Cəmiyyət

Müavinləri tutulan icra başçısı kimdir? - DOSYE

3 Noyabr 2025 15:43
Baxış: 974
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində geniş əməliyyat keçirib. Əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində 3 ay 28 günlük həbs-qətimkan tədbiri seçilib.

Milli.Az xəbər verir ki, onlara rüşvət alma maddəsi üzrə ittihamlar irəli sürülüb. Əməliyyat zamanı daha bir neçə şəxs də saxlanılıb, lakin onların bəziləri barəsində başqa növ qətimkan tədbirləri tətbiq edilib. Hazırda istintaq davam edir, vəzifəli şəxslərin dindirildiyi və yaxın günlərdə yeni həbs qərarlarının verilə biləcəyi bildirilir.

Qeyd edək ki, əməliyyat aparılan İcra Hakimiyyətinə uzun illərdir Süleyman Mikayılov rəhbərlik edir.

Süleyman Mikayılov haqqında qısa məlumat:

Süleyman Surxay oğlu Mikayılov 1962-ci il aprelin 27-də Naxçıvanda anadan olub. Təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda və Bakı Dövlət Universitetinin Hüquq fakultəsində tamamlayıb. Əmək fəaliyyətinə 1979-cu ildə Naxçıvan şəhər Uşaq İdman Məktəbində məşqçi kimi başlayıb. Daha sonra musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, "Səma" kiçik müəssisəsinin direktoru və müxtəlif gömrük idarələrində vəzifələrdə çalışıb.  

2005-ci ildən Yardımlı Rayon, daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. 2010-cu ilin martından etibarən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısıdır. Eyni zamanda 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir.

Ailəlidir, iki övladı var və icra başçısı kimi artıq 20 ildən çoxdur fəaliyyət göstərir.

Asya Hüseyn
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.