Siyasət

Sonuncu İran şahının oğlu ABŞ və Qərb ölkələrinə müraciət edib

3 Oktyabr 2022 18:06
Baxış: 1 558

İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ABŞ və Qərb ölkələrini İranda tətil edən fəhlələrin ailələrini dəstəkləmək məqsədilə fond yaratmağa çağırıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.

Rza Pəhləvi ABŞ və digər Qərb ölkələrindən İran xalqını təkcə mənəvi cəhətdən dəstəkləməklə kifayətlənməməyi xahiş edib. Onun sözlərinə görə, Qərb İran fəhlələrinin indiki etiraz aksiyalarını nəzərə alaraq onların ailələrinə yardım üçün tətil fondu yarada bilər.

Rza Pəhləvi İran hərbi-polis qüvvələrinin Tehranda Şərif adına Texnologiya Universitetinə silahlı hücumu ilə bağlı ABŞ Prezidenti Cozef Baydenə müraciət edərək yazıb: "Cənab Bayden, Siz indiyədək bizim insanlara yardım etməmisiniz".

O, İran hakimiyyətinə qarşı sanksiyaların sərtləşdirilməsinə çağıraraq yazıb ki, rəsmi Vaşinqton heç olmazsa insanların üzərinə atılan güllələrin alınmasının maliyyələşdirilməsinə imkan verməsin.

Rza Pəhləvi əlavə olaraq bildirib ki, İslam Respublikası Şərif Universiteti tələbələrini güllələdiyi bir vaxtda ABŞ İran hakimiyyətinə milyardlarla dollar göndərməyi planlaşdırır.

Qeyd edək ki, İranda hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozduğuna görə Məhsa Əmininin qətlə yetirilməsinə qarşı etiraz aksiyaları davam edir.

Xatırladaq ki, İranın "Nournews" mətbu orqanı ABŞ sanksiyalarına görə İranın dünya banklarındakı dondurulan hesablarının açılacağı barədə xəbər yayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.