Dəyişən beynəlxalq mühit şəraitində ABŞ ilə Azərbaycan arasında tərəfdaşlığın daha da güclənməsi üçün imkanlar mövcuddur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov Palatanın 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət Konfransı zamanı deyib.
Baxışov qeyd edib ki, otuz il ərzində Palata iki ölkə, iki iqtisadiyyat və iki biznes icması arasında körpü rolunu oynayıb.
"Bu gün biz yalnız keçmiş nailiyyətləri qeyd etmirik, eyni zamanda birgə irəliləyişimizi qiymətləndirmək və birlikdə qurduğumuz gələcəyə nəzər salmaq imkanı əldə edirik. Yarandığı gündən etibarən ABŞ-Azərbaycan Ticarət Palatası ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, ticarətin, investisiyaların və strateji tərəfdaşlığın inkişafına həsr olunub. Son 30 ildə Palata dövlət liderləri arasında dialoqun qurulmasında, bizneslərin əlaqələndirilməsində və ideyaların, tərəfdaşlıqların və investisiyaların inkişaf edə biləcəyi platformaların yaradılmasında mühüm rol oynayıb", - deyə o bildirib.
USACC-in icraçı direktoru vurğulayıb ki, yüksək səviyyəli forumlar, ticarət missiyaları, siyasət dialoqları və biznes dairələri vasitəsilə Palata hər iki ölkənin liderlərini imkanları araşdırmaq və meydana gələn çağırışları çözmək üçün bir araya gətirib.
"Biz Amerika şirkətlərinin inkişaf edən Azərbaycan bazarına çıxışını dəstəkləmiş və Azərbaycan tərəfdaşlarına ABŞ-də mühüm əlaqələr qurmaqda kömək etmişik. Palata həmçinin ölkələrimiz arasında iqtisadi münasibətlərin ən transformativ mərhələlərindən bəzilərinə töhfə verməsi ilə fəxr edir. Azərbaycanın enerji sektorunun ilkin inkişaf mərhələsindən və iri beynəlxalq infrastruktur layihələrindən tutmuş maliyyə, texnologiya və xidmət sahələrində əməkdaşlığın genişlənməsinə qədər Palata daim etibarlı əməkdaşlıq platforması kimi çıxış edib.
Son illərdə fəaliyyətimiz daha da genişlənib. Biz iqtisadi əməkdaşlığın şaxələndirilməsinə, bərpa olunan enerji, rəqəmsal innovasiyalar, infrastruktur, logistika, kənd təsərrüfatı, maliyyə və yüksək texnologiyalar sahələrində tərəfdaşlıqların dəstəklənməsinə diqqət yetirmişik", - deyə o əlavə edib.
Baxışov qeyd edib ki, gələcəkdə Palata bir neçə əsas prioritet istiqamətə fokuslanmağa davam edəcək.
"Birincisi, ABŞ və Azərbaycan şirkətləri arasında əməkdaşlıq və innovasiya üçün əlavə platformalar yaradaraq ticarət və investisiya imkanlarının genişləndirilməsi. İkincisi, bərpa olunan enerji də daxil olmaqla enerji keçidinin dəstəklənməsi, davamlı maliyyələşdirmənin və iqlim yönümlü investisiya təşəbbüslərinin inkişafı. Üçüncüsü isə texnologiya və innovasiya sahəsində tərəfdaşlığın gücləndirilməsidir ki, hər iki ölkə gələcəyi müəyyən edəcək sahələrlə sıx bağlı qalsın.
ABŞ-Azərbaycan Ticarət Palatası tərəfdaşlıq, istedad və imkanlar üçün katalizator rolunu oynamaqda davam edəcək, ölkələrimiz arasında iqtisadi münasibətlərin növbəti onilliklərdə də artımını, inkişafını və uğurunu təmin edəcək",- deyə o bildirib.
Baxışov qeyd edib ki, gələcəkdə Palata bir neçə əsas prioritet istiqamətə fokuslanmağa davam edəcək.
Milli.Az





