Siyasət

1 sutkadan belə az... - Azərbaycan istədiyinə nail oldu

20 Sentyabr 2023 14:33
Baxış: 4 205

Bir müddət öncə Azərbaycanın humanitar yardımlarını qəbul etməyəcəklərini, Azərbaycan məhsulu gələcəyi halda onu yandıracaqlarını, Azərbaycan çörəyini yeməyəcəklərini bəyan edən, Yevlaxa danışığa gəlməkdən imtina edən separatçılar indi təslim olublar.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb ki, sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək", - açıqlamada qeyd olunub.

Separatçılar təslim olduğu üçün Müdafiə Nazirliyi lokal xarakterli antiterror tədbirlərinin dayandırıldığını bildirib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

"Qarabağda antiterror tədbirlərinə başlanıldı" xəbəri ilə "Separatçılar təslim oldu" xəbəri arasında vaxt fərqi heç tam 24 saat deyil. Azərbaycan 1 sutkadan az vaxt ərzində istədiyinə nail oldu.

Nəticə etibarilə "Boz zona" aradan qaldırılır, Azərbaycan artıq bütün ərazilərinə nəzarət edəcək. Uğurlu siyasətin, mükəmməl planın nəticəsində Azərbaycan qələbə qazandı, istədiyinə nail oldu. Bu yolda həlak olan hərbçilərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.