Bu gün Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə müəllimlər kütləvi şəkildə dərsə girməyiblər.
Milli.Az xəbər verir ki, narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor kimi təyin olunmasıdır.
Məktəbin müəllimləri tərəfindən bildirilir ki, son 5 il ərzində direktor vəzifəsini icra edən (direktor əvəzi) Vüsalə xanımın rəhbərliyi dövründə məktəbin göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müəllim kollektivi bu qəfil dəyişiklik qərarını ədalətsiz hesab edərək təyinatla bağlı narazılıqlarını bildiriblər. Buna görə də dərslər bu səbəbdən boş keçib.
Məsələ ilə bağlı BŞTİ-dən bildirildi ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən 147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Şahmirova Kəmalə Bayram qızı təyin edilib.
Təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir.
Asya Hüseyn
Milli.Az





