Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib.
Trend xəbər verir ki, iclasın əvvəlində Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə yenidən etiraz ediblər.
Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına dair tələblər təkrarən xatırladılıb.
Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.
Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.
Milli.Az