Siyasət

Prezident Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb

18 İyun 2025 11:38
Baxış: 291

Prezident İlham Əliyev "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.

Milli.Az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli simpozium iştirakçıları,

Sizi "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun açılışı münasibətilə salamlayıram.

Bu il Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu, Vətən müharibəsində şanlı zəfərimizin 5-ci ildönümüdür və bu münasibətlə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. 18 iyun həmçinin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bugünkü simpoziumun belə əlamətdar tarixlərlə eyni vaxta təsadüf etməsi onun əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycanda müstəqillik və suverenlik dəyərlərinin, demokratik prinsiplərin, qanunun aliliyinin və insan hüquqlarının təbliği və təşviqi baxımından xüsusi önəm daşıyır.

İnsan hüquqları və əsas azadlıqlarının qorunması dövlətlərin başlıca vəzifələrindən biridir. Xüsusilə son dövrdə baş verən qlobal proseslər, geosiyasi gərginlik, informasiya texnologiyalarının sürətlə inkişafı və rəqəmsallaşmaya keçid insan hüquqlarının müdafiəsi sahəsində yeni prioritetlərin müəyyən olunmasını, hüquq müdafiə mexanizmlərinin, habelə milli insan hüquqları təsisatlarının fəaliyyətinin gücləndirilməsini şərtləndirir. Bu baxımdan, ölkəmizdə aparılan hüquqi və institusional islahatlar çərçivəsində ombudsman təsisatının mandatının beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir və bu tədbirlər davam etdirilməkdədir.

Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvələrindən başlayaraq Qərbi Azərbaycandan - Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir. Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir.

Əminəm ki, bu simpoziumda aparılacaq müzakirələr və təcrübə mübadiləsi insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq mədəniyyətinin təbliği, təsisatlar arasında əməkdaşlığın gücləndirilməsi və qanunun aliliyinin təmin olunması üzrə gələcək perspektivlərin müəyyən edilməsi baxımından faydalı olacaqdır.

Bir daha sizi salamlayır, simpoziumun işinə uğurlar arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.