Siyasət

“Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub”

27 Sentyabr 2025 22:50
Baxış: 339

Ermənistan Baş Naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, əsasən Ermənistan ilə Azərbaycan arasındakı münasibətlər və sülh prosesi barədə danışıb.

Paşinyan bildirib ki, əvvəlki illərdə (2018-2023) onun çıxışları əsasən Ermənistan-Azərbaycan konflikti ilə bağlı olub. Lakin ötən il 79-cu sessiyada o, ilk dəfə konfliktdən danışmaq əvəzinə sülh mövzusuna toxunmağa çalışıb. O zaman artıq iki ölkənin dövlət sərhədinin 12 kilometrdən çox hissəsi demarkasiya olunmuş və sərhəd komissiyalarının birgə fəaliyyəti barədə qaydalar imzalanmışdı.

Sərhəd komissiyalarının birgə fəaliyyət qaydaları həm Ermənistan, həm də Azərbaycanda ratifikasiya edilib və bu, iki ölkə arasında ilk ikitərəfli beynəlxalq sənəd olub.

2025-ci ilin mart ayında Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlər barədə layihə razılaşmasını yekunlaşdırıb. Bu sənəddə tərəflər, 1991-ci il Alma Ata Bəyannaməsinə istinad edərək, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərin toxunulmazlığını tanıyıb.

8 avqust 2025-ci ildə ABŞ-nin Vaşinqton şəhərində Ağ Evdə tərəflər layihəni ilkin razılaşdırıb, bu sənədi ABŞ Prezidenti Donald Tramp da təsdiq edib.

Paşinyan qeyd edib ki, bu razılaşma nəticəsində Ermənistan və Azərbaycan arasında sülh yaradılıb və bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolu mühüm olub. 

"Mən məmnuniyyətlə bütün beynəlxalq ictimaiyyətə məlumat vermək istəyirəm ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub". - Paşinyan vurğulayıb.

Lalə Qüdrətova
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.