Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
Azərbaycanın 44 günlük Vətən müharibəsi təkcə hərbi qələbə ilə deyil, həm də çətin gündə ölkəmizin yanında dayanan dost və müttəfiqlərin mövqeyi ilə yadda qaldı. Həmin günlərdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə və Pakistan bayraqlarının da dalğalanması xalqımızın həmrəyliyə verdiyi dəyərin ifadəsi idi.
Ancaq bu gün geriyə baxanda bir sual ortaya çıxır: Qardaşlıq və müttəfiqlik göstərilən dəstəyin minnətə çevrilməsini, yoxsa qarşılıqlı hörməti tələb edir?
Pakistanın mövqeyi bu suala diqqətçəkən cavabdır. Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanla diplomatik münasibətlər qurmayan Pakistan Azərbaycanın ərazi bütövlüyünü uzun illərdir ardıcıl şəkildə dəstəkləyir. Bu ölkənin Azərbaycana münasibəti yalnız rəsmi bəyanatlarla deyil, siyasi mövqeyi ilə də özünü göstərir.
Diqqətçəkən məqam budur ki, Pakistanın dəstəyi Azərbaycan xalqının və ordusunun tarixi qələbəsini kölgədə qoymaq cəhdləri ilə müşayiət olunmayıb. Bu ölkənin siyasi dairələrində Azərbaycanın qələbəsini öz adına çıxarmaq, yaxud Azərbaycan Ordusunun uğurunu başqa dövlətin xidmətinə bağlamaq kimi yanaşmalar ön plana çəkilməyib. Ən azı, ictimai müstəvidə Azərbaycanın qələbəsinə münasibətdə bu cür iddialar Türkiyədəki bəzi siyasi və media dairələrində olduğu qədər müzakirə mövzusuna çevrilməyib.
Türkiyə ilə münasibətlər isə daha həssas məqamları da gündəmə gətirir. Şübhəsiz ki, Ankara müharibə dövründə Azərbaycanın yanında olduğunu nümayiş etdirdi, ölkəmizə siyasi və mənəvi dəstək verdi. Bu mövqe Azərbaycan cəmiyyətində yüksək qiymətləndirilir və iki ölkə arasındakı strateji müttəfiqliyin mühüm tərkib hissəsidir.
Lakin Türkiyədə bəzi siyasi şəxslərin və media nümayəndələrinin Azərbaycanın qələbəsini öz ölkələrinin xidmətləri ilə izah edən, hətta Türkiyənin iştirakı olmadan bu qələbənin mümkün olmayacağını iddia edən açıqlamaları haqlı suallar doğurur. Belə yanaşmalar qardaşlıq münasibətlərinə xidmət etmək əvəzinə, qarşılıqlı hörmətə xələl gətirə bilər.
Axı Qarabağ Azərbaycan torpağı idi və onu işğaldan azad edən Azərbaycan Ordusu oldu. Bu qələbə minlərlə şəhidimizin qanı, qazilərimizin fədakarlığı, hərbçilərimizin peşəkarlığı və Azərbaycan xalqının iradəsi hesabına əldə edildi. Türkiyənin siyasi və mənəvi dəstəyini yüksək qiymətləndirmək başqa məsələdir, bu dəstəyi Azərbaycanın müstəqil hərbi uğurunu kiçiltmək vasitəsinə çevirmək isə tamam başqa.
Xüsusilə də müttəfiqlərin münasibətlərindən daxili siyasi mübarizədə və ictimai rəyi yönləndirmək məqsədilə istifadə edilməsi yolverilməzdir. Heç bir ölkənin siyasi gündəliyi Azərbaycanın tarixi qələbəsinin mahiyyətini dəyişdirməməlidir.
Burada əsas məsələ Türkiyə ilə Pakistanı bir-birinə qarşı qoymaq deyil. Hər iki ölkə ilə münasibətlər Azərbaycanın xarici siyasəti və milli maraqları baxımından əhəmiyyətlidir. Məsələ müttəfiqliyin hansı prinsiplər üzərində qurulmalı olduğunu anlamaqdır.
Əsl qardaşlıq edilən yaxşılığı hər fürsətdə xatırlatmaq deyil, qarşı tərəfin uğuruna öz uğurun kimi sevinməkdir. Səmimi müttəfiq dostunun qələbəsinə sahib çıxmağa çalışmır, onun qəhrəmanlığını etiraf edir. Dəstək göstərmək güc nümayişi ola bilər, lakin həmin dəstəyi minnətə çevirməmək siyasi mədəniyyətin göstəricisidir.
Azərbaycanın həm Türkiyə, həm də Pakistanla münasibətləri qardaşlıq və qarşılıqlı hörmət üzərində inkişaf etməlidir. Bununla belə, qardaşlıq anlayışı heç bir halda Azərbaycanın suverenliyinə, milli qüruruna və tarixi həqiqətlərinə münasibətdə güzəşt demək deyil.
Çünki təmənnasız qardaşlığın ən mühüm şərti budur: Dostun çətin günündə yanında ol, qələbə qazandıqda isə onun qəhrəmanlığını öz adına yazma.
Müəllif: Asif Mehman (Milli.Az Baş redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
Prezident bu şəxsləri təltif etdi - Sərəncam
-
Azərbaycanın son 1 ildə Ermənistana satdığı məhsullar - Siyahı
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
XƏBƏR LENTİ
-
Qazaxda 35 yaşlı kişini ildırım vurub
-
Zaur Rzayevin son vəziyyəti açıqlandı
-
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)
-
Dövlət əleyhinə çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
-
308 min hektardan çox torpaq minalardan təmizləndi
-
Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı
-
Rusiyanın itkiləri yeniləndi
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Sükan arxasında bu səhvlərə yol verməyin
-
Xətai rayonundakı ağır qəza kameralara düşdü - (Anbaan video)
-
İlyas Yalçıntaş 10 il həbs oluna bilər
-
Azərbaycanda yumurta bahalaşdı
-
Toy günü bəylə gəlinin rəqsi viral oldu – (Video)
-
Fransada Makron siyasəti: Xalqla hakimiyyət arasında dərinləşən uçurum
-
Bu avtobusun son dayanacağı dəyişdirildi
-
"44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaqlar
-
Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar
-
Ən az enerji sərf edən elektromobil bəlli oldu





