadən bildirir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Bu yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 12 sentyabr tarixli Sərəncamı ilə tikilib. Sərəncama əsasən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. İyirmi beş min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 40 kilometrə yaxındır. Yolun 20 kilometrlik hissəsinin inşası başa çatdırılıb.

Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolu ən müasir tələblər səviyyəsində inşa olunub. Tikinti zamanı infrastrukturun mükəmməlliyinə xüsusi diqqət yetirilib. İnşaat işləri zamanı 67 su keçidi tikilib, yolun kənarına müxtəlif siqnal dirəkləri basdırılıb.

Bu yolun istifadəyə verilməsi onun əhatə etdiyi kəndlərin sakinlərinin rayon mərkəzi, o cümlədən respublika əhəmiyyətli əsas yollara çıxışını asanlaşdıracaq.

---------
14:37

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub.

Stadionun inşasına 2014-cü ilin yanvarında başlanılıb. Daxili imkanlar hesabına aparılan tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib.

Stadionda 3 min tamaşaçı yerlik tribuna, soyunub-geyinmə, mətbuat, məşqçi, tibb otaqları yaradılıb. Burada, həmçinin rezin tipli altızolaqlı qaçış cığırı, çöl tipli 11 fitnes qurğusu, basketbol, voleybol, mini futbol meydançaları var.

Beyləqanda Mərkəzi Şəhər Stadionunun istifadəyə verilməsi rayonda gənclərin futbola olan marağını daha da artıracaq.

Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir görkəmi ilə seçilən Olimpiya İdman kompleksləri və digər idman qurğularının inşası respublikamızın hər yerində beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Ölkəmizin bütün bölgələrində yaradılan müasir idman qurğuları gənclərin idman sahəsində mühüm uğurlar əldə etməsi, onların sağlam yetişmələri baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan idmançılarının beynəlxalq idman yarışlarında qazandıqları uğurların ildən-ilə artmasında, idmanla məşğul olanların sayının çoxalmasında belə qurğuların tikintisi çox önəmlidir.

----------
14:19

Milli.Az AzərTAc-a istinadən bildirir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda inşa edilən uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, 80 yerlik binanın inşasına 2014-cü ilin yanvarında başlanılıb, iyul ayında başa çatdırılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı sinif otaqları bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımı inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılıb.

Bu cür obyektlərin yaradılması gələcəyimiz olan uşaqlara Heydər Əliyev Fondunun diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Bu, bir daha sübut edir ki, Azərbaycanda gənc nəslin yetişməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti sonsuzdur. Respublikanın müxtəlif bölgələrində Fondun dəstəyi ilə müasir təhsil ocaqlarının inşası, həyata keçirilən layihə və proqramlar bu sahənin sürətlə inkişaf etməsinə möhkəm zəmin yaradıb. Müasir dizaynı ilə diqqəti cəlb edən bu binalarda uşaqlarla çalışmaq üçün yüksək tələblərə cavab verən şərait var.

---------
14:15

Milli.Az AzərTAc-a istinadən bildirir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidə ətrafında aparılan abadlıq və tikinti işləri barədə məlumat verdi. Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Parkında rayon sakinləri, eləcə də qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

X X X

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, mərkəzin binasının inşasına 2013-cü ilin mayında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə həyata keçirilib. İkimərtəbəli binada gənclər üçün hərtərəfli şərait yaradılıb.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin Beyləqana səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin Prezident İlham Əliyevin rayona səfərlərini və gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət stend var.
Mərkəzdə gənclər kafesi, tir atıcılıq mərkəzi, karaoke, 3D kino zalları fəaliyyət göstərəcək. Binadakı 120 yerlik iclas və 14 yerlik akt zallarında gənclərin müxtəlif toplantı və görüşlərinin keçirilməsi üçün bütün şərait var. Bu zallarda rayonda qeyd edilən əlamətdar günlərlə bağlı tədbirlər keçirmək də mümkün olacaq. Burada yaradılan elektron kitabxana, oxu zalı, linqafon otağı, internet kafe, bədii gimnastika və rəqs zalları da gənclərin ixtiyarına veriləcək.

Prezident İlham Əliyev mərkəzdə rayon gəncləri və ictimaiyyətin nümayəndələri ilə görüşdü.

Müəllimə Aytən Mirzəyeva, məktəb direktoru Əziz Əkbərov gənclərimizə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.

X X X

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqan rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, şahmat məktəbinin inşasına 2013-cü ilin mayında başlanılıb və 2014-cü ilin fevralında tikinti işləri başa çatdırılıb. İnşaat işləri daxili imkanlar hesabına həyata keçirilib.

Məktəbin ikimərtəbəli binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılar, o cümlədən şahmatçılarla görüşlərini əks etdirən fotolar var.

Buradakı 50 yerlik şahmat yarışı zalı zəruri avadanlıqla təchiz edilib. Məktəbin konfrans zalı, sinif və müəllimlər otaqları da müasirliyi ilə diqqəti cəlb edir. Bir sözlə, burada yeniyetmə və gənclərə şahmatın sirlərini öyrətmək üçün bütün imkanlar var.

Məktəb binasının orijinal dizaynı burada şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Bu cür sosial təyinatlı təhsil ocaqlarında məşğul olanlar həm asudə vaxtlarını maraqlı keçirir, həm də bilik və bacarıqlara yiyələnirlər.

Sonda xatirə şəkli çəkdirildi.

Milli.Az

Böyütmək üçün şəkillərə kilkləyin

---------------
29.09.2014
23:18


Beyləqanda yeni istifadəyə verilmiş Gənclər Mərkəzində rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüş



---------
12:50

Prezident İlham Əliyev Füzulidə Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə tanış olub



-----------
12:20


Prezident İlham Əliyev Horadizdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib



Prezident İlham Əliyev Horadiz tikiş fabrikinin açılışında iştirak edib



Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanışlıq



Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub



Prezident İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış evlərin və çoxmənzilli binaların bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib



Prezident İlham Əliyev Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib



Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanışlıq



Füzuli rayonunda Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı kəndlərarası avtomobil yolu istifadəyə verilib




------------------
28.09.2014
23:27


Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun açılışı olub




Beyləqanda Mərkəzi Şəhər Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib



---------
23:18

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqanda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib



-----------
23:13


Beyləqanda şahmat məktəbi istifadəyə verilib



----------
23:09

Prezident İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib




22:57

Beyləqanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət



Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.