Siyasət

Prezident İlham Əliyev Si Cinpinə təbrik məktubu ünvanlayıb

17 Fevral 2026 11:19
Baxış: 519

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Sədr,

Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Sülh və harmoniyanın rəmzi, yeniliyin, ümidin, təbiətə minnətdarlıq hissinin təcəssümü olan bu qədim bayram bütün qayəsi ilə qarşılıqlı anlaşmanı, dostluğu və birliyi tərənnüm edir. Çin təqvimi ilə yeni ilin gəlişini qeyd edən Çuntsze bayramının xalqınıza xoş ovqat, firavanlıq və bol ruzi-bərəkət gətirməsini diləyirəm.

Azərbaycan ilə Çin arasında möhkəm təməllər üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir. Şübhəsiz ki, siyasi dialoqumuzun intensivliyi və qarşılıqlı anlaşma bu münasibətlərin daha sürətli inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Əminəm ki, Azərbaycan-Çin ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da güclənəcəkdir.

Bu bayram münasibətilə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Çin xalqına isə daim əmin-amanlıq və rifah arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.