Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Novruz bayramı münasibətilə "Novruz Festivalı" keçiriləcək. Festival çərçivəsində tamaşaçılar üçün müxtəlif konsert proqramları, eləcə də sərgi və yarmarka təşkil olunacaq.
Festivalın ilk tədbiri 17 mart 2026-cı il saat 19:00-da baş tutacaq. Həmin gün Filarmoniyanın istedadlı solistlərinin iştirakı ilə konsert proqramı təqdim ediləcək. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək. Gənc ifaçıların təqdimatında tamaşaçılar unudulmaz musiqi axşamı yaşayacaqlar.
Festival proqramı 18 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblının solo konserti ilə davam edəcək. Konsertdə ansamblın illər ərzində formalaşmış repertuarından seçilmiş əsərlər səsləndiriləcək. Tamaşaçılara milli musiqimizin zənginliyi və xalq çalğı alətlərinin ecazkar sədaları təqdim olunacaq.
Festival günlərində qonaqlar üçün sərgi və yarmarka da təşkil ediləcək.
"Novruz Festivalı" musiqi, milli ənənələr və bayram əhval-ruhiyyəsini bir araya gətirərək tamaşaçılara unudulmaz anlar yaşatmağı vəd edir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





