Siyasət

Xocalı soyqırımı unudulmaz, unutdurulmaz...

26 Fevral 2025 00:07
Baxış: 330

Fevral ayı idi. Qanla yoğrulmuş, qapqara fevral.

Qarabağın səması yanırdı, kəndlərdə od vurulmuş yurd yerlərinin tüstüsü ilə birləşib ölüm məşəllərinə çevrilirdi. Torpaq inləyir, külək fəryadları aparırdı.

Elə yerlərə ki, orada artıq heç kim onları eşidə bilməzdi.

Mühasirəyə alınmış, tək qalmış, ümidləri qırılmış bir şəhərsə sağ qalmaq, yaşamaq, qurtulmaq üçün çırpınırdı.

Qədim və qürurlu Xocalı son gecəsi ilə üz-üzə dayanmışdı.

1992-ci il, 25-dən 26-na keçən gecə.

Ermənrlər və 366-cı motoatıcı alayın əsgərləri - Xocalının üstündə dolaşan qaranlıq kölgə - səssizcə irəliləyirdi. Onlar bilirdilər ki, bu, soyqırımın ərəfəsi olan dəqiqələrdi.

Onlar bilirdilər ki, bu şəhəri bürüyən zülmət səhər açılmayacaq.

Şəhəri mühasirəyə alıb gülləbaran etdilər. Göydən alov yağırdı - damları, divarları, məscidləri, məktəbləri yandırırdı. İnsanlar daşlarla birlikdə külə dönürdü.

Sonra isə onlar gəldi.

Nifrət və amansızlıqla silahlanmış erməni silahlı dəstələri. Onlar Xocalının xarabalıqları arasından keçib, son ümid qırıntılarını da məhv edirdilər. Kim güllə və alovdan qurtula bilmişdisə, qaçmağa çalışdı. Amma onların qaçdığı yerlərdə ölüm gözləyirdi - ağ və səssiz ölüm, qatillərin gözləri qədər soyuq bir ölüm.

613 nəfər səhəri görmədi. 63 uşaq dünyanı görməyə macal tapmamış, qorxunun içində öldü. 106 qadın övladlarını qucaqlamaq əvəzinə əlləriylə güllələrin qarşısını almaq istədilər. 70 qoca yaşadıqları tarixi danışmağa fürsət tapmadan can verdilər.

Qadınlar.

Uşaqlar.

Qocalar.

Şikəst edilənlər, güllələnənlər, işgəncələrə məruz qalanlar.

Xocalı soyqırımından sağ qurtulanlar xatirələrini deyil, hələ də Qarabağın səmasında titrəyən bir fəryadı da özləri ilə apardılar.

- "Mən anamın ürəyini çıxardıqlarını gördüm..."

- "Bacımın əsirlikdə qışqırdığını eşitdim, sonra səsi kəsildi..."

- "Əlini sıxdım... bir anlıq isti idi, sonra buz kimi oldu..."

Onların hekayələri qaranlığa qərq oldu. Onların titrəyən səsləri küləkdə titrəyən bir şam kimi söndü.

Bəs "sivil dünya", "dünya birliyi" nə etdi?

Gözlərini yumdu.

Səfirliklərin pəncərələri bağlandı. Diplomatik qələmlər qərarlar yazmadı. Dünya liderləri eşitmirmiş kimi davrandı.

"Human Rights Watch", sadəcə, bəyan etdi: "Xocalıya hücum Qarabağ münaqişəsinin ən böyük kütləvi qətliamı oldu".

"The Times" yazdı: "Qəlbləri çıxarılmış qadınlar, başından güllələnmiş körpələr..."

Jurnalist Çingiz Mustafayev gördüklərini dünyaya göstərməyə bilməzdi. Gerçəyi əbədiləşdirdi, soyqırıma məruz qalanların səsi oldu.

Qətliamın təşkilatçılarından birinə, Serj Sarqsyana Xocalı faciəsi ilə bağlı sual veriləndə, cavabı belə olmuşdu: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Biz bu yanlış təsəvvürü alt-üst edə bildik".

Bu, soyuqqanlı, amansız, dəhşətli bir etiraf idi. Bu, qar üzərində qəlbi çıxarılmış qadınların niyə uzandığını izah edən cavab idi.

Beynəlxalq hüquq "genosid" və ya "soyqırım" anlamını açıq şəkildə müəyyənləşdirir. 1948-ci il BMT Konvensiyası genosidi milli, etnik, irqi və ya dini bir qrupun tam və ya qismən məhv edilməsi kimi tərif edir.

Xocalı qətliamı bu tərifə tamamilə uyğundur. Çünki qətllər kütləvi və məqsədyönlü idi, əzabla qətlə yetirilənlər mülki şəxslər idi və meyitlər dəhşətli vəhşiliklərə məruz qalmışdı. Bütün bunlara baxmayaraq, dünya hələ də bu faciəni genosid kimi tanımaqdan çəkinir.

Niyə? Səbəblər bəlli: ikiüzlü siyasət, geosiyasi maraqlar və erməni lobbisinin təsiri.

Ruanda, Bosniya, Srebrenitsa faciələrini tanıyan və sərt şəkildə pisləyən ölkələr Xocalı qətliamı qarşısında susqunluqla kifayətləndi.

Amma həqiqət gizlədilə bilməz.

O, illərdən, quru rəsmi bəyanatlardan, ört-basdır edilən hesabatlardan süzülərək yenə də üzə çıxır - şahidlərin ifadələrində, fotoşəkillərdə, "The Washington Post", "The Times", "The New York Times" kimi nüfuzlu mediasının səhifələrində.

Əsas sual isə budur: Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını nə zaman tanıyacaq?

33 ildir ki, Ermənistan Xocalı faciəsini ört-basdır etmək üçün dezinformasiya müharibəsi aparır. Onların strategiyası dəyişmir:

• Günahı Azərbaycan xalqının üzərinə atmaq - bu absurddur və heç bir fakta əsaslanmır.

• Faciəni "adi hərbi toqquşma" kimi təqdim etmək - halbuki söhbət mülki insanların məqsədli şəkildə məhv edilməsindən gedir.

• Qərb mediasına təzyiq göstərərək Xocalı həqiqətlərinin beynəlxalq platformalara çıxmasının qarşısını almaq.

Amma bütün bu yalanlara baxmayaraq, həqiqət dəyişməz qalır.

Şahid ifadələri, videogörüntülər, beynəlxalq hüquq təşkilatlarının hesabatları göstərir ki, Xocalı vəhşəti sadəcə faciə yox, planlaşdırılmış və məqsədyönlü soyqırımıdır.

Son illər Azərbaycan Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması üçün mühüm nailiyyətlər əldə edib.

Bu gün Xocalı qətliamını rəsmi şəkildə genosid kimi Türkiyə, Pakistan, Meksika, Kolumbiya, Çili, Qvatemala, Sudan, İordaniya, ABŞ-ın bir sıra ştatları var.

Bütün bunlar diplomatik mübarizənin nəticəsidir. Lakin hələ çox iş görülməlidir.

Beynəlxalq təşkilatlar, o cümlədən BMT, bu cinayəti rəsmi olaraq genosid kimi tanımalıdır, cinayətin təşkilatçıları və icraçıları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər, erməni təbliğat maşını ifşa edilməli və dünya həqiqəti bilməlidir, Xocalının xatirəsini əbədiləşdirmək üçün çoxsaylı memoriallar, muzeylər qurulmalıdır.

Cinayətlərin vaxtı keçirmi?

Əgər keçirsə, demək, körpə bədənlərinin üzərinə əyilib bıçaq sıxan qanlı əlləri də bağışlamaq olar.

Demək, ölü gözlərə baxıb təbəssüm edən cəlladları da unutmaq olar.

Demək, qan çilənmiş qar üzərindəki izləri külək aparmalıdır.

Amma dünya unutsa belə, Azərbaycan unutmur.

Xocalı unudulmayacaq.

Xocalı - davam edən bir məhkəmədir. O məhkəmə ki, yandıranları, öldürənləri, gülənləri mühakimə edir. O məhkəmə ki, susub üz çevirənləri mühakimə edir. O məhkəmə ki, bu gün "Olmayıb" deyənləri mühakimə edir.

Amma Xocalı olub.

Və onun külü hələ də xatırlayanların qəlbində çırpınır.

Dünya rahat nağılları sevir.

Hərgah gerçək onun siyasi maraqlarına uyğun gəlmirsə, Qərb gözlərini yummağı sevir.

Xatın faciəsini tanımaq üçün neçə il lazım oldu? Srebrenitsa qətliamını öz adı ilə çağırmaq üçün neçə il keçdi? Bəs Xocalının tanınması üçün neçə il lazımdır?

Bu suallardan heç biri o gecə soyumuş körpə cəsədini qucağına sıxan ananın göz yaşlarından qiymətli deyil. Heç biri yanmış evləri görüb səsini çıxarmayanların susqunluğunu bağışlamır. Heç biri Qarabağın qarlı çöllərini tökülən qandan daha az qırmızı edə bilməz.

Amma ədalət hələ də gözləyir.

Gözləyir ki, dünya - geosiyasi maraqları naminə istədiyi müharibəni pisləyən dünya - nəhayət bu cinayəti də qınasın.

Gözləyir ki, kabinetlərində oturub "maraqlar balansı" arxasında gizlənən Qərb siyasətçiləri nəhayət "Xocalı soyqırımı" sözünü desinlər.

Gözləyir ki, günahkarlar yalnız Tanrı qarşısında deyil, qanun qarşısında da cəza alsınlar.

Gözləyir ki, sabah, birigün, hətta yüz il sonra belə - heç kim "Olmayıb" deməyə cəsarət etməsin.

Çünki tarixi ədalət sadəcə söz deyil. Bu, sadəcə sənədlər və qətnamələr deyil. Bu, tək bir ölkənin, ya da iki dövlətin parlamentində qəbul edilən qərarlar deyil. Tarixi ədalət odur ki, dünya təkcə başsağlığı verməsin, həm də belə bir dəhşətin bir daha yaşanmaması üçün hər şeyi etsin.

Xocalı qəlbimizə döyünür. Biz onu eşitməyə borcluyuq. Ölənlər qisas istəmir. Onlar yaddaş tələb edirlər.

Elə şəhərlər var ki, külək onların adlarını pıçıldayır. Onların xatirəsi ildırım kimi hafizələrə çırpılır.

Hiroşima - bu, kül deməkdir. Xatın - bu, torpağın fəryadı deməkdir. Xocalı isə - ruhu donduran çığırtıdır, vicdana sancılan fəryaddır, cavab tələb edən səssiz haraydır.

Xocalı faciəsi unutmağa haqqımız olmayan bir simvoldur - ağrının, qəhrəmanlığın və faciənin simvolu.

Amma işıq heç vaxt sönmür.

O, yalanın qaranlığını yarır.

O, əsrlərin dərinliyindən keçir.

O, həqiqəti ayaqlamaq istəyənlərin narrativlərindən süzülüb üzə çıxır.

Xocalı yaşayır - yenidən həyata dönüb, "Böyük Qayıdış"la canlanıb. O, balalarını itirmiş anaların gözlərində yaşayır. O, analarını itirmiş körpələrin nəfəsində yaşayır. O, Qarabağın sərt küləyində yaşayır. O, hər ilin 26 fevralında yanan şamların titrəyən işığında yaşayır.

Onlar keçmişdən hayqırır və yalnız bir şey tələb edirlər - ƏDALƏT!

Xocalı bağışlamaz.

Və Xocalı soyqırımı unudulmaz.

Əsla...

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.