AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva martın 31-də İçərişəhərlə tanış olmuşlar.
AzərTAc xəbər verir ki, əvvəlcə ali qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının muzey konservasiyası işlərinə başlanılmışdır.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da Qırğızıstan Prezidentinin böyük marağına səbəb olmuşdur.
Elektromobillə gəzinti zamanı ali qonağa və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Almazbek Atambayev və xanımı təndir çörəyinə qonaq edilmişlər.
Sonra qonaq tanınmış rəssam Əli Şəmsinin emalatxanasında olmuş və onun çəkdiyi rəsmlərə baxmışdır. Rəssam ali qonağa xatirə hədiyyəsi təqdim etmişdir.
Gəzinti zamanı Qırğız Respublikasının Prezidenti ortа əsr Şərq mеmаrlığının şаh əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günə qədər öz tarixi-memarlıq əhəmiyyətini sахlаmаqdаdır.
Ali qonaq tanınmış kinorejissor Leonid Qaydayın ekranlaşdırdığı "Brilyant əl" kinokomediyasının ən maraqlı epizodlarının ekranlaşdırıldığı İçərişəhərdəki küçədə xatirə şəkli çəkdirmişdir.
İçərişəhərlə tanışlıq zamanı Almazbek Atambayev Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Bakı, mən səni sevirəm" kinolayihəsinin prodüserlərindən biri, Rusiyanın məşhur kinorejissoru Yeqor Konçalovski ilə görüşmüşdür.
Ali qonağa məlumat verilmişdir ki, "Bakı, mən səni sevirəm" kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidi ilə tanışlıq da böyük maraq doğurmuşdur.
Daha sonra Almazbek Atambayev Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda çay süfrəsinə qonaq edilmişdir.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim olunmuşdur.
---------
12:50
Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva martın 31-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşlar.
AzərTAc xəbər verir ki, əvvəlcə Qırğızıstanın dövlət başçısına və xanımına Prezident İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair verdiyi tapşırıqlar əsasında bu ərazidə həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verildi. Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Diqqətə çatdırıldı ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.
Məlumat verildi ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmışdır. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
Qeyd edildi ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.
Qırğızıstanın dövlət başçısı və xanımı Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış oldular.
Bildirildi ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.
Qırğızıstan Prezidenti Almazbek Atambayevə xatirə hədiyyələri təqdim olundu.
Ali qonaq Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrıldı.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
---------
18:12
Qırğızıstan Prezidenti Bakıda İçərişəhərlə tanış olub

---------
13:22
Qırğızıstan Prezidenti Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olub