Mükəmməl kartof püresi hazırlamaq əsl sənətdir. Hər bir ev sahibəsi və ya aşpaz ən azı bir dəfə yüngül və hava kimi yumşaq kartof pürəsi hazırlamağa çalışıb. Lakin nəticə hər zaman gözləntilərə uyğun olmur.
Milli.Az lent.az-a istinadən ən dadlı kartof pürəsi reseptini təqdim edir:
İlk və ən vacib sirr düzgün kartof növünü seçməkdir. Yumşaq və krem konsistensiyalı pürə üçün nişasta tərkibi yüksək olan kartof seçilməlidir. Kartofu kəsərkən bıçağın üzərində nişasta qalıbsa, bu kartof pürəsi üçün uyğundur. Belə kartof asanlıqla bişir və hamar tekstura yaradır.
Tərkibi:
Kartof - 500 qram
Kərə yağı - 150 qram
Süd - 50 qram
Duz - zövqə görə
Şnit-soğan (bəzək və dad üçün)
Hazırlanma qaydası
Kartofu təmizləyin və eyni ölçüdə doğrayın ki, bərabər bişsin. Kartof dilimlərini qazana qoyun, üzərinə soyuq su əlavə edin və bir az duz tökün. Kartofu yumşalana qədər bişirin. Əsas odur ki, kartof tam dağılmasın. Bişdikdən sonra suyu süzün və qazanı yenidən ocağa qoyun. Aşağı odda 1-2 dəqiqə qızdırın ki, artıq nəm buxarlansın.
Kartofu metaldan olan süzgəcdən keçirin və ya kartof əzici istifadə edin. Blender və ya mikserdən istifadə etməyin bu, pürəni yapışqan və elastik edəcək. Soyuq kərə yağını kub formasında doğrayın və 4 mərhələdə pürəyə əlavə edin. Əvvəlcə spatula ilə qarışdırın, kartof yumşaldıqda isə çırpıcı ilə davam edin.
Südü ayrıca qızdırın və pürəyə əlavə edin. Çırpıcı ilə intensiv şəkildə qarışdırın ki, püre hava kimi yüngül və ipək kimi hamar olsun. Hazır pürəni aşağı odda qarışdıraraq bir qədər də qızdırın bu, onun daha da yumşaq və homogen olmasına kömək edəcək.
Servis məsləhətləri
Pürəni həm müstəqil yemək, həm də qarnirdə istifadə edə bilərsiniz. Ən yaxşı seçim pürəni lifi asanlıqla ayrılan bişmiş ət ilə servis etməkdir. Üzərinə şnit-soğan əlavə etsəniz, həm dadlı, həm də estetik görünəcək.
Milli.Az