Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Əhməd Ağdamskinin irsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissorluğu ilə təqdim olunan bu zəngin musiqi gecəsində ifaçıları peşəkar musiqiçi heyəti - Rüstəm Müslümov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Məhta Məhəmmədəlizadə (qanun), Rafael Əsgərov (balaban), Siyavuş Kərimov (nağara) və Xanış Binyətov (qoşa nağara) müşayiət edib.
Proqram dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri əsasında hazırlanmışdı. Tədbirdə Tofiq Şıxıyev və Məryəm Məmmədovanın müşayiəti ilə "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru, Əməkdar artistlər Arzu Əliyeva və Elnur Zeynalovun ifasında isə "Şam səhnəsi" təqdim olunub. Həmçinin, Aydan Quliyeva və Əməkdar artist Tural Ağasıyevin ifasında "Arşın mal alan" operettasından duet, Günel Hacıyevanın təqdimatında "Aşıq oldum" mahnısı səsləndirilib.
Gecədə Xalq artisti Gülyaz Məmmədova "Şur təsnifi" və "Gülə-gülə", Aytən Məhərrəmova "Gözünə qurban", Afaq Ağayeva isə "Bayatı-Şiraz" muğamı ilə çıxış edərək tamaşaçıların böyük rəğbətini qazandılar. Xanəndələr Mütəllim Dəmirov "Humayun", Xəyal Hüseynov isə "Çahargah" təsniflərini ustalıqla ifa ediblər.
Gecənin sonunda xanəndələr Mütəllim Dəmirov və Xəyal Hüseynovun təqdimatında "Heyratı" zərbi-muğamı səsləndirilib və proqram alqışlarla yekunlaşıb.
Milli.Az





