Siyasət

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov

24 Oktyabr 2026 13:36
Baxış: 347

"2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin gedişində mühüm strateji əhəmiyyət daşıyan hadisələrdən biri oldu."

Bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında bildirib.

O, xatırladıb ki, düşmən rayonun coğrafi mövqeyini nəzərə alaraq burada güclü müdafiə sistemi yaratmış, şəhərə hakim yüksəkliklərdə hərbi mövqelər qurmuşdu. "Buna görə də Qubadlının azadlığı uğrunda əməliyyatlar hərbçilərimizdən yüksək peşəkarlıq, qətiyyət və xüsusi taktiki hazırlıq tələb edirdi. Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri böyük məharətlə yerinə yetirərək əvvəlcə strateji yüksəklikləri, ardınca Xanlıq, Padar və Sarıyataq da daxil olmaqla ətraf kəndləri nəzarətə götürdü. Nəticədə, oktyabrın 25-də Qubadlı şəhəri düşmən işğalından azad edildi. Bu tarixi qələbənin qəhrəmanlarının xidmətlərinin qiymətləndirilməsi və Zəfər tariximizin yaşadılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalının təsis edilməsi də bu ehtiramın ifadəsidir. Döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 15 209 hərbi qulluqçumuz müvafiq Prezident sərəncamları ilə həmin medala layiq görülüb. Bundan başqa, dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub və 25 oktyabr Qubadlı şəhəri günü elan edilib. Bu tarix xalqımızın yaddaşında həm qəhrəmanlıq salnaməsi, həm də tarixi ədalətin bərpasının rəmzi kimi yaşayır".        

Millət vəkili vurğulayıb ki, bu gün Qubadlıda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri doğma torpaqlara qayıdışın təmin olunmasına, rayonun sosial-iqtisadi potensialının bərpasına xidmət edir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yeni həyat qurulur. Qubadlıda da şəhərin və kəndlərin bərpası, müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl işlər görülür. Dövlət başçısının 2020-ci il dekabrın 23-də Qubadlıya səfəri zamanı şəhərdə Azərbaycan bayrağının ucaldılması azadlığımızın rəmzinə çevrildi. Sonrakı səfərlərdə müxtəlif infrastruktur layihələrinin təməli qoyulub, mühüm obyektlər istifadəyə verilib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirilib. Qubadlının gələcək inkişafı üçün uzunmüddətli planlaşdırma da həyata keçirilir. 2025-ci il sentyabrın 9-da şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi bu baxımdan mühüm addımdır. Şəhərin elektrik enerjisi ilə dayanıqlı təchizatı üçün "Qubadlı" yarımstansiyası və yüksəkgərginlikli elektrik xətləri yaradılıb. 

Mahruzlu və Zilanlı kəndlərində yeni yaşayış evlərinin tikintisi, Qubadlı-Eyvazlı və Qubadlı-Laçın avtomobil yolları üzrə layihələr isə rayonun nəqliyyat əlaqələrinin və məskunlaşma imkanlarının genişlənməsinə xidmət edir. Bütün bunlar göstərir ki, Qubadlıda aparılan işlər ayrı-ayrı tikinti layihələri ilə məhdudlaşmır. Məqsəd sakinlərin doğma yurda təhlükəsiz və rahat qayıdışını təmin etmək, müasir yaşayış şəraiti yaratmaq, rayonun iqtisadi həyatını canlandırmaqdır. Qubadlının dirçəlişi Prezident İlham Əliyevin müəyyən etdiyi Böyük Qayıdış strategiyasının ardıcıl həyata keçirilməsinin konkret təzahürüdür. Vaxtilə dağıntılara məruz qalmış bu torpaqlarda yeni yaşayış məhəllələrinin, sosial obyektlərin və yolların inşası tarixi Qələbəmizin quruculuq mərhələsini əks etdirir".

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.