Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Milli.Az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi" və "Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası" təsdiq edilib.
Qeyd edilib ki, ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər üzrə 189.751.707,0 (bir yüz səksən doqquz milyon yeddi yüz əlli bir min yeddi yüz yeddi) manat həcmində qalıq aktivlər Sahibkarlığın İnkişaf Fondunun nizamnamə fondundan silinsin və tələb hüququ həmin müvəkkil kredit təşkilatlarının aktivlərinə transfer edilir.
Nazirlər Kabineti sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi, eləcə də investisiya qoyuluşunun həyata keçirilməsi qaydasını 4 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, iqtisadiyyatın tələblərini nəzərə almaqla, digər maliyyələşmə mexanizmlərinin tətbiqi imkanlarını öyrənməli və nəticəsindən asılı olaraq təkliflərini Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Fondun strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Milli.Az